hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Şimaldan gələn təhlükə və “5-ci kolon”un yaratdığı risklər: “Siyasi açılım sürətləndirilməlidir” - Politoloq

Şimaldan gələn təhlükə və “5-ci kolon”un yaratdığı risklər: “Siyasi açılım sürətləndirilməlidir” - Politoloq

“Ölkəmiz ətrafında siyasi-hərbi nizam ciddi dəyişir və bunun Azərbaycana təsirləri qaçılmazdı. Azərbaycana qarşı xarici təhdidlər bundan sonra daha da genişlənəcək. Xüsusilə Rusiya və İran tərəfindən bu təhdidlərin olması istisna deyil. Hər iki ölkə məhz Ermənistan vasitəsilə ölkəmizə qarşı təxribatlar həyata keçirəcəklər”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, bir neçə ildir ki, Qərbin aparıcı şirkətlərinin ölkəmizdə olması ilə əlaqədar həmin dövlətlər Azərbaycana müəyyən qədər siyasi dəstək veriblər:

“Dünya nizamının sürətlə dəyişməsi, neft qiymətlərinin kəskin ucuzlaşması, Azərbaycan neftinin tükənməkdə olması, İngiltərə və digər aparıcı şirkət sahibləri olan ölkələrin Azərbaycana marağını azaldır. Nəzərə alaq ki, Qərbin böyük şirkətləri BP, TOTAL və digər siyasi-iqtisadi əhəmiyyətli şirkətlərin Azərbaycandan getməsi, Rusiyanın regionumuza diqqəti daha da artmaqdadır. Əvvəlki illərdən fərqli olaraq Rusiyanın ölkəmizə qarşı təzyiqləri və Ermənistan vasitəsilə təhdidləri yeni mərhələyə keçib. Rusiyanın pərdəarxası təhdidləri elə bir səviyyə gəlib ki, rəsmi Bakı Türkiyə ordusunun Azərbaycana dəvət etməsi ilə nəticələndi. Bu problemlər fonunda Azərbaycan prezidenti birbaşa Putinə açıq şəkildə narazılığını bildirdi. Təkcə burada Ermənistana silah daşınması məsələsi narazılığa səbəb olmadı. Bəllidir ki, Rusiya Ermənistanı daima silahlandırır”.

Politoloq hesab edir ki, Rusiya müdafiə nazirinin Azərbaycana gəlişi heç də xoşməramlı bir səfər deyildi:

“Moskva konkret şəkildə Azərbaycana qarşı açıq təhdidlərlə oynayır. Ermənistanı silahlandıraraq yeni müharibəyə sürükləyir. Göründüyü kimi, Qərb ölkələrinin Azərbaycana diqqətinin azalması, aparıcı şirkətlərin ölkəmizdən getməsi Rusiyanı hərəkətə gətirir. Bundan əlavə, daxili siyasətdə ciddi problemlər var. Yeni sistem qurulur, köhnə qvardiya hakimiyyətdən uzaqlaşdırılır. Ölkə daxilində "5-ci kolon”un aktiv olması, bu qrupun neçə ildir ki, iqtidarın yuxarı eşalonunda təmsil edilməsi, milli sərvətləri talaması, artıq ölkəni kifayət qədər ciddi təhdidlərlə üz-üzə qoyub”.

Politoloq qeyd edib ki, hazırda dövlət başçısı İlham Əliyevin bu qrupu zərərsizləşdirməsi, hakimiyyətdən uzaqlaşdırması yeni bir siyasi mərhələyə keçidi özündə ehtiva edir:

"Proseslər o qədər ciddidir ki, xarici təhlükə ilə daxili təhlükə sinxron rol ala bilər. Ona görə də belə bir təhlükənin qarşısını almaq üçün dövlət başçısının siyasi partiyalarla açılım siyasəti, dialoq və görüşlərin keçirilməsi, vətəndaş cəmiyyəti ilə sıx münasibətlərı artıq zəruri olmalıdır. Ölkədə siyasi kursun demokratik əsaslarla təmini, xalqın sosial müdafisənin möhkəmləndirilməsi ölkədə xalq və dövlət birliyinə nail olunması, ölkəmizin milli təhlükəsizliyinin möhkəmlənməsinə gətirə bilər. Qısa müddətdə bu siyasətin reallaşması mütləqdi. Daxili siyasətdə möhkəmlənməklə, ölkənin siyasi kursunu avrointeqrasiya istiqamətində aparmaqla, Türkiyə ilə birgə siyasi-hərbi koordinasiyalı hərəkət etməklə Rusiya və digər ölkələrdən gələn təhlükələri neytrallaşdırmaq olar. Bununla da Qarabağ məsələsində təşəbbüsü ələ almaq olar”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5963