hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

SURİYA PLANI: Ölkə yenidən bölünəcək?

SURİYA PLANI: Ölkə yenidən bölünəcək?

“Sülh çeşməsi ” əməliyyatından sonra Suriyanın ərazi bütövlüyünə münasibətdə Türkiyənin mövqeyi dəyişə bilər. 

Ekspertlərin fikrincə, Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal-şərqində apardığı əməliyyatların qələbə ilə başa çatması bölgədə geosiyasi situasiyanı kökündən dəyişəcək. Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədi PKK/YPG terrorçularından təmizlənəcək. “Sülh çeşməsi” əməliyyatının uğurla başa çatması Suriyanın şimalının tamamilə Türkiyənin nəzarətinə keçməsi deməkdir. Vaxtilə ABŞ başda olmaqla Qərbin Suriyanın parçalanması hesabına Türkiyə ilə sərhəd boyu yaratmaq istədiyi “kürd zolağı” artıq demək olar ki, Türkiyənin əlindədir. 

İraqın və Suriyanın bölünməsi hesabına yaradılması nəzərdə tutulan separatçı kürd dövlətinin bir hissəsi olan həmin zolaq regiondakı karbohidrogen ehtiyatlarının Aralıq dənizinə çıxmasını təmin etməli idi. Lakin bölgədəki ölkələrin, o cümlədən Türkiyənin güclü müqaviməti bu planın qarşısını ala bildi. Artıq ABŞ-ın hərbi və maliyyə dəstəyi ilə PYD/YPG-nin nəzarətdə saxladığı Suriyanın şimal əraziləri Türkiyənin nüfuz dairəsinə keçib. Türkiyə Suriya ilə sərhədlərinin təhlükəsizliyini tam təmin etmək imkanı əldə edib. Bu isə bölgədə geosiyasi şəraitin dəyişməsi ilə müşahidə olunur. İndiyə qədər Suriyanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən rəsmi Ankaranın yaxın perspektivdə mövqeyini dəyişəcəyi istisna edilmir. Artıq Suriyada müstqil kürd dövlətinin yaradılması təhlükəsi aradan qalxdığından bu ölkəni nüfuz dairəsinə bölmək uğrunda Rusiya, Türkiyə və İran arasında geosiyasi rəqabət arta bilər. Ekspertlərin fikrincə, İranın bölgədən sıxışdırılmasında maraqlı olan ABŞ bu rəqabətdə Türkiyəyə dəstək verəcək. Tramp administrasiyasının PKK/PYD/YPG məsələsində Türkiyəyə güzəştə getməsi də İran amili ilə izah edilir. Belə ki, İranın Suriyada fəaliyyətinə son qoymağa çalışan Vaşinqtonun əvvəl ərəb ölkələrinin, sonra isə “Kürdüstan” planı ilə buna nail olmaq planları baş tutmadı. Ona görə də ABŞ indi Türkiyənin Suriyada təsir dairəsinin genişlənməsinə şərait yaratmaqla İranın sıxışdırılmasına çalışır. Bu isə yaxın zamanlarda Türkiyə və İranı qarşı-qarşıya gətirə bilər. Hətta ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyə silahlı qüvvələrinin Suriyanın içərilərinə doğru daha çox irəliləyəcəyini bildirib. Yəni Türkiyənin Suriyada güc mərkəzinə çevrilməsindən sonra Ərdoğan iqtidarı bu ölkənin bölünməsi və ya federallaşması məsələsində mövqeyinə yenidən baxa bilər. Bu da öz növbəsində Suriyanın üç hissəyə bölünməsi xəritəsini dəyişilmiş şəkildə yenidən gündəmə gətirə bilər. 

Qeyd edək ki, ABŞ-ın planlarına əsasən, Suriyanın ələvilər, sünni müsəlmanlar və kürdlərdən ibarət üç kvazi dövlətə parçalanması nəzərdə tutulurdu. Ələvilər yaşayan bölgədə Bəşər Əsədin hakimiyyətdə qalması təmin edilirdi. Lakin kürd probleminə görə, bu planın qarşısı alındı. Türkiyə, Rusiya və İran Suriyanın ərazi bütövlüyünə birmənalı dəstək verdi. Əgər bu plan yenidən gündəmə gələrsə, vaxtilə kürdlər üçün ayrılmış ərazilər Türkiyənin nəzarətinə keçə bilər. Ələvilərin yaşadığı Latakiya bölgəsi isə Rusiyanın təsir dairəsindədir. Suriyanın şərq və cənub-şərq ərazilərində yaşayan sünnilər isə İranın həmin bölgədə möhkəmlənməsini istəmir. Rusiya da İranın Latakiya bölgəsinə müdaxilə etməsində maraqlı deyil. Ona görə də İranın mövqeləri Suriyada getdikcə zəifləyə bilər. Bu isə ABŞ-ın maraqlarına cavab verir.  

