hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Supergüclərin gələcək İran planı

Supergüclərin gələcək İran planı

İranın sabiq prezidenti Məhəmməd Hatəminin federal idarəetmə sistemi haqqında qeyd etdiyi sözlər, xüsusilə millətçi qruplar tərəfindən sərt reaksiyalarla qarşılanıb. 

Qeyd edək ki, “İslahatçı president” kimi tanınan Hatəmi Tehran şəhərinin İslami Şura üzvləri ilə görüşündə “federal idarəetmə modelinin ən əlverişli hökumət sistemi” olduğunu deyib: 

“Hazırkı durumda uyğun olmaya bilər, amma demokratik hökumətin ən əlverişli modeli federal idarəetmə sistemidir. Biz o dönəm bununla bağlı Daxili İşlər Nazirliyinə 10 bölgə müəyyənləşdirmişdik. Amma konstitusiyaya görə federativ ola bilmərik”.

Siyasətçilər və tanınmış siyasi fəallar da daxil olmaqla, müxtəlif siyasi cərəyanlara mənsub çox sayda sosial media istifadəçisi sabiq prezidentə sərt sözlərlə təpki göstəriblər. Avropada yaşayan tanınmış iranlı siyasi fəal Səid Bəşirtaş “Tvitter” hesabında yazıb: “Məhəmməd Hatəminin ağzından vurmaq bir milli vəzifədir”. Hatəminin sözlərindən qəzəblənənlər sadəcə, millətçi təmayülləri ilə tanınan siyasətçilər və fəallar deyil. Son vaxtlar bəzi dini azlıq icmalarına göstərdiyi dəstəklə gündəmə gələn Şiraz Şəhər Şurasının üzvü Mehdi Hacəti Hatəminin sözlərinin iransevərliyə zidd olduğunu ifadə edib. O, “Cənab Xatəmi! Heç bir iransevər belə rahat federalizmdən danışmaz!” - deyə, “tvit” atıb.

Qeyd edək ki, İran rəsmiləri bundan əvvəl də federal hökumət modeli haqqında təkliflər irəli sürüblər. Amma qeyri-fars fəalların əksinə, onların söz etdiyi federativ modeldə dil, etnik kimlik və digər demoqrafik xüsusiyyətlər yerinə, daha çox iqtisadiyyat və iqlim şəraiti əsas tutulur.

Türk fəallar və digər qeyri-fars icmalara mənsub qruplar İranın “çoxmillətli bir ölkə” olduğunu önə çəkərək, federativ idarəetmə sisteminin İran üçün ən uyğun hökumət modeli olduğunu təklif edirlər.

Maraqlıdır, İranı kim, necə görmək istəyir? ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, İsrail, Azərbaycan İranı federal, indiki rejimsiz vahid İran, yoxsa parçalanmış və müstəqil dövlətlərə bölünmüş bir yer kimi görmək niyyətindədir?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, beynəlxalq hüquqa görə bir dövlət başqa bir dövlətin modelinin hansı formada olmasını təyin edə bilməz: 

“Bütün dövlətlərin inzibati ərazisi bölgüsünü, quruluşunu o dövlətin əhalisi, icraedici və qanunverici orqanları birgə fəaliyyət nəticəsində müəyyən edir. 1925-ci ilə qədər Qaçar Xanlar Birliyi federativ əsasda dövlət olub. Qacarın dövründə Azərbaycanda da, İranda da xanlıqlar olub. Bu xanlıqların hər biri öz fəaliyyətində müəyyən muxtariyyətə malik idi. Ağa Məhəmməd şah Qacar Qarabağ xanının təslim olmasını istəyirdi. O deyirdi ki, dövlətin vergisini ödə və Ağa Məhəmməd şah Qacarın tacını tanı. İbrahimxəlil xan isə Rusiyanı özünə qiblə hesab etmişdi. O dövrdə Azərbaycanda Bakı, Gəncə, Urmiya xanlıqları varıydı və bunların hər biri də dövlətin bir federasiya subyekti idi. Azərbaycan parçalanandan sonrakı dövrlərdə İran adında bir dövlət yaratdılar. Məhəmməd Rza şah Pəhləvinin dövründə İranın 4-5 əyalətini bölüb 10 əyalət yaratdılar. O dövrdə Azərbaycan hələ 7-8 hissəyə bölünməmişdi. Amma indi İranda, təxminən 32-33-ə yaxın əyalət var. Xorasan, Ərdəbil və digər əyalətləri hissələrə bölüb müxtəlif əyalətlər yaratdılar. Əvvəllər Ərdəbil əyaləti mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyaləti ilə eyni bölgədə idi. Sonradan Ərdəbili ayrı bir əyalət etdilər. İran hakimiyyəti bununla iqtisadi zonalara yaratmağa çalışırdı. Doğrudur, o elan edirdi ki, bürokratik əngəlləri arada qaldırmaq üçün bunu edir, amma əslində, milli ərazilərin sahəsini azaldırdı. Tutaq ki, Azərbaycanın Ərdəbil bölgəsinin bir hissəsini Rəşd tərəfə verməklə Azərbaycan ərazisi bölündü. Yaxud Xorasanda oxşar hadisələri etməklə türkmənlərin tarixi ərazilərini azaltdılar. İranda əyalətlərinin sayının azaldılması, dövlət idarəetmə quruluşunun parlamentar sistemə keçməsi və ikipalatalı parlamentin yaradılması, əyalətlərin sayının azaldılması və onların müəyyən iqtisadi əraziyə bölünmələri məsələsi tarixən olub. Sadəcə olaraq, indiki şəraitdə bu məsələnin gündəmə gəlməsi, vəziyyətin heç də qənaətbəxş olmadığını deməyə əsas verir”.

