hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

SOCAR-da ixtisar narazılığı artırır: Hüquq müdafiəçisi ittiham edir, qurum rəsmisi cavablayır

SOCAR-da ixtisar narazılığı artırır: Hüquq müdafiəçisi ittiham edir, qurum rəsmisi cavablayır

Son günlər Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarların aparılması ilə bağlı xəbərlər yayılır.

Əslində SOCAR-da ixtisarların başlanacağı gözlənilən idi, çünki OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması ilə bağlı Azərbaycanın öz üzərinə götürdüyü öhdəlik bunu qaçılmaz edirdi.

Amma nədənsə, böyük işçi qüvvəsinə malik olan şirkətdə ixtisarlar daha çox fəhlə, çilingər, operator və bu kimi ixtisas sahiblərini əhatə etməyə başlayıb. İşdən çıxarılmalarla bağlı ən çox səsləndirilən səbəbin “imtahandan keçə bilməyib” olduğu deyilir.

Qeyd edək ki, bir neçə ay əvvəl SOCAR təmsilçiləri şirkətdə ixtisarların olmayacağını bildirirdilər.

Qeyd olunurdu ki, ixtisarların qarşısının alınması üçün şirkət hesabına kurslar təşkil olunub və bu kursların vasitəsi ilə işçilərin ixtisas dəyişməsi təmin olunur.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında bildirib ki, OPEC+ sazişi çərçivəsində əldə olunan razılığa əsasən, Azərbaycan may ayının 1-dən daha gündəlik 718 min barel deyil, 554 min barel neft hasil edəcək:

“Bununla bağlı BP məlumat verdi ki, 3000-ə qədər işçinin 400 nəfəri ixtisar olunacaq, amma bu ixtisarların ölkədə çalışan texniki işçilərə aidiyyəti olmayacaq. ARDNŞ-ə gəldikdə isə, “Azneft”in tərkibində 11 Neft-Qaz Çıxarma İdarəsi fəaliyyət göstəririr. Hasilatın aşağı salınması ilə əlaqədar şirkət 2000-ə qədər quyunu bağlamalı olacaq. Biz 5000 nəfərə qədər işçinin ixtisar olunacağını və bir sıra neft yataqlarının bağlana biləcəyini ehtimal edirdik. Şirkətdən bizi yalançılıqda ittiham etdilər”.

Mirvari Qəhrəmanlı bildirir ki, ARDNŞ-də işçilərin kütləvi ixtisarlarına başlanıb və bu, Əmək Məcəlləsinin tələblərinə zidd formada həyata keçirilir:

“Qanunvericilikdə işçilərdən imtahan götürülməsi nəzərdə tutulmayıb. İmtahanda çilingərə elə suallar verirlər ki, mən o mövzuları institutda keçmişəm. Bu imtahanlarda işçilərin necə stres keçirməyinin şahidi olduq. Hətta bir nəfərin həyəcandan ürəyinin partladığı və öldüyü də bildirilir. Bizim isə imtahan gedən otaqların qapısını açmağımıza imkan verilməyib. Əgər işçilər həmin suallara cavab verə bilirlərsə, onlar gedib mühəndis işləyərdilər, daha nəyə çilingər, operator işləyirlər ki... Necə olur ki, 40 ilin işçisi öz işinə aid olan sualı cavablandıra bilməsin? Qeyd edim ki, Həmkarlar Təşkilatının rəhbərliyi də ixtisarlarla bağlı bütün məsələlərə qol çəkib. Əlimizdə onların da qol çəkdiyi ARDNŞ-in bildirişi var”.