Rusiyalı politoloq Aleksandr Perenciyevin fikrincə, Ərdoğan hakimiyyətinin Suriyanın şimalında “təhlükəsizlik yastığı” yaratmaqla faktiki olaraq, bu ölkənin bölünməsində iştirak edir: “Yəni rəsmi Ankara ilə Vaşinqton arasında Suriya Ərəb Respublikasının müəyyən ərazilərinin öz aralarında bölünməsi ilə bağlı razılaşmaların olması da mümkündür. Məsələn, Birləşmiş Ştatlar, neft istehsal edən müəssisələrin yerləşdiyi ölkənin şərqindəki Suriya torpaqlarının bir hissəsinə nəzarəti əlində saxlayır. Mövcud fakt getdikcə daha çox suveren ərəb dövlətinin işğalına bənzəyir. Odur ki, Türkiyə ABŞ-dan nümunə götürərək Suriya Ərəb Respublikasının şimal ərazilərinin müəyyən bir hissəsinə nəzarəti ələ keçirmək qərarına gəldi ki, bu da daha çox işğala bənzəyir”. 

Politoloq bildirib ki, ABŞ Türkiyədən hərbi əməliyyatları dayandırmağa çağırmasına baxmayaraq, əslində, Prezident Ərdoğan Donald Trampın xeyir-duasını alıb. Perenciyev bildirib ki, kürdlərin türklərin əli ilə getməsi rəsmi Vaşinqton üçün olduqca faydalıdır:

“ABŞ kürdlərlə bağladığı müqavilələri ləğv edə, sözül əsl mənasında onları ata bilər. Bütün bunlar rəsmi Ankaranın köməyi ilə olur. Rəsmi Vaşinqton bu xəyanətdə şübhələnmənin qarşısını almaq üçün, Türkiyənin kürdlərə qarşı fəaliyyətini görüntü xatirinə şifahi şəkildə qınayır. Qınayırlar, hətta təhdid edirlər, amma əməliyyatın özünə qarışmırlar. Bu Qərbin siyasətidir”. 

Politoloq Elşən Manafovun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin Suriya ilə bağlı mövqeyi birmənalı olmayıb. Bu səbəbdən, rəsmi Ankara Suriya ilə bağlı siyasətinə yenidən baxa bilər. Ancaq Türkiyə Rusiya və İranın mənafeyi nəzərə almaq məcburiyyətindədir:

“Suriya Milli Ordusunun maliyyə dəstəyi həmişə Ərdoğan iqtidarından gəlib. Bu hadisələr 2011-ci ildə yeni başlayanda Prezident Ərdoğan özü Bəşər Əsədin hakimiyyətdən yıxılmasında marağını gizlətmirdi. Sadəcə olaraq, prosesə aktiv müdaxiləsindən sonra Türkiyə regional oyunçu olaraq müəyyən məsələləri Moskva ilə razılaşdırmaq məcbuiryyətində qaldı. Hazırda Türkiyənin Suriyaya ordu yeritməsi milli təhlükəsizlik maraqlarından irəli gəlir. Çünki Türkiyə rəsmiləri dəfələrlə ABŞ rəsmilərinə PKK-nın Suriya qanadını maliyyələşdirməyi dayandırmağı xahiş edib. Tramp administrasiyası söz versə də PYD/YPG-yə dəstəyini geri çəkmədi. Bu amilin özü də Prezident Ərdoğanı Türkiyənin milli təhlükəsizlik maraqlarından çıxış edərək bu addımı atmağa sövq etdi. Burada mühüm addım ondan ibarətdir ki, Suriyanın federal dövlətə parçalanması daha çox ABŞ-ın planlarına daxil idi. Bu layihəyə qarşı çıxan ilk tərəf Rusiya və İran idi. 

Lakin Rusiyanın proseslərə müdaxiləsindən və ABŞ-ın layihəsinin Türkiyənin maraqlarına cavab vermədiyi aydın landan sonra rəsmi Ankara Moskva ilə əməkdaşlıq etməyə üstünlük verdi. İndiki halda, baş verən hadisələr Türkiyənin milli təhlükəsizlik maraqlarına cavab verir. Türkiyənin regional oyunçuya çevrilməsi onun NATO-dakı müttəfiqlərini də narahat etməyə başlayıb. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması və Türkiyəni dayandırmaq məsələsinin günədmə gətərilməsi müttəfiqlərinin rəsmi Ankaranın güclənməsində maraqlı olmadığını təsdiq edir. Görünür, Rəcəb Tayyib Ərdoğanın “Yeni Osmanlı” layihəsi Qərb dövlətlərini narahat edir. Hətta ərəb dövlətlərinin bəıyanatları da Türkiyənin bu bölgədə mövqelərinin güclənməsinə xüsusi qısqanclıqla yanaşdığını göstərir. Bu isə Türkiyə iqtidarının qəbul etdiyi qərarın anlaşılan olduğunu göstərir.

Düşünürəm ki, Suriyanın ərazi bütövlüyünə münasibətdə Ərdoğan iqtidarı Rusiyanın və İranın maraqlarını nəzərə alımaq məcburiyyətindədir. Çünki Əsəd rejiminin hakimiyyətdə qalması Rusiyanın müdaxiləsi və İranın hərbi dəstəyi sayəsində mümkün olub. Çünki vaxtilə Suriyanın federativ dövlətə çevrilməsinin qarşısını bu iki dövlət alıb. Ona görə də rəsmi Ankaranın Suriyanın ərazi bütövlüyü ilə bağlı fərqli addım atması Rusiya və İranın etirazı ilə qarşılana bilər. Ona görə Türkiyə həmin ölkələrin mövqeyini nəzərə almalıdır ”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2465