hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Uşaq pulu” sosial müavinətə alternativ olacaq?

“Uşaq pulu” sosial müavinətə alternativ olacaq?

Daha 1068 vətəndaşın ünvanlı dövlət sosial yardımı dayandırılıb. 

Proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində aparılıb. Nazirlikdən verilən məlumata görə, ÜDSY almaq üçün bir qrup sahibkar vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verildiyi müəyyən edilib. 

Həmçinin müqavilə bağlanan vətəndaşların sosial sığorta vəsaitlərinin ödənilmədiyi də aydın olub. Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davam etdirilir və araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

Qeyd edək ki, ÜDSY aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə verilir. Aztəminatlı ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı və həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə lazımdı. Bundan sonra kompüter və ya mobil telefonlardan istifadə edərək elektron qaydada müraciət etmək mümkündür.

Məlumat üçün bildirək ki, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur və ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir. Ümumiyyətlə, bir müddət əvvəl nazirlik tərəfindən aztəminatlı ailələrin, eləcə də əmək qabiliyyətli əlillərin ailə biznesinin dəstəklənməsi məqsədilə özünüməşğulluq proqramları icra olunurdu. Özünüməşğulluq proqramının əsas tərkib hissələrindən biri ünvanlı sosial yardımın mərhələli şəkildə dəyişdirilməsi və birbaşa iş yerlərinin yaradılmasına hesablanıb. Doğrudur, bu, ünvanlı sosial yardımın dayandırılması anlamına gəlmir. Proqram imkan verir ki, büdcədən asılılıq aradan qaldırılsın, vətəndaş büdcə vəsaiti hesabına özünə iş qura bilsin. Nəticədə həm sahibkarların sayı artır, həm də ünvanlı sosial yardım alan, yoxsulluq həddində yaşayan vətəndaşların sahibkara çevrilməsinə şərait yaranır. Proqram çərçivəsində paytaxt Bakıda və ətraf rayonlarda işsiz və işaxtaran şəxslərin biznes-planlarına uyğun olaraq iri və xırda buynuzlu mal-qara, həmçinin mal və materiallar təqdim edilirdi. Sosial müdafiəyə ehtiyacı olan şəxslərə iri və xırda buynuzlu mal-qaranın verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. İddia edilirdi ki, proqram çərçivəsində kəndlilərə verilən mal-heyvanlar xəstə, qoca, südsüz inəklər, qoca qoyunlardır. Ona görə də əksəriyyəti nazirliyin verdiyi heyvanlardan imtina etməyə başladılar. Yəni bu layihənin də nəticəsi uğurlu olmadı. Bu gün layihəyə qoşulan kəndlilər aldıqları mal-qaranı satıblar, nəticədə yenə də işsizdirlər, yenə də asılıdırlar. Mütəxəssislər hesab edir ki, nazirlik aztəminatlı şəxslərə inək verməkdənsə, yeni iş yerləri yaratmaqla onları işlə təmin etsə, daha məqsədəuyğun olardı.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, son iki həftədə 1000-dən yuxarı vətəndaş ünvanlı sosial yardımdan məhrum edilib:

