hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

Supergüclərin Azərbaycan rəqabəti: Çin də qoşulur - Şərh

Supergüclərin Azərbaycan rəqabəti: Çin də qoşulur - Şərh

Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfərinin nəticələri strateji baxımdan əhəmiyyətli hesab edilir. 

Belə ki, dünyanın ən böyük inkişaf etmiş dövlətlərindən olan Çinin Azərbaycana marağının artması həm iqtisadi, həm də siyasi sahələrdə canlanma yarada bilər. İki ölkə arasında dəyəri 800 milyon dollardan artıq müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatına xarici  investisiyaların cəlb edilməsi  ilə bağlı diqqəti cəlb edir. Eyni zamanda, Çinin “Huawei”, "China National Electric Engineering”, "China Poly Group" Korporasiyası kimi nüfuzlu şirkətlərinin Azərbaycana sərmayəçi kimi cəlb edilməsi yaxın perspektivdə Çinin Cənubi Qafqazda geoiqtisadi fəallığının artmasına gətirib çıxara bilər. Bundan başqa,  rəsmi Bakı “İpək yolu” marşrutu üzrə Çindən yüklərin Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə Azərbaycan üzərindən Avropaya və əks istiqamətdə daşınmasına maraq göstərir. Öz növbəsində Çin rəhbərliyinin “Bir kəmər-bir yol” marşutu üzrə daşımaları həyata keçirmək təklifi Azərbaycanla üst-üstə düşür. Bu səbəbdən  Çinlə Azərbaycan arasında strateji yaxınlığın artacağı gözlənilir. Mərkəzi Asiya bazarında geniş təsirə malik olan Çinin bu imkanlarını Azərbaycan vasitəsilə Cənubi Qafqazda genişləndirməsi Qərb və Rusiya ilə həm iqtisadi, həm də siyasi rəqabəti artıra bilər. Xüsusilə də Çinin Azərbaycanın enerji sektoruna daxil olması Qərb dövlətləri, ilk növbədə isə ABŞ tərəfindən sakit qarşılanacağını söyləmək olmaz. Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ sazişin imzalanması ərəfəsində Çinlə münasibətlərin genişlənməsi  təbii ki, bölgədə geosiyasi rəqabətin baş verəcəyini istisna etmir. 

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirdi ki, regionda marağı olan güclər arasında rəqabətin artmasına baxmayaraq, Azərbaycan balanslı mövqe nümayiş etdirməyə çalışacaq: 

“Prezident İlham Əliyev KİV-ə müsahibəsində də deyib ki,  Azərbaycanın xarici siyasəti balanslaşdırılmış deyil, milli maraqlar üzərində qurulub. Bununla da Azərbaycan  Qərb dövlətləri  və Rusiya ilə aparılan danışıqlara geopolitik qarşıdurma nöqteyi-nəzərindən yanaşmağın əleyhinə olduğunu nəzərə çatdırdı. Azərbaycan üçün əsas məsələ əməkdaşlıq etdiyi dövlətlərlə münasibətlərin ikitərəfli və çoxtərəfli istiqamətlər üzərində qurulmasıdır.  Bu baxımdan, Azərbaycanın xarici siyasəti çoxqütblüdür. Azərbaycan bu münasibətləri qarşılıqlı anlaşma və mənfəət prinsipləri üzərində qurmalıdır. Çində keçirilən görüşlərdə, o cümlədən Çin Xalq Respublikasının sədri Si Tsinpinlə aparılan  danışıqlarda da qeyd olundu ki, Azərbaycan “Böyük İpək Yolu” üzərində yerləşir. Azərbaycanın geostrateji əhəmiyyəti malik olduğu zəngin karbohidrogen ehtiyatları ilə əlaqədardır. Lakin rəsmi Bakı həmişə qarşıdurmanın bu və ya digər qütbündə olan tərəfin mövqeyindən çıxış etməyin əleyhinə olub. Azərbaycan Qərbin təhlükəsizlik sisteminə inteqrasiyaya da geosiyasi reallıqların yaratdığı  maraqlar kontekstindən yanaşır. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, müasir dünyada geopolitik mövqe sərgiləyir. Hazırda ABŞ-la Çin arasında ticarət müharibəsi gedir və rəsmi Pekin Rusiya ilə eyni mövqedən çıxış edir. Amma Azərbaycan Çinlə münasibətlərdə bu geopoltik qarşıdurmanı nəzərə alsa da bu və ya digər tərəfə istinad etmir. Azərbaycan elə bir geosiyasi bir mövqedə yerləşir ki, hər hansı bir tərəfə azacıq meyl etmək ölkəmizin milli təhlükəsizliyi üçün arzuolunmaz vəziyyətin formalaşmasına gətirib çıxara bilər”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5989