hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Supergüclərin Qarabağ ÇƏKİŞMƏSİ

Supergüclərin Qarabağ ÇƏKİŞMƏSİ

Ermənistan-Azərbaycan münaqişə ilə bağlı ABŞ və Rusiya arasında geosiyasi rəqabət artır. Son vaxtlar problemin nizamlanması istiqamətində ABŞ daha çox diplomatik fəallıq nümayiş etdirir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi və sonra bu məsələ ilə bağlı prezident Donald Trampla telefon söhbəti Vaşinqtonun təşəbbüsü ələ almağa çalışdığını göstərir. Con Bolton yanvarın 29-da Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Dağlıq Qarabağ problemini müzakirə etmədiyini desə də, ekspertlər bu məsələnin diqqətdən kənarda qalmadığı qənaətindədir.

Rəsmi Vaşinqtonun münaqişənin həllinə yönəlik konkret təkliflər təqdim etdiyinə dair məlumatlar var. Mərhələli həll variantına əsaslanan “yol xəritəsi”nin Con Bolton tərəfindən yenidən gündəmə gətirdiyi bildirilir. Nikol Paşinyanı “məxməri inqilab” yolu ilə hakimiyyətə gətirən ABŞ indi Ermənistanın baş nazirindən Dağlıq Qarabağ məsələsində bu ölkənin strateji maraqlarına uyğun cəsarətli addımlar atmağı tələb edir. Lakin Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlaması göstərir ki, rəsmi İrəvan Dağlıq Qarabağın aralıq statusu və təhlükəsizliyinə təminat şərtini irəli sürür. Hələlik müzakirələr ilkin mərhələdədir. Con Boltonun planı əsasında xarici işlər nazirləri səviyyəsində razılaşma əldə olunarsa, müzakirələrin ən yüksək səviyyədə davam etdirilməsi üçün Ağ Evin prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın ABŞ-da rəsmi görüşünü təşkil etmək təşəbbüsü ilə çıxış edəcəyi istisna olunmur. ABŞ-ın bu diplomatik missiyası danışıqlar prosesini Rusiyanın siyasi inhisarından çıxartmağa hesablanıb. Uzun müddət Qərbdə “Rusiyanın yaratdığı problemi elə Rusiya özü həll edə bilər” yanaşması üstünlük təşkil edib. Ancaq Tramp Administrasiyası fərqli mövqedən çıxış edir. Con Boltonun təqdim etdiyi bu plan münaqişənin həllinə dair danışıqların və status-kvonun Rusiyanın nəzarətindən çıxarılmasını nəzərdə tutur.

ABŞ-ın qeyd edilən aktivliyi artıq Rusiyanın əks reaksiyasına səbəb olub. Con Boltonun prezident İlham Əliyevlə telefon danışığından bir neçə saat sonra Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvana səfər edib. Karasinin Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşünün vacibliyi barədə bəyanatı Rusiyanın danışıqlar prosesini nəzarətdə saxlamaq cəhdi kimi başa düşülə bilər.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-la Rusiyanın Dağlıq Qarabağ problemi ətrafında müşahidə olunan fəallığı son dövrlər hər iki fövqəldövlətin qlobal səviyyədə rəqabətinin artması ilə bağlıdır:

“Tramp Administrasiyasının xarici siyasət kursunda Rusiyanın post-sovet məkanındakı təsirini aradan qaldırmaq və mövcud münaqişələrdən uzaq tutmaq mühüm yer tutur. Çünki ABŞ üçün Rusiya real təhlükədir. Rusiya yaradıcısı olduğu münaqişələrin həllində maraqlı tərəf deyil. Münaqişələri idarə edərək xarici siyasətdə və qlobal idarəetmədə güc formalaşdırmaqla qonşu ölkələri öz əhatə dairəsində saxlayan dövlət kimi xarakterizə olunur. Hətta “İnterpol”un rəhbərliyinə rusiyalı namizədin gətirilməsinə də sona qədər ABŞ mane oldu. Həmin ssenari hələ də davam edir. Beynəlxalq təşkilatlarda Rusiyanın iştirakı qəbul olunmur və bundan sonra da olunmayacaq. ABŞ -ın xarici siyasəti Rusiyanın Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələrin həlli prosesində və Azərbaycanın ərazi bütövlüyü məsələsində Rusiyanı maksimum uzaqlaşdırmaqdan ibarətdir. Rusiya bunu anlayır, lakin buna qarşı müqaviməti yetərsizdir. Çünki beynəlxalq mediaya nəzarət Rusiyanın deyil, ABŞ-ın əlindədir. Venesueladakı siyasi partlayış isə Rusiyanın beynəlxalq nüfuzunun aşağı salınmasına hesablanıb. Əgər Venesuelada hakimiyyət dəyişikliyi baş tutarsa və Nikolas Maduro ölkəni tərk edərsə, o zaman Tramp Administrasiyası Rusiyanın heç bir münaqişənin həllində rol oynamadığını, yəni, nüfuzunun olmadığını nümayiş etdirəcək. Nəticədə Rusiyanın əhatə dairəsi getdikcə zəifləyəcək. Rusiya Maduro rejiminə 23 milyard dollar kredit verib və yeni hakimiyyətin bu borcları qaytarmayacağı artıq ABŞ-ın verdiyi mesajlardan görünür. ABŞ Rusiyanı nüfuzdan salmaq və öz tərəfdaşlarını qoruya bilməyən etibarsız bir ölkəyə çevirmək istəyir.