“Əsası da ondan ibarətdir ki, həmin şəxslər saxta yolla sosial yardım alıblar. Ümumiyyətlə, biz ünvanlı dövlət sosial yardımın (ÜDSY) azaldılmasını adminstrativ formada həyata keçirməyə çalışırıq. Bu yardımın təyin edilməsində ciddi şəkildə çətinliklər var. Heç bir Azərbaycan vətəndaşı evində oturub elektron müraciət etməklə ünvanlı sosial yardım ala bilmir. Azərbaycanda sosial yardım almaq üçün nəzərdə tutulan şərtlərə uyğun gələn vətəndaşlar tapmaq çətindir. Yəni bu şərtlərə uyğun gələn “dilənçi” olmalıdır. Rəsmi qaydada müraciət edənlərə əsassız şəkildə yardım ayırmaqdan imtina edirlər. Əgər doğrudan da, aztəminatlı ailələrə ÜDSY çatmasını istəyiriksə, ilk növbədə şəffaflıq təmin olunmalıdır. Bundan əlavə, sosial yardıma uyğun gəlməyən şəxslərin ora düşmək imkanı olmamalıdır. Bu kateqoriyaya uyğun gələn əhali asanlıqla sosial yardım almalıdır. Bu layihənin hədəfi əhalinin kasıb təbəqəsinə dəstəkdir. Digər tərəfdən ƏƏSMN-nin həyata keçirdiyi özünüməşğulluq proqramı qaydalara uyğun aparılmır. Yəni özünüməşğulluq əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçündür, yalnız kasıb əhalini dəstəkləmək üçün deyil. Bu proqramdan o kateqoriya yararlanmalıdır ki, həmin vətəndaşın iş qabiliyyəti var, amma kasıbdır və iş yeri yoxdur. Görünür ƏƏSMN-nin əməkdaşları ya bilərək, ya da bilməyərəkdən öz hədəf qrupunu seçə bilməyib. Əgər nazirlik öz hədəf qrupun seçə bilsəydi, onun verdiyi materiallar hesabına kiçik biznes qurulub inkişaf etdirilməli idi”.

Ekspert hesab edir ki, “uşaq pulu” ailələrin sosial vəziyyətindən asılı olmayaraq hər kəsə verlməlidir: 

“Hər bir uşağa dövlət tərəfindən gənc nəslin yetişdirilməsi, genefondumuzun sağlamlaşdırılması üçün bir dəstək proqramı olaraq verilməlidir. Hər üç proqramı reallaşdırmaq üçün Azərbaycanın geniş imkanları var. “Uşaq pulu” verməklə ailələr ünvanlı sosial yardım kateqoriyasından çıxarılmamalıdır. Əksinə, özünüməşğulluq proqramı vasitəsilə əhalini ünvanlı sosial yardım kateqoriyasından çıxarmağa çalışmalıyıq. Sözsüz ki, “uşaq pulu” verilən zaman ailənin gəlirləri artacaq, müəyyən bir hissə ünvanlı sosial yardım kateqoriyasından çıxacaq. Bu, dövlətin mənəvi borcudur. Bütün dünyada bu var, yalnız çox kasıb ölkələr “uşaq pulu” vermir. Doğrudur, cəmiyyətdə müxtəlif arqumentlər var, əhali artır, varlılara “uşaq pulu” verilsin, kasıblara yox və sair. Hesab edirəm ki, qeyd-şərtsiz, digər hədəfləri nəzərə almadan Azərbaycanda ən azı 14 yaşına qədər uşaqlara layiqli şəkildə “uşaq pulu” verilməlidir”.

Ünvanlı sosial yardım müddətli yardımdır. Yəni müvəqqəti xarakterlidir.

Yaxşı olmazmı ki, uzunmüddətli layihələrlə yeni iş yerləri yaradılsın və işsiz, yardıma ehtiyacı olan aztəminatlı ailələr bundan yararlansın?

Akif Nəsirli vurğulayıb ki, bütün dünya praktikasında ünvanlı sosial yardım müvəqqəti xarakter daşıyır: 

“Yəni nəzəri baxımdan hədəfləmir ki, ünvanlı sosial yardım alan ailələr daimi olaraq bu yardımı alacaq. Ünvanlı sosial yardımın verilməsində müddət qoyulmalıdır. Düşünülür ki, əhali daimi olaraq kasıb qalmayacaq. Əhalinin sosial vəziyyətini yaxşılaşdırılmasını hədəfləyən layihələr dəstəklənməlidir ki, onlar kasıblıq həddindən çıxsınlar. Tutaq ki, özünüməşğulluq kimi layihələrlə iş yerlərinin sayı artırılmalıdır. Dövlət bu layihələrin genişləndirmək məqsədilə bu işə biznesin də qoşulması üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Azərbaycanda icra olunan layihələr Şərqi və Qərbi Avropada ciddi uğurlar qazanır. Azərbaycanda problemin kökündə qeyri-şəffaf mühit, hədəfin düzgün seçilməməsi, korrupsiya və rüşvətxorluq hallarının olması durur. Buna görə də bu layihələrin icrasının müsbət nəticəsi olmur”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2597