hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Son müttəfiqi də Trampdan üz çevirdi

Son müttəfiqi də Trampdan üz çevirdi

Böyük Britaniyanın Baş naziri Boris Consonla ABŞ Prezidenti Donald Trampın münasibətlərində soyuqluq yaranıb. 

Buna səbəb Trampın Britaniyadakı seçkilərə müdaxilə hesab ediləcək bəyanatı olub. Boris Conson bildirib ki, gələn həftə NATO sammitində iştirak üçün Londona gələcək ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada keçiriləcək parlament seçkilərinə müdaxilə etməsə bu hamı üçün “yaxşı olacaq”.

“Ən yaxşısı yaxın müttəfiq kimi ABŞ-la Böyük Britaniya bir-birinin seçki proseslərinə qarışmamalıdılar”- deyə o bildirib. Seçki öncəsi aparılan rəy sorğularında Consonun mühafizəkar partiyasının lider olduğu bildirilir. Baş nazir Avropa Birliyindən çıxmaqla bağlı öz planının parlamentdən keçirməsi üçün kifayət qədər səs alacağına ümid edir.

Ötən ay Tramp çıxışlarının birində İngiltərədəki müxalif Leyborist partiyasının lideri Ceremi Korbinini tənqid edib və onun pis baş nazir olacağını deyib. O bildirib ki, Conson Brexit partiyasının lideri olan Nigel Faraj ilə ittifaq qurmalıdır. Növbədənkənar parlament seçkiləri dekabrın 12-də keçiriləcək.

Qeyd edək ki, sabiq baş nazir Tereza Meyin istefasından sonra Boris Consonun hökumət başına gəlməsinə ABŞ Prezidenti açıq dəstək verib. O, Britaniya parlamentinə çağırış edərək onları Boris Consona səs verməyə çağırmışdı. Lakin son günlər Trampın bu cür açıqlamaları baş nazir Consonun mənafeyinə uyğun gəlmir. Ekspertlərin fikrincə, D.Tramp Avropa Birliyi ilə Britaniyanın münasibətlərində ABŞ-ın maraqlarının nəzərə alınmasına çalışır. Baş nazir Consonun etirazı da bununla bağlıdır. 

Politoloq Elşən Manafovun sözlərinə görə, Boris Consonun açıqlaması Britaniya ilə Avropa Birliyinin münasibətlərindən irəli gəlir:

“Boris Conson Britaniya parlamentinə növbədənkənar seçkilərin keçirilməsinə nail oldu. Boris Conson Avropa İttifaqı ilə Britaniyanın münasibətlərini birliyin maraqlarına cavab verən müstəvi üzərinə gətirmək istəyirdi. Seçkilərin də bu müddət ərzində keçirilməsi ilə bağlı addımlar əvvəla Mühafizəkarlar Partiyasını bu prosesə hazırlamaq istəyindən irəli gəlirdi. Çünki aparılan sorğular Leyboristlərin seçkilərdə qalib gəlmək şansının üstün olduğunu göstərir. Mühafizəkarların əvvəlki lideri Tereza Meyin istefasından sonra bu partiyanın imicinə müəyyən qədər ziyan dəyib. Digər tərəfdən, rəsmi Vaşinqton bir qayda olaraq, İngiltərənin Avropa Birliyi ilə münasibətlərini ABŞ-Britaniya müstəvisində qurmağa səy göstərib. Məlumdur ki, Britaniya Avropa Birliyinə çox sonralar daxil olmuş bir ölkədir. Buna da səbəb Avropa Birliyinin ABŞ-a rəqiblik edə biləcək geopolitik bir qurum kimi meydana çıxmaq ehtimalı idi. Çünki Avropa Birliyinin yaradılmasında xüsusi xidmətləri olmuş şəxslərdən biri Fransanın sabiq prezidenti Şarl de Qoll olub. De Qol ABŞ-I Avropanın və Fransanın daxili işlərinə qarışmaqda ittiham etmişdi. Ümumiyyətlə, ABŞ-ın Avropa Birliyi ilə eləcə də ABŞ-ın NATO ilə münasibətlərində yaşanan tendensiyalar göstərir ki, rəsmi Vaşinqton maliyyə xərclərinin müəyyən hissəsini Avropa Birliyinin və Şimali Atlantika Ayansının üzərinə yükləmək istəyir. Britaniyanın da Avropa Birliyini tərk etməsinin səbəblərindən biri bununla bağlıdır. Yəni Britaniya Avropa Birliyinin maliyyə yükünün bir hissəsini öz üzərinə götürmək istəmədi. Avropa Birliyinə daxil olan Yunanıstan, şərqi Avropa ölkələri maliyyə böhranı yaşayırdı. Həmin ölkələrin Avropa Birliyindən böyük məbləğdə kreditlər istəməsi ittifaqa daxil olan Britaniya, Almaniya kimi dövlətlərə yaxşı heç nə vəd etmirdi. Boris Conson isə Britaniyanın Avropa Birliyindən mümkün qədər az ziyanla çıxmasına nail olmağa çalışır. Hazırda Tramp superdövlətin başçısı kimi öz imkanlarından sui-istifadə edərək Britaniyanın daxili işlərinə müdaxilə etməyə və ABŞ-ın maraqlarına cavab verən bir seçki atmosferinin yaranmasına çalışır. Özünü qeyri-adekvat aparan Trampın özü ilə bağlı ABŞ-da araşdırmalar aparılır və ona qarşı impiçment elan edilməsi üçün dinləmələr başlanılıb. Görünür, Tramp bu manevrləri etməklə yarana biləcək vəziyyətdən daha az ziyanla çıxmağa çalışır. O, bu təzyiqlər vasitəsilə Avropa Birliyinin Britaniya ilə münasibətlərində ABŞ-ın maraqlarına cavab verə biləcək proseslərin müəyyən səviyyədə saxlanılmasına səy göstərir. Digər tərəfdən, impiçment məsələsi Trampın özünü də narahat etdiyindən güman edirəm ki, digər dövlətlərin daxili işlərinə müdaxilə istəyi ABŞ kimi bir dövlət üçün özünün əhəmiyyətli bir siyasətçi olduğunu qabartmaq istəyindən irəli gəlir”.

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 1937