Dağlıq Qarabağ probleminin həllinə yanaşmada da Rusiya kəşfiyyatı ABŞ-ın səylərinin qarşısını almağa çalışacaq. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair həll modeli dəqiqliyi ilə işlənib hazırlanmalı, sonra isə ictimai müzakirəyə çıxarılmalıdır. Əgər Azərbaycana qarşı beynəlxalq təzyiqlər olarsa, o zaman xalq Dağlıq Qarabağ münaqişəsinin həllində milli maraqları əsas tutaraq prezidentə dəstək verməlidir”.

Fərrux Məmmədovun sözlərinə görə, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlıdır. Bu isə, Vaşinqtonun Cənubi Qafqazla bağlı strategiyasından irəli gəlir:

“ABŞ Cənubi Qafqazı Yaponiya, Cənubi Koreya və Avropa modelinə çevirmək istəyir. Ona görə də Cənubi Qafqaz ölkələri arasındakı münaqişə və problemlərin aradan qaldırılması, sərhədlərin və regional dəhlizlərin açılması, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, demokratiya ABŞ-ın maraq dairəsinə daxildir. Çünki ABŞ xarici siyasətini “münaqişələr nə qədər az olarsa, təsiretmə mexanizmi bir o qədər güclü olar” prinsipi formalaşdırır. Cənubi Qafqazda Gürcüstan ABŞ-ın NATO üzvü olan bir limanı, Ermənistan İrana nəzarət bölgəsi və zəngin təbii sərvətlərə malik Azərbaycan isə Mərkəzi Asiyaya çıxış üçün dəhliz rolunu oynayır. Bu, ABŞ-ın birbaşa strateji maraqlarına uyğundur. Dağlıq Qarabağ probleminin həllində də Vaşinqtonun planı bundan ibarətdir. Hesab edirəm ki, ABŞ münaqişənin həlli və Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün bu ölkədəki erməni lobbisinin səylərini də gücləndirəcək. Məqsəd Cənubi Qafqazda problemlərə son qoymaq və transmilli regional layihələrə Ermənistanı da cəlb etməkdir. İndi danışıqlarda olan təkliflər də bundan ibarətdir. Hətta ABŞ Ermənistanın təhlükəsizliyini qoruyacağına təminat verir. Ermənistanda ABŞ hərbi bazasının açılması planı üzərində də düşünülür. Gürcüstanda da belə bir hərbi bazanın açılması gözlənilir. Ona görə də Rusiya 2018-ci ildə Xəzər dənizində başqa ölkələrin silahlı qüvvələrinin iştirakının qadağan olunmasına dair müqavilənin imzalanmasına nail oldu. Çünki Rusiya onu qarşıda qalır ağır siyasi nəticələr gözləyən prosesin gəldiyini bilir”.

Lakin ekspert hesab edir ki, Rusiyanın vasitəçilik təklifinin müsbət nəticə verəcəyi inandırıcı görünmür. Rusiya Azərbaycan və Ermənistanın dövlət başçılarını dəfələrlə bir araya gətirsə də, münaqişənin həlli istiqamətində irəliləyiş yoxdur. Bu da, Rusiyanın status-kvonun saxlanılmasında maraqlı olması ilə bağlıdır:

“ABŞ-ın təşkil edəcəyi görüş Azərbaycan tərəfi üçün maraqlı ola bilər. Rusiya ilə bağlı isə bunu demək olmaz. Bu daha çox Azərbaycan prezidentinin centlmen səfəridir. Lakin ABŞ-ın təşkil edəcəyi səfər yeni təkliflər, milli təhlükəsizlik strategiyası gətirə bilər. ABŞ bu səfərin baş tutmasında maraqlıdır. Çox güman ki, 2019 və ya 2020-ci ildə Amerikada Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü baş tutacaq. Bu müzakirələr ABŞ-da olmasa belə, Ağ Evin vasitəçiliyi ilə Avropa ölkələrinin birində keçirilə bilər. Lakin Rusiya hələ güclüdür. Danışıqlar prosesini tezliklə Rusiyanın siyasi inhisarından çıxartmaq asan olmayacaq. Buna baxmayaraq, Rusiyanın beynəlxalq fəallığının azaldılması, passivliyinin artırılması münaqişənin həlli prosesi sürətlənəcək. İstənilən halda, işğal olunmuş ərazilərin qaytarılmasında son sözü Azərbaycan ordusu deməlidiir. Əgər Ermənistan ABŞ-ın siyasi təminatı əsasında Rusiya hərbi bazalarını ölkədən çıxara bilsə, o zaman münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkündür”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5523