hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

SOCAR zəbt olunan ərazilərlə bağlı məlumatı AÇIQLADI - ÖZƏL - MÜSAHİBƏ

SOCAR zəbt olunan ərazilərlə bağlı məlumatı AÇIQLADI - ÖZƏL - MÜSAHİBƏ

Mütəmadi olaraq paytaxt Bakıda dövlət və ya özəl şirkətlərə məxsus pay torpaqlarının vətəndaşlar tərəfindən zəbt olunması ilə bağlı qarşıdurmalar yaranır. 

Analoji vəziyyət bir neçə gün bundan əvvəl də yaşandı. Söhbət bir qrup Qarabağ əlili ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verən qarşıdurmadan gedir. Məlumata görə, Neft Şirkətinin əməkdaşları ərazidə tikilməkdə olan evin qanunsuz olduğunu deyib və bu, qarşıdurmaya səbəb olub. Yaşanan hadisə ziddiyyətli məqamları, bu məqamlar da öz növbəsində haqlı suallar yaradır. 

Cebhe.info-nun sualları Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən (SOCAR) cavablandırılıb.

Müsahibəni təqdim edirik:

- SOCAR-ın balansında nə qədər torpaq var?

- SOCAR-ın daimi istifadəsində olan mədən ərazilərinin, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ayrılmış kontrakt sahələrinin cəmi - 6004,22 kv. km. Son onilliklər ərzində SOCAR-ın istifadəsində olan ərazinin təxminən 3 faizi zəbt olunub.

- Zəbt olunan torpaqların geri qaytarılması üçün hansı hüquqi addımlar atılır?

- Zəbt halları və qanunsuz tikinti işlərinin aparılması SOCAR tərəfindən aşkar olunduqda, bu barədə dərhal Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 8.36 və 9.8-ci, habelə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.10-cu, həmçinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.5, 2.20 və 3.1.6-cı bəndlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə;

- Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında” Əsasnamənin 7, 9.5 və 11.1-ci, habelə 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.8 və 3.0.13-cü bəndlərinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə;

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 3.11.5-ci, habelə 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1, 4.2 və 4.3-cü bəndlərinə əsasən Yerli icra hakimiyyəti orqanlarına;

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaqları zəbt edən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi ilə bağlı «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 387 nömrəli Fərmanının 3-cü bəndinə əsasən daxili işlər (polis) orqanlarına;

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə əsasən magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti işlərini aparan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi ilə bağlı «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 387 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə məlumat verilir.

Bundan başqa, əgər tikinti başa çatmısa, bu zaman özbaşına tikilinin sökülməsi iddiası ilə bağlı şirkət tərəfindən müvafiq məhkəmələrə iddia ilə müraciət olunur. Qeyd edək ki, hal-hazıradək Sabunçu rayonu üzrə 6500-dən çox, Səbail rayonu üzrə 2000-dən çox, Nizami rayonu üzrə 200-ə yaxın, Xətai rayonu üzrə 500-dək, Binəqədi rayonu üzrə 10000-dən artıq olmaqla ümumilikdə 20000-dən çox iddia SOCAR tərəfindən müvafiq məhkəmələrə təqdim edilib.
 
- SOCAR-ın zəbt olunan ərazilərində tikilən evlərin əksər sakinləri torpaq mülkiyyəti haqqında bələdiyyə sənədlərinin olduğunu iddia edirlər. Bələdiyyələrin SOCAR-ın balansında olan torpaqları satmaq hüququ varmı, əgər yoxdursa, bələdiyyələrə qarşı hansı addımlar atılacaq?

- Bələdiyyələrin SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinə və magistral neft-qaz boru kəmərlərinin mühafizə zonasına dair bələdiyyələrin hər hansı sərəncam vermək hüququ yoxdur. Bu kimi faktlar aşkar olunduqda isə bələdiyyələr tərəfindən qəbul edilmiş aktlar məhkəmədə mübahisələndirilir. 

Bununla yanaşı qanunsuz hərəkətlərə yol vermis bələdiyyələrə qarşı zərərçəkmiş şəxslər tərəfindən AR Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, iddia qaldırıla və dəymiş zərərin ödənilməsini tələb edə bilər.
 
- SOCAR-a aid torpaqlarda tikintinin aparılması üçün şirkət özü icazə sənədi verirmi? Verilirsə, kimlərə verilir və necə almaq olar?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş, İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə zonası”nın müəyyənləşdirilməsi Qayadaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarına əsasən boru kəmərlərinin və qazpaylayıcı stansiyalarının mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Odur ki, bu ərazilərdə tikinti işlərinin aparılması ilə bağlı SOCAR-dan heç kimə fərdi qaydada icazə verilə bilməz və verilməsi faktı mövcud deyil. Amma, artıq işlənmiş mədən ərazilərinin, texniki təhlükəsizlik tədbirləri görülərək, rekultivasiya edilib təmizlənmiş halda dövlətə qaytarılması halları mövcuddur.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 3466