hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sosial şəbəkə haqqında bilmədikləriniz - "Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər" - MÜSAHİBƏ

Sosial şəbəkə haqqında bilmədikləriniz - "Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər" - MÜSAHİBƏ

Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlarsız boş vaxtımızı təsəvvür edə bilmirik, bəzən sosial şəbəkələr, hətta vacib iş aləti də hesab edilir.

“Facebook”, “Instagram”, “YouTube”, “Twitter” və s. məşhur sosial şəbəkələr bizim üçün nə qədər əlverişli, faydalı olsa da, bəzən zərərli də ola bilir.

Sosial şəbəkələrdə şəxsi məlumatların oğurlanması, saxta xəbərlərin yayılması kimi mənfi cəhətlərin də olduğu danılmazdır. Sosial şəbəkələrdən istifadə məqsədləri, hansı hallarda sosial şəbəkə istifadəçiləri məsuliyyətə cəlb edilə bilər bu və ya digər sualların cavabların tapmağa çalışacağıq.

Mövzu ilə əlaqədar sosial media mütəxəssisi, Türkiyə Atatürk Universitetinin doktorantı Nurlan Ağa Cebhe.info-ya müsahibə verib.

-Azərbaycanda sosial şəbəkələr ən çox nə üçün istifadə edilir? Son statistikanı bizimlə bölüşə bilərsiz...

-İnformasiya cəmiyyətinin formalaşması və onun tələblərinin sivilizasiyada yerini tutması ilə sosial media dünyanı əhatə edən bir sistem halına gəldi. Təbii ki, bu ilk olaraq internetin yayılması ilə başlanıb, daha sonra da sosial media internetin əsas qoluna çevrilib. 2019-cu ildə müdafiə etdiyim “Sosial media dünyanın qlobal kommunikasiya arenası kimi” adlı magistr dissertasiyamda 261 nəfərin iştirakı ilə onlayn anket sorğu da təşkil etmişdim və suallardan biri də istifadəçilərin internetdən daha çox hansı məqsədlə yararlanması ilə bağlı olmuşdu. Söhbət Azərbaycandan gedir, amma bu statistik göstəricilər aşağı-yuxarı bütün dünya ilə eynilik təşkil edir deyə bilərik. Belə ki iştirakçıların 55,2%-nin sosial mediadan istifadə, sosial şəbəkələrdə vaxt keçirmək, 43,7%-nin xəbər portallarını izləmək, cəmi 1,1%-nin isə elektron hökumətdən yararlanmaq məqsədilə internetdən istifadə etdiyi müəyyənləşdirilmişdi.

-Sosial şəbəkələrə nəzarət, məhdudiyyət mexanizmi varmı? Qanun bununla bağlı nə deyir?

-İstər söz, istər fikir azadlığının məhdudlaşdırılmaması, istərsə də sosial şəbəkələrin həcminin böyüklüyü üzündən bu platformalarda hüquqi tənzimlənmənin aparılması mübahisəli məsələdir. Digər sahələrdən fərqli olaraq burada “hüququn virtuallaşması” demək olmur. Yuxarıda qeyd etdiyimiz kimi, informasiya cəmiyyətinin inkişaf etməsi nəticəsində hüquq sistemi müəyyən dərəcədə öz formasını və gücünü itirir. Lisenziya və s. kimi məsələlər aradan qalxmış olur. Deyə bilərik ki, sosial şəbəkələrdə sərt qayda-qanunlar olmamalıdır, lakin düzgün istifadə formaları müəyyənlədirilməlidir.

-Düzgün istifadə formaları dedikdə nələri nəzərdə tutursuz?

-Burada əsas məsələ özünütənzimləmədir. İstifadəçilərin hüquqlarını pozmadan müəyyən tənzimləmələr aparmaq olar. Axı biz daha çox sosial şəbəkələrdə təhqir, böhtan, şərəf və ləyaqətin alçaldılması, saxtakarlıq, kibercinayət ünsürləri ilə rastlaşırıq. Burada ad gizləmək, saxta profillərdən istifadə edərək şiddəti leqallaşdırma yolunda addım atmaq daha asan görünür. Bunun üçün də tənzimləmələr dövrəyə girir. Diqqət edirsinizsə, son dövrlərdə sosial media platformaları müəlliflik hüququ məsələsində çox daha diqqətlidirlər. Bu yaxınlarda Azərbaycanda mərhum bəstəkar, Xalq artisti Elza İbrahimovaya aid parçaların “YouTube”-dan silinməyi ilə bağlı müzakirələr getmişdi. Bu da məhz müəllif hüquqları problemi idi.

Əlavə olaraq paylaşımları və ya istifadəçiləri, səhifələri şikayət etmək, həssas kontent və şiddətin bütün növlərinin təbliği zamanı sosial şəbəkələrin özünün profilləri bağlamaq kimi səlahiyyətləri var. Düşünürəm ki, kibersaxtakarlıqlara qarşı sosial şəbəkələri qadağan etmək yerinə bu formalarla mübarizə aparmaq daha doğrudur.

-Sosial şəbəkələrdən istifadə zamanı söyüş, təhqir istifadə edildiyinin şahidi olmuşuq. Azərbaycanda qanun bununla bağlı nə deyil?

