hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Şuşa Televiziyasının keçmiş əməkdaşı: “Ruslar Vidadini Rostova aparıb iynə vurdular ki...” - İlhami Cəfərsoyla MÜSAHİBƏ

Şuşa Televiziyasının keçmiş əməkdaşı: “Ruslar Vidadini Rostova aparıb iynə vurdular ki...” - İlhami Cəfərsoyla MÜSAHİBƏ

20 Yanvar tarixmizin şərəfli səhifələrindən biridir. Xalqımız Sovet qoşunlarının 31 il öncə xalqımıza qarşı törətdiyi qırğını unutmur.

O dövrdə əliyalın insanların üzərinə tanklarla gələn Sovet qoşunları Azərbaycan xalqının qəhrəmanlıq əzmini qıra bilmədi. Xalq tankların üzərinə yeriyərək bu torpağın, bu yurdun sahibi olduğunu sübut etdi. Əslində 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq ruhunun simvolu, qəhramanlıq salnaməmizdir. Bir xalqın tarixinə, kimliyinə vurulan ən ağır zərbə onun azadlıq istəyinə qarşı mübarizə, haqq səsinin susdurulma cəhdidir. Sovet İmperiyası belə bu mübarizədən məğlub çıxdı.

Bakıda qırğın törədən Sovet rəhbərliyi bu qanlı əməl haqqında xəbərlərin dünyaya yayılmasını istəmirdi. İmperiya Azərbaycanı informasiya blokadasına almışdı. Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Başqa yolla xalqı məlumatlandıranları da həbs edir, cəzalandırırdılar. Lakin min bir əziyyətlə bu reallığı xalqa çatdıranlar da vardı.

Onlardan biri də Şuşada fəaliyyət göstərən televiziya və onun qorxmaz əməkdaşları idi. O zaman Şuşa Televiziyasının əməkdaşı olmuş AMEA Dilçilik İnstitutu Qədim Dillər və Mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoylu 20 Yanvarla bağlı xatirələrini Cebhe.info ilə bölüşüb.

“Efirə gedəcək materialları öncə oxuyurdular”

-İlhami bəy, 20 Yanvarın canlı şahidi olmusunuz. Sovet ordusunun xalqımıza qarşı törətdiyi faciəni həyatınız bahasına ölkə ictimaiyyətinə çatdırmağa çalışmısınız. İmperiyanın o vəhşi üzünü ictimaiyyətə çatdıranlar ölümlə burun-buruna gəldiyi bir məqamda necə fəaliyyət göstərirdiniz?

-Hər şeydən öncə bizim arxamızda bütün Azərbaycan xalqı dayanırdı. Həqiqət xalqa çatdırılmasın deyə əvvəlcədən Azərbaycan Televiziyasının enerji blokunu partladılmışdı. Mənim işlədiyim Şuşa Televiziyası isə ölkənin yarıdan çox hissəsində yayımlanırdı. Hər şeyə baxmayaraq, ruslar camaatın qəzəbindən qorxurdular. Ona görə də efirə gedəcək materialları öncə oxuyurdular. Bizə deyirdilər ki, ictimaiyyətə çatdıracağınız materilları rus dilində yazıb öncə bizə təqdim edin, görək nə danışacaqsınız. Mətni yoxlamaq üçün bir zabit və iki silahlı əsgər olurdu. Biz də xalqa hər şeyi olduğu kimi çatdırmaq üçün onlara özlərinin istədikləri kimi mətn hazırlayıb verirdik, lakin xalqa başqa, reallıqları əks etdirən materialıçatdırırdıq. Bizə hadisələrin dəqiq çatdırılmasında xalq çox kömək olurdu. Telefonla zəng edib harda nələrin baş verdiyini deyirdilər. Təxminən 16 gün belə işlədik. Sonradan ermənilər ruslara dedilər ki, bunlar sizin əleyhinizə materiallar paylaşırlar.

Ona görə AzTV-nin əməkdaşı Vidadini (soyadını unutmuşam) tutub Rostov şəhərinə göndərdilər. Orada da ona iynə vurublar ki, fəaliyyət göstərə bilməsin. Rəhbərlikdə olanların hamısı Bakıdan- hökumətdən qorxurdu. Bakı da Moskadan çəkinirdi. Qorxudan hərəkatın iştirakçılarına salam vermirdilər. Hətta Şuşanın arxa küçəsində bizimlə salamlaşanlar “Raykom”un “Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsi-red.) qarşısında bizə salam vermirdilər. Amma vəzifədə olmayanlar və bir sıra vəzifəlilər bizim arxamızda idilər. Yəni bizi dəstəkləyirdilər. Xalqın ovaxtkı cəsarəti yadıma düşəndə deyirəm ki, ay Allah, bütün ömrümü verərəm, təki millətimizin həmin ruhu qayıtsın. 2020-ci ilin sentyabrın 27-dən sonra həmin ruh yenə də müşahidə olunur. Amma o vaxt xalqın ruhu bundan da yüksək idi.

Bizim işlədiyimiz Şuşa Televiziyası müqəddəs yerdir. Həmin yer Şuşanın yüksəkliyində, zirvədə yerləşir. Oradan baxanda, az qala Azərbaycanın yarısı görünür. Biz reallıqları oradan xalqa çatdırırdıq. O zaman kəşfiyyat orqanlarında mənim məktəb yoldaşım, kurs yoldaşlarım vardı. Həmin şəxslər mənimlə birbaşa görüşə bilməsələr də ikinci və ya üçüncü şəxsin vasitəsi ilə xəbər göndərirdilər ki, səni izləyirlər, filan gün evdə yatma, gələcəklər. İndi həmin insanların bəziləri həyatdadır, bəziləri vəfat edib.

