hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Suriya riski: Türkiyə meydanda tək qalır?

Suriya riski: Türkiyə meydanda tək qalır?

Türkiyənin Suriyanın şimal-şərqində PKK/PYD terrorçularına qarşı əməliyyat keçirəcək. 

Türk ordusunun əməliyyat planına bölgə və dünya dövlətlərinin münasibəti fərqlidir. Xatırladaq ki, Türkiyə Suriya məsələsinin həlli prosesində Rusiya və İranla birgə fəaliyyət göstərirdi. Bu iki ölkənin mövqeyi daha çox maraqla qarşılandı. Türk ordusunun yeni əməliyyat planına münasibəti Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb. Peskov Suriya münaqişəsinin nizamlanması ilə bağlı maneə yaradacaq hər hansı fəaliyyətdən uzaq durmağa çağırıb. 

Peskovun sözlərinə görə, Moskva ümid edir ki, Türkiyənin keçirəcəyi əməliyyatın Suriyanın ərazi və siyasi bütövlüyünün saxlanılmasına xidmət edəcək: “Ankaranın Suriyanın şimal-şərqində hazırladığı əməliyyatla bağlı Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, yaxud ABŞ Prezidenti Donald Trampla əlaqə saxlamayıb”. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Türkiyənin bu qərarına sərt reaksiya verib. Zərif deyib ki, Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz: “Türkiyənin öz təhlükəsizliyini təmin etməsinin tək yolunun Suriya sərhədinə hərbi qüvvələr yerləşdirməklə mümkün olduğunu qarşı tərəfə bildirdik”.

Göründüyü kimi, Türkiyənin Suriya məsələsində müttəfiq olduğu Rusiya və İran Ankaranın qərarını dəstəkləməyib.

Maraqlıdır, Türkiyə Suriyaya girərsə, İran və Rusiya ilə münasibətlərinə necə təsir edəcək?

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Türkiyə bu əməliyyatları qeyri-rəsmi də olsa, Rusiya ilə razılaşdırıb:

“Hesab edirəm ki, Türkiyə bunu Rusiya ilə razılaşdırıb. Ümumiyyətlə, Türkiyə Suriyada keçirəcəyi hər bir əməliyyatı Rusiya ilə müzakirə edir və razılığa gəlməyə çalışır. Amma artıq Türkiyə dövlətinin təhlükəsizlik məsələsi gündəmə gələndə, təbii ki, Türkiyə bunu həll etməyə borcludur. Artıq kimin razı olub-olmaması Türkiyə üçün önəmli deyil. Çox güman ki, Rusiya dəstəkləməsə də, Türkiyəyə əngəl də törətməyəcək. Çünki ortada həm də ABŞ-la rəqabət var. Türkiyə çalışır ki, ABŞ-Rusiya arasında yaşanan rəqabətdən maksimum istifadə etsin. Hesab edirəm ki, Türkiyənin bu mövqeyi doğrudur. İran isə bu dəfə də etiraz edib. İran bundan əvvəlki Afrin əməliyyatına da öz etirazını bildirmişdi. Görünən odur ki, İranı Suriyanın bütövlüyü məsələsi narahat edir. Amma Türkiyə dövləti dəfələrlə açıqlama verib ki, heç kimin torpağında, ərazisində gözü yoxdur. Türkiyə Suriyaya öz təhlükəsizliyini təmin etmək üçün girir. Suriyanı terrorçulardan təmizləyir. Bu Türkiyəyə olduğu qədər, həm də Suriyaya xeyirlidir. İran islam dövləti olsa da, ateist PKK-ya qarşı Türkiyənin əməliyyatına qarşı çıxır. Bunun səbəbi isə tam bəlli deyil. Amma Türkiyə İrana qarşı olan bütün proseslərdə İranı dəstəkləyib, qarşılığını isə görmür. Bütün hallarda İran o gücdə bir dövlət deyil ki, Türkiyənin qarşısını alsın. Ümumiyyətlə, nəinki İran, Rusiya və ABŞ-da Türkiyənin qarşısını ala bilməz və artıq qərar verilib, antiterror əməliyyatının başlamasına çox qısa zaman qalıb”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Türkiyənin Suriyanın şərqində PKK-nın bir qolu olan YPG-yə qarşı hərbi əməliyyata başlaması regionda yeni dəyişikliklərə gətirib çıxaracaq:

“İlk növbədə “Kürd dövləti” planı fiaskoya uğradı. ABŞ-ın “kürd kartı suya düşdü”. Bu əməliyyat  YPG -ABŞ əlaqələrinə kölgə salmış oldu. Kürdlər bundan sonra çətin ki, ABŞ-a etibar edər. Məhz ABŞ Türkiyənin qərarında prinsipial olduğundan geri çəkildi. Fəratın şərqində terror yuvası məhv ediləcək. Türkiyə şimali Suriyanı əlində saxlayacaq. Buraya iki milyon suriyalını yerləşdirəcək. Ümumiyyətlə, Türkiyə Suriyanın ərazi bütövlüyünü qoruyacaq. Rusiya ikitərəfli əlaqələrə görə səssizliyini qoruyur. Amma İran qəti şəkildə Suriyada Türkiyənin bu əməliyyatına qarşıdır. Nə Rusiya, nə də İran Türkəyəyə qarşı gəlməyəcək. Böyük ABŞ geri çəkildi. İran Türkiyə qarşısında “pat” vəziyyətə düşəcək. Türkiyə artıq Suriyada əsas söz sahibi olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1387