hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

SOCAR risklə üz-üzə: “Fəaliyyətin şaxələndirilməsi yeni yeyinti yerləri olacaq”

SOCAR risklə üz-üzə: “Fəaliyyətin şaxələndirilməsi yeni yeyinti yerləri olacaq”

2019-cu ili mənfəətlə başa vuran Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ili zərərlə yekunlaşdırıb.

Xəbər verildiyi kimi, 2020-ci ildə SOCAR-ın gəlirləri kəskin azalıb, şirkət ilk dəfə olaraq zərərlə işləməyə başlayıb. SOCAR-ın yaydığı hesabata görə, 2020-ci ilin ilk yarısında şirkətin gəlirləri cəmi 25 milyard 921 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40% və ya 1,6 dəfə azdır.

Xatırladaq ki, 2019-un ilk yarısında şirkətin gəlirləri 42 milyard 787 milyon manat idi. Nəticədə SOCAR ilk dəfə olaraq 2020-ci ilin ilk yarısını 180 milyon manat zərərlə başa vurub.

Halbuki, SOCAR 2019-cu ilin eyni dövründə 376 milyon manat, ümumilikdə 2019-cu ildə isə 650 milyon manat xalis mənfəət əldə etmişdi. 2020-ci ilin ilk yarısının nəticələrinə görə, şirkətin öhdəlikləri demək olar ki, dəyişməyib (39,5 milyard manat).

Əvəzində şirkətin kapitalında 250 milyon manata yaxın azalma var. Şirkətin borcları da 2,2 milyard manat artaraq 16,1 milyard manata çatıb. Ekspertlər bunu daha çox 2020-ci ildə neftin qiymətinin ucuzlaşması və hasilatın azalması ilə əlaqələndiriblər.

Maraqlıdır, yaxın bir ildə neft bazarlarında vəziyyət düzəlməzsə, hansı nəticələrlə üzləşə bilərik?

İqtisadçı- ekspert Rəşad Həsənov “Cümhuriyət”qəzetinə açıqlamasında deyib ki, 2021-ci ildə SOCAR üçün risk formalaşacağı gözlənilmir:

“Neft bazarında hazırkı qiymətlər SOCAR üçün kifayət qədər optimaldır. Bu qiymətlər dayanıqlı olsa, hətta ötən ildə yaranmış zərərin də aradan qaldırılmasına imkan yaradacaq. Proqnozlardan görünür ki, 2021-ci il ərzində neft qiymətlərinin 48-55 dollar arasında olacağı ehtimalı daha yüksəkdir. Bu dinamika risklərin olmadığını deməyə əsas verir. Amma təbii ki, neft bazarı kifayət qədər həssas bazardır və siyasi faktorların buraya çox ciddi təsirləri var. Üstəlik pandemiyanın ikinci dalğasının- Britaniya modelinin formalaşdığı haqqında fikirlər də mövcuddur və vaksinasiya prosesinin hansı nəticəni verəcəyi də məlum deyil. Yəni hələlik problem birmənalı şəkildə aradan qalxmayıb. Amma neft bazarı pozitiv siqnallarla bəhrələnir və müsbət reaksiya verir. Ona görə hesab edirəm ki, 2021-ci ildə SOCAR üçün problemlər yaranmayacaq. Amma buna baxmayaraq, SOCAR-ın fəaliyyətinin təkmilləşdirilməsi zərurəti var. İlk növbədə digər böyük neft şirkətləri hansı strategiyanı izləyirlərsə, bunu təhlil etmək lazımdır. Böyük neft şirkətləri artıq öz fəaliyyətlərini şaxələndirir, həmçinin onların fəaliyyətində ekoloji cəhətdən təmiz eneri resurslarına və onların istehsalına yatırımlar qoymaq meylləri güclənməkdədir. SOCAR özü də bu istiqamətdə mövqe ortaya qoya bilər. Amma bütün bu şaxələndirmələr olmadan SOCAR-da şəffaflaşdırma işləri aparılmalı, onun fəaliyyətinə ciddi nəzarət mexanizmi qurulmalıdır. Çünki SOCAR-ın fəaliyyəti ilə bağlı ekspertlər və ictimaiyyət tərəfindən ciddi narazılıqlar var. 2020-ci ilin ikinci yarısındakı çıxışlarında ölkə başçısı da SOCAR-ın fəaliyyətinin yarıtmazlıqlarından danışdı. Açığını desəm, indiki vəziyyətdə SOCAR-ın fəaliyyətində heç bir şaxələndirmə etməsini istəmirəm. Çünki hazırkı idarəçilik sistemi ilə fəaliyyətin şaxələndirilməsi yeni yeyinti yerləri olacaq. Lakin idarəçilik sistemində şəffaflaşdırma olandan sonra SOCAR-ın öz dayanıqlı inkişafını təmin etməsi və daha səmərəli fəaliyyət göstərməsi üçün qeyri- enerji təyinatından istifadə etməsini, bərpaolunan enerjiyə inteqrasiyasını tövsiyyə edirəm”.
Ekspert qeyd edir ki, SOCAR-da qanunsuz yollarla mənimsənilən vəsaitin həcmi ötən ilin birinci yarısında qarşılaşdığı zərərdən çoxdur:

“SOCAR 2020-ci ilin birinci yarısını 180 milyon manat zərərlə başa vurub. Lakin SOCAR-ın fəaliyyətində qeyri-səmərəlilikdən formalaşmış zərər 180 milyon manatdan çoxdur. Əgər qeyri-səmərəlilik, qanunsuz yeyintilər, xərclərin şişirdilməsi, gəlirlərin gizlədilməsi, itkilərin qəsdən artırılması olmasaydı, biz əksinə olaraq 2020-ci ilin birinci yarısında SOCAR-ın gəlirlərində artım görəcəkdik. Yəni 2020-ci il SOCAR üçün zərərlə başa çatmış olmazdı. Pandemiya zərəri dərinləşdirən faktordur. SOCAR-ın öz fəaliyyətində olan nöqsanlar pandemiyanın yaratdığı problemlərdən qat- qat artıqdır. Bu da vəsaitlərin qanunsuz yollarla yeyilməsini, ölkəyə mənfəətin gəlməməsini şərtləndirir. Eyni zamanda bu vəziyyət investisiya layihələrinin qeyri- səmərəliliyini şərtləndirir. Bu problemlər həll edilmədikcə məsələ həll olunmayacaq. Neft bazrındakı valentlilik onsuz da həmişə qalacaq. SOCAR həmişə dövlətə az ödəyib və daha çox vəsait alıb. Ən çox yeyintilər satınalmalarda baş verir”.

R.Həsənov SOCAR-ın gəlirlərinin azalmasına rəğmən öhdəliklərinin dəyişməməsinə də diqqət çəkib:

“SOCAR-ın öhdəliklərinin qalmasına nəzərən gəlirlərinin azalması məsələsi var. Bu təbilli ki, uzunmüddətli dövrdə risk yaradır. SOCAR özü üçün inkişaf strategiyası formalaşdırdı və bu istiqamətdə də addımlar atdı, investisiyalar cəlb etdi, borclandı. Bu dövrdə qiymətlər daha yüksək olduğu üçün hesablamalar da ona uyğunlaşdırılmışdı. Neftin 1 bareli 100-ın üzərində olanda SOCAR-ın çox geniş açılması oldu. Yəni biz çox geniş ekspansiya müşahidə etdik. Təbii ki, həmin ekspansiyanın fəsadları indi görünməkdədir. Çünki SOCAR artıq öhdəlikləri məhdudlaşdıra bilmir. Amma bir məsələ də var: Biz 2016-cı ildə belə bir məqamı müşahidə etdik ki, hökumət SOCAR-ın öhdəlikləri qarşılığında Neft Fondundan 70 milyon vəsait ayırıb SOCAR-a yönəltdi. Yəni belə bir həll yolu tapıla bilər. O demək deyil ki, SOCAR sabah defoltla üzləşə bilər. Amma bu yenə də bizim vəsaitlərin lazımsız istiqamətdə xərclənməsi deməkdir. SOCAR-ı saxlanmasından daha çox onun mənfəətlə işləməsi bizə lazımdır. Bu kimi digər şirkətlər də elədir. İnanıram ki, biznes mühiti üçün də bu qurumlar lazım deyil. Çünki bu qurumlar olmadan biznes mühiti daha yaxşı inkişaf edər və rəqabətli şərait formalaşar. Bu kimi şirkətlərin dövlətin dəstəyi ilə saxlanması süni mövcudluq faktoru kimi dəyərləndirilə bilər. Amma SOCAR-ın şəffaflığı təmin olunmasa və qiymətlərdə müəyyən bir balans yaranmasa, uzunmüddətli dövrdə SOCAR-ın maliyyə-təsərrüfat fəaliyyətinin sabitliyini qorumaq mümkün olmayacaq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1695

Bizim Telegram səhifəmizi izləyin