-Azərbaycanda internet ortamında söyüş, təhqir, böhtan, şərəf və ləyaqətin alçaldılması kimi faktlar Mülki Məcəllənin 7-ci, Cinayət Məcəlləsinin isə 147 və 148-ci maddələri ilə bunu həyata keçirənlər məsuliyyətə cəlb olunurlar. CM-nin 148-ci maddəsinin 1-ci bəndində internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə durumu nəzərdə tutulub. Hətta ölkədən kənarda yaşayan, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər belə məsuliyyətə cəlb oluna bilərlər.

Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsinə əsasən isə cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər. Yəni məhkəmə qərarı olmaqla telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinin gerçəkləşdirilməsi mümkündür. Daha sonra ekspertlər cəlb edilərək axtarılan şəxsin yeri müəyyən edilir.

-Sosial şəbəkələrə müəyyən qadağalar, məhdudiyyətlər tətbiq edən ölkələr var, onlarda bu, necə tənzimlənir?

-Bəzi sosial şəbəkələrin birdəfəlik və ya zaman-zaman qadağan olunduğu ölkələr var. Məsələn, Çində “Facebook”, “Twitter”, “Google”, “Wikipedia” ilə yanaşı, hətta “The New York Times” kimi qəzetlərin saytlarına da giriş qadağandır. Çin “Twitter”-in alternativi olaraq 2009-cu ildə öz mikrobloqu olan “Weibo”-nu istifadəyə verib. Yəni əslində ölkədə sosial media qadağan edilməyib, hökumətə sərf etməyən sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Lakin hər bir halda bu doğru deyil. Həmçinin İran İslam Respublikasında “Instagram” və “Telegram”-a giriş məhduddur, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qatarda “Skype”, “Snapchat”, “FaceTime”, “WhatsApp”, “Telegram” qadağan edilib. Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsindən sonra “YouTube”-a giriş məhdudlaşdırılıb. Türk xalqlarından olan Türkmənistanda “Facebook”, “WhatsApp”, “Twitter”, “YouTube”, “Viber”, “Vkontakte” qadağandır, Özbəkistanda “Skype” və “Viber”-ə giriş mümkün deyil. Tacikistan, Pakistan, Misir, Şimali Koreya, Rusiya və Türkiyədə də qadağa və ya məhudlaşdırmaları görmək mümkündür. Türkiyədə son olaraq gündəlik bir milyondan çox giriş əldə edən xarici sosial şəbəkələrin ölkədə təmsilçiliyinin açılması qanunla müəyyən edildi. Bundan imtina edildiyi halda isə pul cəzasından tutmuş məhdudlaşdırmaların aparılmasına qədər prosedurlar bəlli olundu. Diqqət edirsinizsə, qadağalar və məhdudlaşdırmalar daha çox demokratik dəyərlərin tam oturuşmadığı yerlərdə görünür, lakin digərlərində də müəyyən mənada bunları görmək mümkündür. Məsələn, bəzi demokratik Avropa ölkələrində də müəyyən qurumlarda işləyən şəxslərin şəxsi hesablarından etdikləri paylaşımlar nəzarətə alınır, qurumun mövqeyi və ya şərtləri ilə üst-üstə düşməyən paylaşımlara görə gərginliklər yaranır.

-Sosial şəbəkələrdən gəlir əldə edənlər dövlətə vergi ödəyirmi?

-Sosial mediada vergi məsələsinə gəlincə, bəli, internet reklamçılığı ilə məşğul olanlar, sosial şəbəkələrdən pul qazananalar vergiyə tabe edilirlər. Onlar gəlir və ya mənfəət vergisi ödəyiciləri hesab olunurlar. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya şöbəsi bildirib ki, sosial şəbəkələrdə reklam xidmətinin göstərilməsinə görə, qeyri-rezidentə ödənilən məbləğdən 10% vergi tutulur. Türkiyədə isə bu göstərici 15%-ə bərabərdir. Vergilər, hətta 18 yaşdan aşağı olanları da əhatə edir. Həmçinin ölkəmizdə internetdəki xidmətlərin dəyərlərinə 18% həcmində əlavə dəyər vergisinin (ƏDV) hesablanması, ödənməli və ya ödənilən vergini təsdiq edən sənədə əsasən əvəz olunması da müəyyən edilib”.

-Sosial şəbəkələrə reklam qoyaraq gəlir əldə etməyin xüsusi meyarları varmı? Onlarda əsas göstəricilər nələrdir?

-Sosial mediada reklam göründüyü qədər asan deyil. Bu, izləyici sayından çox interaktivlikdən qaynaqlanan bir şeydir. Məsələn, bir milyon izləyicisi olan hesabda interaktivlik dərəcəsi 50.000-lik səhifənin dərəcəsindən aşağı olarsa, bir milyonluq deyil, 50.000-lik hesab daha çox pul qazanacaq. Yəni izləyici sayını artırmaq üçün saxta və ya passiv profilləri toplamaq əvəzinə təbii izləyicilərə sahib olmaq, qarşılıqlı təsiri qorumaq daha önəmlidir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 27589