Şərqşünas hesab edir ki, İran hakimiyyəti, fars mərkəzli düşüncə sisteminin daşıyıcıları ölkədə milli məsələni həll etməyə çalışırlar: “İran bölünmüş millətlər həbsxanasıdır. Şərq tərəfdə bəluclar, türkmənlər, şimalda Azərbaycan türkləri, cənubda ərəblər və.s. Bunların bir hissəsi İranın ərazisində qalıb, bir hissəsi ya müstəqil olub, ya da başqa bir dövlətin tərkibindədir. Bu problemi həll etmək İran üçün vacibdir, çünki artıq millət məsələsi ortalığa çıxıb. Tarixən, Tudə Partiyasının proqramında milli məsələ varıydı. Məhəmməd Hatəminin prezidentliyinin birinci dövründə təbliğat kampaniyası zamanı İranda fars olmayan millətlərin mədəni məsələlərinin həlli ilə bağlı fikirlər söylədi, amma heç bir addım atmadı. O, prezidentliyinin növbəti mərhələsində isə, ümumiyyətlə, milli-mədəni haqlar məsələsinə toxunmadı, birbaşa iqtisadi məsələni ortalığa atdı və yaddan çıxartdı. Məhəmməd Hatəmi 100 il bundan əvvəlki ərazi bölgüsünə qayıdılmasını təklif edir”.

Sədrəddin Soltanın sözlərinə görə, İranın mövcud konstitusiyasına görə, ölkə federativ əsaslı dövlət ola bilər: 

“Əsas qanunda göstərilir ki, İranda əyalətlərdə məclislər təşkil olunmalıdır. İndiyə qədər Şərqi Azərbaycan əyalətinin məclisi yoxdur. Bu əyalətlərin özünün yerli məclislərinin olması elə federativ normaların prinsiplərindədir. Tutaq ki, Rusiya federativ dövlətdir. Bu dövlətin hər bir vilayətinin, respublikasının öz parlamenti var. İranın da mövcud konstitusiyasında yerli məclisin olması, dövlətin federativ əsaslarla idarə olunması üçün müddəalar var. Bölgədəki və eləcə də dünyadakı prosesləri anlayan adamlar çox gözəl bilirlər ki, İran indiki idarəetmə sistemində və hakimiyyət formasında qala bilməz. İran hər mənada dəyişilməlidir. Təkliflərdən biri də federativ əsasda dövlətin idarə olunmasıdır. Bir müddət əvvəl iqtisadi cəhətdən dövlətin federallaşması təklifi olunurdu. Yəni  hər bir əyalət iqtisadi problemləri ilə bağlı fəaliyyət göstərə bilərdi. Məsələn, paytaxtı Urmiya olan Qərbi Azərbaycan əyaləti dünyanın istənilən ölkələri ilə İran konstitusiyası çərçivəsində əməkdaşlıq edə bilər və.s. Əvvəllər İrana federalizmin gəlməsi üçün böyük bir hərəkat yaranmışdı. O vaxtı bu hərəkatın qarşısını aldılar. İndi yenidən çıxış yolu axtarırlar. İqtisadi sanksiyalar, digər tərəfdən İranın dünyada terrorizmi dəstəkləyən bir dövlət kimi tanınması və.s məsələlər Məhəmməd Hatəmi kimi ölkəsinin gələcəyini düşünən adamları bir sıra ciddi layihələri irəli sürməyə vadar edir”.

Ekspert onu da vurğulayıb ki, beynəlxalq güclər və dövlətlər İranın hansı modeldə olmasını açıq şəkildə deyə bilməz: 

“Ümumiyyətlə, bu, beynəlxalq hüquq normasına və etikaya uyğun gəlmir. Amma Azərbaycanda insanlar güneyli soydaşlarının milli haqlarının təmin olunmasını, bütöv Azərbaycanın qurulmasın arzu edirlər, həmçinin bəluclar “Bəluc” adında dövlətin qurulması üçün silahlı mübarizə aparırlar və.s. Adətən, böyük dövlətlər bu tip proseslərin gedişatını və nəticəni dəstəkləyirlər. Təbii ki, bu məsələdə həmin dövlətlərin və güclərin regional maraqları nəzərə alınır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 9351