hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

SOCAR, “Azərsu” və “Azərişıq” özəlləşdiriləcək?

SOCAR, “Azərsu” və “Azərişıq” özəlləşdiriləcək?

Bir sıra dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı narazılıqlar artır.

Bu qurumların fəaliyyəti ilə bağlı rəsmi, qeyri-rəsmi bildirilən iradlara baxmayaraq, görünən odur ki, dəyişən heç nə yoxdur. Nəhayət, ötən gün bir neçə dövlət şirkətinin fəaliyyəti ən yüksək səviyyədə qınandı. Ölkə başçısı İlham Əliyev Dövlət Neft Şirkəti, “Azərsu” ASC, “Azərişıq” ASC və iqtisadi inkifaşa cavabdeh olan bir sıra qurumlara kəskin iradlarını bildirdi.

“Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir.

Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır.

Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik”, - deyə Prezident vurğuladı.

Hələ bir müddət əvvəl dövlət şirkətlərinin özəlləşdirməyə çıxarılması ilə bağlı təkliflər səslənirdi. Bu məsələ dəfələrlə Milli Məclisin tribunasından da səslənib, xüsusilə də xidmət qurumlarının özəlləşdirməyə çıxarılması, rəqabətli mühitin yaradılması vacib hesab olunub. Nəticə isə göz qabağındadır. Bütün deyilənlər, inkişafa yönəlik səslənən təkliflər nəzərə alınmayıb. Zərbə isə hər dəfə olduğu kimi dövlət büdcəsinə dəyib.

Demək olar ki, bütün dövlət şirkətləri birbaşa olaraq illik hesabatda zərərlə işlədiklərini açıqlayır, dövlət büdcəsindən dotasiya alır. Bütün xərcləri, borcları dövlət tərəfindən ödənilir. Xırda istisnalar olsa da, bütövlükdə hər il eyni mənzərənin şahidi oluruq.

Maraqlıdır, bazarda heç bir rəqibi olmayan dövlət şirkəti niyə zərərlə işləyir? Ayrılan vəsaitlər, icra olunan layihələr, əldə olunan gəlirlər hara və necə xərclənir?

Xidmət qurumları ilə bağlı bir neçə qeyd: "Azərişıq" ASC 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. "Azərsu" ASC 2018-ci ili 480 milyon 201 min manat xalis zərərlə başa vurub. Bakı Metropoliteni QSC 2019-cu ili 55087 mln. manat xalis zərərlə başa vurub. AZAL 2018-ci ili 208 milyon manat xalis zərərlə başa vurub. Dövlət Neft Şirkətində (SOCAR) vəziyyət uzun zamandır ki, acınacaqlıdır. Təkcə 2015-ci ili təxminən 1 milyarddan çox zərərlə başa vurub. Bundan başqa isə SOCAR-ın konsolidə edilmiş borcu 6,3 milyard dollardır.

Bütün illərin hesabatına nəzər saldıqda, eyni mənzərənin bütün dövləri əhatə etdiyinin şahidi oluruq.Məlumdur ki, ölkə başçısı səviyyəsində edilən xəbərdarlığın qısa zamanda müsbət nəticəsini görəcəyik. Bu cür təcrübə nümunəsi kifayət qədərdir.

Son olaraq belə bir nümunəyə sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun timsalında şahidlik etdik. “Evdən işləyən” diplomat ölkə başçısının sərəncamı ilə vəzifəsindən kənarlaşdırıldı. Yəqin ki, ötən gün Prezidentİlham Əliyevin irad bildirdiyi qurumların rəhbərləri da yaxın gələcəkdə “evdən işləməyə” məcbur olacaq. Nəzərə alsaq ki, əhali arasında da ən çox şikayət olunan qurumlar elə məhz Prezidentin dediyi dövlət şirkətləridir, həmin qurumlara rəhbərlik edən məmurların qısa zamanda yola salınacağı istisna deyil.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 9241