Hüquq müdafiəçisi hesab edir ki, ARDNŞ-də bu cür ixtisarlar baş verməməli idi:

“1999-cu ildə Natiq Əliyev şirkətin prezidenti olan zaman ARDNŞ ildə 8 milyon ton neft çıxarırdı. Natiq Əliyev işə qəbulu saxladı və daxili imkanlar hesabına yerləşməni təmin etdi. Rövnəq Abdullayev vəzifəyə gələndən o qədər bir-birini təkrarlayan iş yerləri açıb ki… Demək olar ki, kim xahiş edibsə, onun üçün bir şöbə açıb. ARDNŞ əməliyyat şirkətləri ilə birlikdə ildə 7 milyon ton neft çıxarır, amma 50 min işçisi var. O qədər rəhbər işçilər var ki… Bu qədər də vitse-prezident olar? Amma bu qədər fəhlə, çilingər işsiz qalır. Əgər vaxtında çoxsaylı ştat açılıb, öz qohum- əqrəbalarını yerləşdirməsəydilər, indi bu qədər neftçi bu günə düşməzdi”.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə Cebhe.info-ya açıqlamasında bildirib ki, şirkətdə kütləvi ixtisar nəzərdə tutulmur:

“SOCAR-da hazırda işçilərin qiymətləndirilməsi aparılır, çünki hasilatın aşağı salınması nəticəsində bəzi işçilər fəaliyyətsiz qalıblar. Onların fəaliyyətləri ixtisar olunub, yəni müəyyən qazma işləri aparılmır, rentanbelli olmayan yataqlarda müvəqqəti olaraq işlər dayandırılıb. Digər tərəfdən isə dünya üzrə bütün iqtisadiyyata təsir edən faktorlardan biri də rəqəmsallaşmadır. Faktiki olaraq bəzi sahələrdə süni zəka insanı əvəzləyir. Lakin insanlar üçün yeni sahələrdə imkanlar açılır. Təkcə SOCAR deyil, bütün şirkətlər qarşısında duran əsas məsələlərdən biri insanların ixtisasdəyişmə məsələsidir. Bütün bu tələbləri nəzərə alaraq, hazırda bir çox neft şikətləri onminlərlə insanı ixtisar ediblər. Onlar dövlət şirkəti olmadığından, bunu rahat şəkildə edə bilirlər. Amma SOCAR-ın sosial məsuliyyəti var deyə, biz öz işçilərimizi birbaşa işdən çıxarmırıq. Bunu etməmək üçün işçilərə dayanıqlı fəaliyyət imkanları yaradırıq. Əgər bu gün bir işi dörd nəfərin yerinə bir nəfər görürsə, həmin dörd nəfəri işdə saxlamaq ölkə üçün əlavə yükdür. Biz onların imkanlarından niyə başqa sahələrdə istifadə etməyək ki… SOCAR bunun üçün şəffaf və obyektiv imtahan keçirərək, həmin insanların ən bacarıqlılarını, məsələn, qazma üçün zəruri olan işləri görmək üçün müəyyən edir, digər bir qismi üçün isə xüsusi plan hazırlanır və onlar ixtisasartırma, ixtisasdəyişməyə cəlb olunurlar ki, SOCAR-dakı başqa vakansiyalarda çalışsınlar”.

İbrahim Əhmədovin sözlərinə görə, hazırda şirkət kənardan işə qəbul dayandırıb ki, işçilərin mövcud vakansiyaların tələblərinə uyğunlaşdırılması təmin edilsin:

“Planımız budur. Bu təlimlər işçilərin əmək haqlarının 50 faizi saxlanılmaqla və şirkətin hesabına həyata keçirilir”.

İmtahan suallarının çətinliyinə gəlincə, SOCAR sözcüsü deyir ki, mütəxəssis olmadığına görə sualların çətin və ya asan olduğunu deyə bilməz:

“Amma bir məsələ var ki, suallar hamı üçün eynidir. Əli də, Vəli də eyni sualları cavablandırır. Onların arasında nisbətən yaxşı cavablandıranlar daha üstün olacaq. Burada ədalət faktoru var”.

İşçilərdən birinin imtahanla bağlı həyəcan keçirərək, dünyasını dəyişməsi ilə bağlı məlumatının olmadığını deyən İbrahim Əhmədov qeyd edib ki, sənaye ilə əlaqədar ölüm halı olduqda hüquq-mühafizə orqanları araşdırma aparır və bunda məsuliyyət daşıyan məsul şəxslər cəzalandırılır.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 7305