hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Milyonlar büdcəyə qaytarılır

Milyonlar büdcəyə qaytarılır

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 341 milyon 638,5 min manat vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon 583,7 min manat və yaxud 14,6 faiz çoxdur. 

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 11 milyon 680,5 min manat və ya 15,07 faiz artaraq 89 milyon 138,3 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26 milyon 785,3 min manat və ya 13,3 faiz artaraq 228 milyon 733,8 min manat, aksizlər 4 milyon 638,1 min manat və ya 29,9 faiz artaraq 20 milyon 141,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,8 min manata və ya 15,2 faiz artaraq 3 milyon 625,3 min manat təşkil edib.

Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmaların həcminin artması idxal-ixrac əməliyyatlarının və ya gömrük rüsumlarının artması, yaxud da qara maliyyənin yığışdırılması hesabına baş verə bilər.

Maraqlıdır, artım bu üç səbəbdən hansının hesabına baş verib?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, daxilolmaların həcminin artmasının əsas səbəbi Gömrük Komitəsi tərəfindən əvvəllər qeydiyyata alınmayan bir sıra məhsulların qeydiyyata alınması ilə bağlıdır: 

“Əslində, 2018-ci ildə də gömrük yığımlarından daxilolmaların həcminin artmasını müşahidə etdik. Yenə də səbəb şəffaflığın gücləndirilməsi və məhsulların qeydiyyata alınması ilə bağlıdır. Məhsulların qeydiyyata alınması və əvvəllər qeydiyyatsız gətirilən məhsulların qeydiyyata alınaraq vergiyə cəlb edilməsi nəticə etibarilə dövlət büdcəsinə daha çox vəsaitin yığılmasına səbəb olur. Bu baxımdan birmənalı şəkildə əsas səbəb həmin məhsulların qeydiyyata alınması və xüsusən də gömrükdə gizli iqtisadiyyatın həcminin azaldılması ilə bağlıdır. Gömrükdə vergi sistemində şəffaflığın gücləndirilməsi indiki məqamda əsas prioritetdir və buna görə də qeyri-rəsmi iqtisadiyyata qarşı mübarizənin aparılması daha çox vəsaitin büdcəyə ödənilməsinə imkan verir. Nəticədə büdcə gəlirlərində artımlar müşahidə edilir. Güman edirəm ki, xüsusən də gömrükdə şəffaflığın gücləndirilməsi növbəti dövrlərdə də daha çox vəsaitin büdcəyə yığılacaq. Bu baxımdan şəffaflığın artırılması və genişləndirilməsi nəticə etibarilə dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradır”.

Ekspertin sözlərinə görə, praktik olaraq Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmində ciddi addımlar yoxdur:

“Əslində, idxal-ixrac əməliyyatlarının həcmi stabildir və buna görə də bu artımlar birbaşa gömrük sistemində şəffaflığın gücləndirilməsi ilə bağlıdır. Xüsusən də 2016-2017-ci illərlə müqayisədə ticarət dövriyyəsində artımlar var idi, amma bu artımlar büdcəyə kəskin artımların formalaşmasına səbəb olacaq dərəcədə deyildi. 2018-ci ilin yekunları da göstərdi ki, şəffaflığın artırılması nəticə etibarilə gömrük sistemindən daxilolmanın həcminə birbaşa təsir göstərir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 3697