hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Sosial şəbəkələr intihara sövq edir? – “Psixologiyası zəif insanları hər şey qıcıqlandıra bilir” - AÇIQLAMA

Sosial şəbəkələr intihara sövq edir? – “Psixologiyası zəif insanları hər şey qıcıqlandıra bilir” - AÇIQLAMA

İntihar mövzusu son günlər demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və xəbər portallarında, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir.

Məhz intiharların səbəbləri hər dəfə fərqli olsa da, hazırda bir qrup şəxslər bildirir ki, sosial şəbəkələr də insanların psixologiyasına mənfi təsir edir və xoşagəlməz xəbərlərlə nəticələnir.

Belə ki, bəzi sosial şəbəkə istifadəçilərinin hər gün sosial şəbəkədə mükəmməl həyat tərzi yaşayırmış kimi göstərməsi psixoloji cəhətdən zəif insanlara mənfi təsir göstərir. Bu da bəzi gənclərdə depressiyaya səbəb olur.

Maraqlıdır, sosial şəbəkələr intihara sövq edirmi? Son günlər artan intiharların qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, psixologiyası zəif insanları hər şey qıcıqlandıra bilir:

“İntihara meyilli şəxslərdə isə proses daha fərqli olur. Biz tam əminliklə deyə bilmərik ki, sosial şəbəkələr intihara sövq edir. Bütün bunlar nisbidir. Ümumiyyətlə, insanların həyatlarını sosial şəbəkələrdə paylaşmağı mənəvi aclığa səbəb olur. İntihar edən insanlar belə öz həyatlarını sosial şəbəkələrdə paylaşırlar. Bu gün də sübut olunur ki, intihar edən şəxslər də intihar etmədən öncə öz fikirlərini sosial şəbəkələrdə paylaşıblar.

Biz də onların bu paylaşımlarından hardasa nəticə çıxara bilirik ki, intihara səbəb nədir. Sosial şəbəkələrdə bu gün intiharlarla bağlı mövzular, müzakirələr həddindən çoxdur. İntihar psixoloji ruh halıdır. Yəni sosial şəbəkələr intihara səbəb deyil, sadəcə tətikləyici ola bilər, bu danılmır.

Mən bütün çıxışlarımda da dəfələrlə vurğulamışam ki, intihara meyilli insanları hər şey qıcıqlandıra bilər. Sosial şəbəkələri daha ciddi qəbul edən insanların həyatlarına əlbəttə, sosial şəbəkələr daha çox təsir edə bilir”.

Psixoloq qeyd edib ki, bu da danılmaz faktdır ki, sosial şəbəkələrdə bu gün intiharlarla bağlı mövzular həddindən çoxdur:

“Lakin bəzi nüanslar var ki, cəmiyyət özü də özündən asılı olmadan virus yayır. Məsələn, bir şəxs intihar edir və dərhal onun valideynləri günahlandırılır. Bir başqa şəxs isə valideyndən intiqam almaq üçün, onu cəzalandırmaq üçün intihar yolunu seçir. Bizim bu danışdıqlarımızı isə ola bilər ki, fərd olaraq kimsə doğru qəbul edəcək, lakin toplum olaraq qəbul edilməyəcək. Toplum olaraq intihara meyil etməyə də şərait yaradırıq”.

Psixoloq bildirib ki, intiharların qarşısını almaq üçün insanların psixoloqlarla birbaşa əlaqə yarada biləcəkləri “qaynar xət”lər yaradılmalıdır:

“Yaxşı olardı ki, bütün bu olanlara ittihamçı axtarana qədər intihar etmək istəyən şəxslər üçün “qaynar xətt” yaradılsın. Əslində, bunun üçün bir xətt var. Lakin orada psixoloqa yönləndirmək prosesi uzun müddət tələb edir. İntihar etmək istəyən şəxsə bəzən ani bir səs, psixoloq səsi kifayətdir ki, o, fikrindən daşınsın. Yəni “qaynar xətt”ə oturmalı psixoloqlar olmalıdır. Yalnız belə intiharların qarşısını almaq olar. Həmin o “qaynar xətt”in reklamı da yaxşı aparılmalıdır ki, hamının məlumatı olsun. Hazırda hər peşədən olan insanlar intihar edənin psixoloji durumu haqqında fikir bildirir. Fikir bildirmək yaxşı haldır, lakin gəlin bu kimi vacib məsələlərdə mütəxəssislərin rəylərini ciddiyə alaq”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 650