hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Sədrlər partiyaların yay planını açıqladı: İstirahət, yoxsa siyasət?  - “Nə həvəs, nə də imkan”

Sədrlər partiyaların yay planını açıqladı: İstirahət, yoxsa siyasət?  - “Nə həvəs, nə də imkan”

Adətən, yay aylarında siyasi düşərgədə pasivlik hökm sürür. 

Seçki olmazsa, siyasi partiyalar aktiv fəaliyyət göstərmirlər. Maraqlıdır, bu yay necə olacaq? Partiya sədrləri yay istirahəti üçün hansısa plan qurublarmı? Siyasi liderlər istirahətə, yoxsa işləməyə üstünlük verəcək?

“Nə həvəs var, nə də imkan”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev “Cümhuriyət” qəzetinə şərhində istirahət üçün həvəs və imkanın olmadığını deyib:

“Hələ ki, heç bir plan qurmamışam. Açığını desəm, plan qurmağa nə həvəs var, nə də imkan. Hər addımda bir yük, ağırlıq və narahatlıq hiss edirəm. Sanki  bütün dünyanın yükü, ağırlığı çiynimə hopub. Səbəbləri isə hər gün yazır, hər gün deyirik. Allah  hər kəsə istirahət üçün plan qurmaq nəsib etsin”.

“Yayda ciddi rejimlə işləyəcəyik”

Ümid Partiyasının sədri İqbal Ağazadə isə yay aylarında da ciddi rejimlə işləyəcəklərini deyib. İ.Ağazadə partiyasının bələdiyyə seçkilərinə və qurultayına hazırlaşdığını bildirib:

“İstirahət üçün vaxtımız yoxdur. Qarşıdan bələdiyyə seçkiləri gəlir, ona hazırlaşırıq. Qurultayımızı keçirə bilməmişik. Çünki bizə yer verməyiblər. Ona görə də bu yay bizə istirahət yoxdur, işləyəcəyik”.

“Yazı-pozu ilə məşğulam”

Vətəndaş və Həmrəylik Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı isə hələlik istirahət haqqında düşünmədiyini deyib:  

“Çünki işlərim çoxdur. Yazı-pozu işləri ilə məşğul oluram. İmkan olanda, elə Bakıda da istirahət etmək mümkündür. Hələlik isə heç bir planım yoxdur”.

“İşləri davam etdirəcəyəm”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da yay boyu işləyən siyasi liderlər sırasındadır:

“Hansısa xüsusi planım yoxdur. Adəti üzrə, öz işlərimi davam etdirəcəm. İstirahətlə bağlı da planım yoxdur”.

“Xüsusi səyahət planım yoxdur”

Ağ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, imkan olarsa, 10-15 günlük doğma rayonuna səyahət edəcək. T.Abbaslı qalan müddətdə siyasi proseslərlə məşğul olacağını deyib: 

“Bu yayı da yəqin ki, hər dəfə olduğu kimi keçirəcəyik. 

Yəni bu yayın da böyük hissəsində siyasi fəaliyyətimi davam etdirəcəyəm. Əsasən, partiya quruculuğu və gündəlik ictimai-siyasi vəziyyətə uyğun fəaliyyətlə məşğul olacağam. Ola bilər ki, yayın 10-15 gününü doğma rayonum  Ağstafaya istirahətə  gedim.  

Təbii ki, bu da baş verəcək siyasi vəziyyətdən asılı olacaq. Bir sözlə, yay üçün heç bir xüsusi istirahət və ya səyahət  planım yoxdur. İnşallah, xalqımızın rifah vəziyyətini yüksəltməyə nail olarıq və biz də o zaman xalqımızla birlikdə istirahət barədə düşünərik. 

Hələlik isə nə xalqımız, nə də müxalifətimiz xüsusi planlar qura biləcək vəziyyətdə deyil”.

“Şimal bölgəsinə gedəcəyəm”

Azərbaycan Liberal Demokrat Partiyasının  (ALDP) sədri Fuad Əliyev isə yay boyunca müxtəlif rayonlara səfər edəcəyini deyib:

“Hər il olduğu kimi, bu il də yay istirahətimi Azərbaycanda keçirəcəyəm. Mənim üçün ən yaxşı istirahət etməli məkan öz ölkəmdir. Ölkənin şimal bölgəsinə gedəcəm. Ötən il Qusarda, Masallıda, Lənkəran və Lerikdə olduq. Bu il də fərqli məkanlarda istirahət edəcəm. Xeyri öz dövlətimizə, öz iş adamlarımıza verməliyik. Başqa ölkələrdə nə kimi istirahət yerləri varsa, hamısı bizdədir. 

Dəniz, dağ, səfalı yerlər, meşə, qayalıq, bulaq hamısı bizdədir. O zaman nədən gedib xarici ölkələrə vəsaitimizi xərcləyək? Düzdür, Azərbaycanda istirahət, əyləncə yerləri bahadır. Amma hansısa Avropa ölkəsinə təyyarə bileti pulunu da hesablasaq, elə burada istirahət etməyə xərclədiyimiz pula bərabərdir. Mən Avropanın istənilən ölkəsində istirahət edə bilərəm, hətta okeanın o tayındakı ölkələrə belə 10 günlük gedə bilərəm. 

Ancaq Azərbaycanın səfalı təbiətinin yerini heç bir ölkənin təbiəti verə bilməz”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 2487