hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Siyasi şərhçi: “Ceyhun Bayramovun nazir olduğu dövrdə rus məktəblərinin sayı artıb”

Siyasi şərhçi: “Ceyhun Bayramovun nazir olduğu dövrdə rus məktəblərinin sayı artıb”

“Azərbaycanda rus dilində tədris aparan ümumtəhsil məktəblərinin sayı günbəgün artır. Ən azı Ceyhun Bayramovun nazir olduğu dönəmdə ölkədə rus dilində tədris aparan ümumtəhsil müəssisələrinin sayı 350-400-ə qədər artıb. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, onun Slavyan İnstututu var”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında siyasi şərhçi Elşən Manafov postsovet ölkələrində rus dilində tədrisdən imtina edilməsindən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbayacan uzun müddət rus imperiyasının tərkibində olub. XX əsrin əvvəllərində qısa zaman kəsiyində öz müstəqilliyini qazansa da, sovetləşmə illərində yenə də rus dili Azərbaycanda əsas dillərindən biri olub:

“Hərçənd mövcud konstitusiyaya görə, Azərbaycan dili dövlət dili olaraq təsdiqlənib. Bununla belə, Azərbaycanda rus dilinin məhz dövlət dili səviyyəsində işlənməsi faktdır və bu, onu göstərir ki, Moskva dövlətlərə təsir imkanlarını itirmək istəmir. Azərbaycan özü Şərq, müsəlman ölkəsidir. Sual oluna bilər ki, niyə Azərbaycanda rus dili ilə müqayisədə Şərq ölkələrinin dilinə - fars və ərəb dilinin tədrisinə böyük önəm verilmir?

Azərbaycanın geopolitik baxımından slavyan ölkələri ilə heç bir sərhədi yoxdur və slavyan dünyasında baş verən hadisələrə də ölkəmizin nə ciddi təsir imkanları var, nə də onların dillərinə, yaxud o ölkələrin siyasətini, iqtisadiyyatını izləyə bilən mütəxəssislərə ciddi ehtiyac yaranır. Bu gün Ermənistanla düşmən vəziyyətdə olduğumuz bir şəraitdə erməni dilinin öyrənilməsinə xüsusi ehtiyac var. Çünki bu dildə danışan tərcüməçilərin, kəşfiyyatçıların sayının artması Azərbaycanın dövlət və təhlükəsizlik maraqları baxımından daha məqsədəuyğundur, nəinki slavyan dillərinin öyrənilməsi...”

Politoloq əlavə edib ki, bu məsələ də vaxtı çatanda Azərbaycanda həllini tapacaq:

“Bütün hallarda bu və ya digər dillərin tədrisi həmin ölkələrdə vətəndaşların dünyagörüşünün artmasına rəvac verən amillər sırasındadır. Onu da qeyd edim ki, Azərbaycanda ali məktəblərin uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, ayrı-ayrı sahələrə (tibb, inşaat və hərbi) aid sanballı və dilimizə tərcümə olunmuş, yerli mütəxəssislərimiz tərəfindən yazılmış dərsliklər yoxdur. Bu baxımdan, indi də rus dilində yazılmış dərsliklərə ciddi ehtiyac var. Təbii ki, bu istiqamətdə də işləmək və mövcud problemlərin həlli üçün qərar qəbul etmək lazım gələcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1387