hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

SOCAR-la bağlı müəmma: Rövnəq Abdullayev nə işlə məşğul olacaq?

SOCAR-la bağlı müəmma: Rövnəq Abdullayev nə işlə məşğul olacaq?

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Fərman imzalayıb.

Fərman SOCAR-ın fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə imzalanıb. Fərmanla şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılır. Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla yeddi üzvdən ibarətdir. Məlumdur ki, dövlət şirkətlərinin qeyri effektiv fəaliyyəti son illər geniş müzakirə mövzularından birinə çevirilib.

Dövlət büdcəsindən maliyyəşən bu cür qurumların – o cümlədən də SOCAR-ın fəaliyyətində tənqid hədəfinə çevrilən məqamlardan biri də işçi sayının şişirdilməsi, lüzumsuz şöbə və qurumların təsis edilməsi olub. Bu məsələdə SOCAR-ın adının digər dövlət qurumlarının siyahısında ilk yeri tutduğunu demək olar. Buna baxmayaraq, son günlər şirkətdəki ixtisarlar narahatlıq yaratmağa başlayıb. Bu ixtisarların yaradılan çoxsaylı şöbə və bu şöbələrdə “əli cibində gəzən” ofis işçilərinə deyil, fəhlə, qazmaçı kimi işçilərə şamil edilməsi isə ciddi narazılığa səbəb olub, eləcə də pandemiya şəraitində yeni işsizlər ordusunun yaranmasına rəvac verəcəyi iddia olunub.

Müşahidə Şurasının yaradılması SOCAR-ın fəaliyyətində nəyi dəyişəcək? Lüzumsuz qurumların, şişirdilmiş ştatların ləğvi gözlənilirmi?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Müşahidə Şurasının yaradılması qərarını ötən ilin avqust ayında verilən digər qərarla paralel analiz etmək lazımdır:

“Həmin vaxt İnvestitsiya Holdinqi yaradıldı, bu holdinqə əksər dövlət şirkətləri daxil edildi. İnvestitsiya Holdinqinin əsasnaməsində bütün şirkətlərin effektiv idarə olunmasının təmin edilməsi, izafi xərclərin azaldılması, idarəetmənin təkmilləşdirilməsi və s. kimi hədəflər qoyulub. Hədəflərdən biri də bütün dövlət qurumlarının gəlirlə işləməsinin təmin edilməsidir. SOCAR bu anlamda çox qəribə bir qurumdur. Həm yerli şirkət olaraq dövlət büdcəsinə ən çox vergi ödəyən, həm də dövlətdən ən çox dotasiya alan təşkilatdır. Yəni holdinqin əsas məqsədi SOCAR-ın izafi xərclərinin azaldılması və gəlirlə işləməsinin təmin edilməsidir. Buna paralel olaraq Müşahidə Şurasının yaradılmasında da eyni hədəflər qarşıya qoyulub. Şura verilmiş qərarların effektivliyini yoxlayacaq, orta və uzunmüdətli strateji inkişafla bağlı qərarların verilməsinə və yerinə yetirilməsinə cavabdehdir”.

İqtisadçı deyir ki, məntiqlə izafi xərclər azaldılmalı, eləcə də satınalmalarda şişirdilmiş rəqəmlərlə bağlı problemlər aradan qalxmalıdır:

“Verilmiş qərarın məntiqi bunu deməyə əsas verir. Qərarların hansı formada həyata keçirilməsi gələcəkdə bilinəcək. Sadəcə, indi verilən qərarlardan belə bir sual yaranır - SOCAR rəhbərliyi özü hansı işlə məşğul olacaq? Əgər İnvestitsiya Holdinqi strateji qərarların verilməsinə, Müşahidə Şurası isə həmin qərarların necə yerinə yetirilməsinə nəzarət edəcəksə, o zaman SOCAR prezidenti, vitse prezidentləri, ümumiyyətlə qurumun idarəçiliyi nədən ibarət olacaq? Bu səlahiyyətlərin dəqiq bölgüsü olmasa, effektli idarəetmənun təşkil olunması çətin görünür. Bu səlahiyyətlər dəqiq bilinməlidir ki, SOCAR rəhbərliyi, İnvestitsiya Holdinqi və Müşahidə Şurası hansı işləri görəcək. Belə olmasa, hətta bir-birinə zidd qərarların verilməsinin şahidi ola bilərik”.

Ciddi narazılığa səbəb olan SOCAR-dakı ixtisarlara – fəhlə, qazmaçı, operator kimi işçilərin işdən azad edilməsinə gəlincə, Natiq Cəfərli hesab edir ki, idarəetmənin optimallaşdırılması dedikdə, ixtisarlar nəzərdə tutulur:

“SOCAR-da uzun illərdir ki, ştatların şişirdilməsinin şahidi olmuşuq, amma burada söhbət real əməklə məşğul olanların deyil, idarəetmə aparatının şişirdilməsindən gedirdi. Əgər gələcəkdə effektiv idarəetmənin təmin edilməsi kimi aparatın və idarəedicilərin sayının azaldılması nəzərdə tutulursa, yəqin ki, ixtisarlar olacaq. Amma elə etmək lazımdır ki, bu ixtisarlar gündəlik əmək faəliyyəti işlə məşğul olanlara şamil edilməsin, gündəlik işlə məşğul olanlar bunun əziyyətini çəkməsinlər”.

Son günlər sosial mediada və bəzi mətbuat orqanlarında SOCAR prezidenti Rövnəq Abdullayevin vəzifədən uzaqlaşdırılması barədə yazılara qurumdan da münasibət bildirlib.

SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Rövnəq Abdullayev vəzifəsini icra edir:

“Sərəncamda SOCAR-ın prezidenti və digər rəhbər şəxsləri barədə heç nə yazılmayıb. Sadəcə əlavə orqan - Müşahidə Şurası yaradılıb”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 46212