hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Smartfonlara “yox” deyək, yoxsa casusdan yayınaq?

Smartfonlara “yox” deyək, yoxsa casusdan yayınaq?

Son günlərin müzakirə mövzusu olan “Pegasus” proqramı ilə bağlı baş verənlərdən sonra sosial mediada jurnalistlər, ictimai-siyasi fəallar, hətta dövlət məmurlarının bu casus proqramından necə yayınmaları ilə bağlı müzakirələr aparılır.

Bəziləri artıq smartfonlardan imtinanı düşünür. “Təcrübə və İT təhlükəsizliklə bağlı hesabatlar göstərir ki, 99% halda izləmə üçün şərait telefon istifadəçisinin özü tərəfindən yaradılır”.

Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, smartfon istifadəçisi hansısa mobil tətbiq yükləmələri zamanı soruşulan tənzimləmələrdə ( mikrofon , kameradan istifadə, telefon kitabçasına, məkana daxil olmağa icazə və s. ) özü imkan yaradır ki, mövcud proqramlar telefonda bunlardan istifadə etsin: “Proqram isə müxtəkif linklər, mesajlar, e-maillər vasitəsilə sistemə daxil ola bilir”.

“Pegasus” varsa nə etməli? Osman Gündüz qeyd edib ki, ümumiyyətlə, “Pegasus” u telefonda aşkarlamağın elə də asan olmadığı bildirilir: “Bunun üçün telefondakı proqramların ciddi surətdə yoxlanılması tələb olunur. Telefonunda bu tipli casus proqramının olmasından şübhələnənlər üçün telefonda hər şeyi sıfırlayaraq yenidən təhlükəsizlik qaydalarına əməl etməklə yükləmək tövsiyə olunur”. Heç nədən “Pegasus” telefona müdaxilə edə bilirmi? Ekspertin sözlərinə görə, yalnız 1% halda istifadəçidən kənar telefona müdaxilələr mümkündür: “ “Zero-click” hücum adlanan bu üsulla “Pegasus” əvvəllər “WhatsApp” a, “iMessage” ə müdaxilə etmişdi. Yəni, ola bilər ki , telefonlardakı “İOS”, “Android” əməliyyat sistemlərində “Feysbuk”, “ WhatsApp” və s. bu tip proqramlarda bəlli bir anda hətta onun sahibinə müəyyən olmayan qüsurlar olur. Bu qüsurlar da məşhur hakerlərə, “Pegasus” kimi casus sahiblərinə məlumdur və yalnız onlar müdaxilə edərək istədikləri kodları yerləşdirə bilirlər”. Osman Gündüz yazıb ki, bu tip hallar adətən tez üzə çıxır və proqramın aid olduğu şirkətlər dərhal bununla bağlı açıqlamalar verirlər: “Belə olan halda isə istifadəçinin həmin proqramları silərək yenidən yükləməsi tövsiyə olunur”.

Ekspert əlavə edib ki, mövcud problemin həlli üçün smartfonlardan istifadəyə “yox” demək mövcud hallar içərisində texnoloji inkişaf baxımından bəlkə də ən uğursuzudur: “Bir anlıq təsəvvür edək ki, ictimai-siyasi fəalların, siyasətçilər və dövlət məmurlarının, qərar qəbul edən və qərarlara təsir edən rəsmilərin telefonları düşmənimizin əlindədir və onları rahatca izləyirlər. Bunun fəsadlarını, ümumiyyətlə, təsəvvür etmək olmur”.

Osman Gündüz sonda deyib ki, müasir çağırışlara cavab olaraq hökumət təcili reaksiya verməli, öz vətəndaşlarının, ümumiyyətlə, bütün əhalinin, xüsusilə də maraq daxilində olanların rəqəmsal savadının inkişafına xüsusi diqqət yetirməlidir.

Şəbnəm Adil

Cebhe.info


Oxunma sayı: 1706