hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Suriya düyünü: Moskva güzəştə gedir?

Suriya düyünü: Moskva güzəştə gedir?

Suriya Prezidenti Bəşər Əsəd Rusiya, Türkiyə və İran arasında əldə olunmuş razılaşmanı poza biləcək bəyanatla çıxış edib.

“Qalib gəlməkdə qərarlıyıq. Suriya müqaviməti dəstəkləməyə davam edəcək. İndi Türkiyə və ya digər ölkələrin xəyalları nə olmasından asılı olmayaraq torpağımızın bir qarışından keçməyəcəyik”-Əsəd həmkarlar ittifaqları işçiləri ilə görüşündə belə deyib. 

Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentlərinin ötən həftə sonu Ankarada keçirilən görüşü zamanı Suriyanın İdlib bölgəsində yaranmış vəziyyət müzakirə olunub. Tərəflər ümumi razılığa gəldiklərinə dair birgə bəyannamə imzalayıb. 

Türkiyə, Rusiya və İran Suriyanın suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü tanıyır. Bu barədə Ankarada Türkiyə-Rusiya-İran üçtərəfli sammitin yekunları ilə bağlı qəbul olunmuş birgə bəyannamədə belə deyilir. Sənəddə qeyd edilir ki, Suriyanın şimal-şərqində təhlükəsizlik və sabitlik yalnız ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında təmin edilə bilər. Ona görə də Türkiyə, Rusiya və İran liderləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriyada terrorizmlə mübarizə bəhanəsi ilə “yeni reallıqlar yaratmaq” istiqamətində bütün cəhdləri rədd edir. Bəyannamədə deyilir ki, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı planlara, eləcə də qonşu ölkələrin milli təhlükəsizliyi üçün təhdid yaratmaq cəhdlərinə qətiyyətlə mane olunmalıdır. Prezidentlər ümid edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının 2254-cü qətnaməsinə uyğun olaraq, Suriya vətəndaşlarının rəhbərlik etdiyi siyasi proses vasitəsilə həll edilə bilər. 

Bəyannaməyə, əsasən, dövlət başçıları ABŞ-ın Colan yüksəklikləri ilə bağlı beynəlxalq hüquq normalarını pozan və regional sülh və təhlükəsizliyi təhdid edən qərarını pisləyiblər. Bundan əlavə, prezidentlər İdlib zonasındakı vəziyyəti də ətraflı müzakirə edərək, İdlib üzrə bütün razılaşmaları, ilk növbədə, 17 sentyabr 2018-ci il memorandumunu yerinə yetirərək, yerlərdə sülhün qorunub saxlanmasının vacibliyini bildiriblər. İdlibdəki mülki əhalini və qarant ölkələrin hərbçilərini qorumaq üçün konkret tədbirlərin görülməsi qərara alınıb.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Bəşər Əsəd Ankara sammitinin nəticələrini qəbul etməyə məcburdur. Çünki bunu bölgədəki vəziyyət diqtə edir:

“Bəşər Əsəd indiyə qədər ilk növbədə, Rusiya və İran amilindən asılı olaraq hakimiyyətdə qala bilib. Rusiya və İranın sona qədər sərgilədikləri tam, prinsipial mövqe Əsədin iqtidarda qalmasında əsas rol oynadı. Hətta növbəti mərhələlərdə Türkiyənin Əsədə münasibətdə mövqelərini yumşaltmasının səbəbləri də maraqlarını Rusiya və İranla uzlaşdırmaq siyasətindən irəli gəlir. Belə bir halda, Əsədin Suriyanın şimalı və ya İdliblə bağlı verdiyi bəyanatın onun öz xeyrinə olduğunu düşünmürəm. 

Digər tərəfdən, Ankara görüşü ilə kifayət qədər ciddi mesajları ilə yadda qaldı. Bu görüşün və Ankaradan verilən mesajların fonunda çox ciddi hadisələr baş verdi. Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücumlar edildi. Proseslər çox sürətlə cərəyan edir. Bu proseslərin müəyyən məcraya yönələrək sabitləşməsində maraqlı olmayan qüvvələr var. Belə bir situasiyada Əsədin yersiz bəyanatları Suriyada səngiməyə doğru gedən hadisələri yenidən alovlandıra bilər”. 

Vüqar Zifəroğlu bildirdi ki, İdlibdəki hərbi əməliyyatlarda Suriya ordusina dəstək verən Rusiya Türkiyə ilə kompromisə getməyə məcburdur. Rusiyanın mövcud geosiyasi durumunu nəzərə alan Moskva indiki vəziyyətdə Ankara ilə uzlaşdırmağa üstünlük verəcək. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 2773