t Qızdırma, boğaz ağrısı, halsızlıq: Azərbaycanda hansı xəstəlik yayılıb?- “Adını deyə bilmirik” - BAŞ İNFEKSİONİST
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Qızdırma, boğaz ağrısı, halsızlıq: Azərbaycanda hansı xəstəlik yayılıb?- “Adını deyə bilmirik” - BAŞ İNFEKSİONİST

Qızdırma, boğaz ağrısı, halsızlıq: Azərbaycanda hansı xəstəlik yayılıb?- “Adını deyə bilmirik” - BAŞ İNFEKSİONİST

İki aya yaxındır ki, Azərbaycanda xəstəlik törədən virus geniş yayılıb. 

Çox hallarda ağırlaşma və təkrar qayıdışla müşahidə olunan virus mənşəli xəstəlik əhali arasında narahatlığa səbəb olub. Əsasən yüksək hərarət, boğaz, baş, bel ağrıları ilə müşayiət olunan, daha sonra ishal və ürəkbulanma yaradan, sağalma prosesi uzunçəkən xəstəlik hökm sürür. Qeyd olunan əlamətlərlə müşayiət olunan xəstəlik daha çox azyaşlılar arasında ciddi ağırlaşmalar yaradır. Bölgələrdə isə bu virusun daha geniş yayıldığı bildirilir. Qeyd edək ki, Şəkidə soyuqdəymədən ölüm hadisəsi baş verib.  

İnçə kəndinin 1993-cü il təvəllüdlü sakini İsayeva Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İki uşaq anası qızdırmadan dünyasını dəyişib. Rəsmi qurumlar ölkədə müşahidə olunan bu halların hansı xəstəliyin göstəricisi olduğunu açıqlamır. Amma tibb ekspertləri bu göstəricilərin hansısa ciddi epidemiya göstəricisi olduğunu istisna etmirlər. 

Respublikanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında hazırda ölkəmizdə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyətin olmadığını bildirib. 

Onun sözlərinə görə, sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb:

“Bir müddət əvvəl gərginlik var idi. Artıq xəstələnmə hallarının sayı azalıb. Təbii ki, yenə də bu xəstəliyə tutulma halları var. Bunun adını deyə bilmərik. Çünki 200-dən artıq virus növü var ki, kəskin respirator əlamətləri törədir. Onlardan biri də koronavirusdur ki, Çində yayılıb. Azərbaycanda yayılanlar, təsadüf olunanlar yüngül gedişlidir. Hamısına biz ad qoya bilmərik. Buna “qrip” demək üçün gərək təsdiq olunsun. Sadəcə, kəskin respirator viruslardır. Bu, təkcə viruslar deyil, həm də bakteriyalar, mikroplazmalar da ola bilər. Ona görə də birində boğaz ağrısı, digərində birbaşa zökəm və bu şəkildə müxtəlif  xarakterli əlamətlər müşahidə olunur”. 

Baş infeksionist Şəkidəki ölüm hadisəsinə də münasibət bildirib. O, soyuqdəymədən ölüm halının baş vermədiyini bildirib: 

“Soyuqdəymədən insan ölmür. Yəqin ki, qadın kəskin respirator virusa tutulub və yanaşı olaraq da hansısa xəstəlik daşıyıcısı olub. O da ağırlaşmaya səbəb olub və ölüm baş verib. İndi insanlar bu xəstəliyə bir qədər barmaqarası baxır. İstənilən xəstəlik ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də xəstələrimizə hər zaman tövsiyə edirik ki, yüngün formada soyuqdəyməyə tutulublarsa, ev şəraitində və yataq rejimində, ağır formada isə mütləq xəstəxanada müalicə olunmalıdırlar. Belə insanların ağırlaşma ehtimalı olarsa, həkim nəzarəti altında müalicə olunaraq qarşısı alınacaq. Azərbaycanda isə insanlar xəstə-xəstə işləri ilə məşğul ourlar. Ağırlaşanda isə kömək etmək mümkün olmur”. 

Qeyd edək ki, Gürcüstanda hazırda “B” tipli qrip virusu daha geniş yayılıb. İki nəfərin “donuz qripi” adlandırılan H1N1 virusundan ölməsi laborator şəraitdə təsdiq olunub. İranda payızdan bəri "donuz qripi" kimi tanınan A H1N1 virusu nəticəsində həlak olanların sayı 114 nəfərə çatıb. Bunu İranın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin qarşısının alınması mərkəzinin direktoru Hüseyn İrfani deyib. Həmçinin qonşu Türkiyədə də bu qrip virusuna yoluxanların olduğu bildirilir. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 3235