“Çardaqdan gizlicə Süleyman Ələsgərovun evinə keçirdim”

-Sizi uzun müddət təqib ediblər. Üç dəfə həbs olunmusunuz. Bütün bu təqiblərdən necə qurtulurdunuz?

-O vaxt mənim evim bəstəkar Süleyman Ələsgərovun evinə bitişik idi. Çardaqda taxtanı kəsib bəstəkarın evinə açılacaq balaca qapı açmışdım. Elə ki, ruslar evimi mühasirəyə alırdılar, tez çardaqdan keçirdim Süleyman müəllimin evinə. Heç kəsin ağlına gəlməzdi ki, mən tanınmış bəstəkarın evində gizlənərəm. Keçirdim Süleyman müəllimin evində qaranlığın düşməsini gözləyirdim. Qaranlıq düşən kimi gəlirdim Malıbəyli, Quşçular kəndlərinə, ikinci gecə də oradan Ağdama gəlib canımı qurtarırdım. Mənim dostum və məsləkdaşım Vidadi vardı, dedi ki, rusların əlinə düşmə, çünki məni Rostova aparıb iynə vurdular və uzun müddət özümü şikəst kimi hiss etdim.

Mən də bunu yadımda saxladım və bacardığım qədər ruslardan gizləndim. Bir dəfə də Xocalı ilə Quşçuların arasında Həsənabad kəndində bizi tutdular və aparıb fermaya saldılar. Həmin fermadan mal-heyvanı çıxartmışdılar. Gecə qapının başındakı kiçik dəmirləri çıxardıb qaçdıq. Təsəvvür edin ki, yanvar ayında Qarqar çayından keçib Ağdama getdik. Ağdamda bizi həmişə hörmətlə qarşılayırdılar, yenə də qarşıladılar. Ancaq gördüm ki, burunlarını tuturlar. Təsəvvür edin ki, Qarqar çayından keçməyimizə baxmayaraq, üstümüzdən fermadakı heyvan peyininin iyi getməmişdi. Bütün paltarımızı dəyişdilər. O zaman Akademiyanın, Pedaqoji Universitetin filiallarında dəyərli ziyalılarımız vardı ki, bizi çox mehribanlıqla və hörmətlə qarşılayırdılar. O vaxtı bizim yanımızda Cəlil həkim, Nizami həkim, İlham həkim vardı. Nizami həkimi ermənilər elə döymüşdülər ki, qan sızmasından heç bir ay çəkmədi ki, vəfat etdi. Onlar həm ziyalı, həm də qəhrəman idilər.

“Çox zaman bəxtim gətirirdi və həbslərdən qurtulurdum”

-Təbii ki, ruslar sizi hər yerdə axtarırdılar. Elə olubmu ki, bir şəhərdən digərinə gedəndə rus əsgərləri sizi yolda saxlasın?

-O dövrün fəallarının hamısını həbs edirdilər. O zaman övladlarım azyaşlı idilər. Bəxtim onda gətirirdi ki, mən işdə olanda evi mühasirəyə alırdılar. Uşaqlar zəng edib deyirdilər ki, ata, evə gəlmə, ruslar evimizi mühasirəyə alıblar. Elə də olurdu ki, evdə olanda iş yerimi mühasirəyə alırdılar. Bəxtim belə çəkirdi. Bu işlərdə mənə təhlükəsizlik orqanlarında işləyən dostlarım da kömək edirdilər. Bir dəfə də avtobusla gedirdik. Ruslar “Xan bağı”nın qarşısında bizi saxladılar. Hansı ki, həmin məşhur “Xan bağı”nda İbrahim xan ailəsi ilə birlikdə mayor Lisaneviçin əmri ilə güllələnmişdi. Həmin bağın yanında Xankəndindən Şuşaya ayrılan yol var.

Orada bir dəstə rus əsgəri avtobusu saxlatdırdılar. Onlara xəbər vermişdilər ki, mən avtobusla Ağdama qaçıram. Orada mən Ağdam cavanlarının cəsarətinə heyran qaldım. Avtobusda bizi bir-bir yoxlamaq üçün dörd tərəfdən avtomatla dayanıb əmr edirdilər ki, ara məsafəsi ilə asta-asta düşün. Məqsəd sənədlərimizi yoxlamaq idi. Həmin vaxt avtobusda olan Ağdam cavanları hamını itələdilər ki, yıxılsınlar və ara qarışsın. Beləliklə, hamı yıxıldı və əsgərlər bir- birinə qarışdı. Mənim sənədimi yoxlamaq diqqətlərindən qaçdı. Bəzən belə də olurdu.

“Türk paşası erməni kəndindən keçməyi əmr edir”

-Qardaş Türkiyə bizə Xalq Cümhuriyyəti dövründə ciddi dəstək verib. Xalqımızı erməni hücumlarından, qırğınlardan qoruyub. 100 il sonra tarix təkrar olundu, Türkiyə yenə bizə dəstək verdi...

-1918-ci ildə mənim babam yerli qurtuluş hərəkatı başçılarından olub. O zaman türk qoşunları Gəncəyə və Ağdama gəlmişdi. İki istiqamət üzrə hərəkət planı hazırlanırdı. Gəncədən Bakıya, Ağdamdan da Qarabağa gəlməyə hazırlaşırdılar ki, buradan işğalçı erməniləri təmizləsinlər. O zaman miralay-polkovnik İsmayıl Haqqı Paşa idi. Babama hamı Seyid Miri deyərdi. Mən babamı görməmişəm. O, 1937-ci il Stalin repressiyaları zamanı güllələnib. Amma babamla bağlı hadisələri mənə atam danışıb. Deyir ki, gündüz xəritələri çəkir, gecə isə yol gedirmişlər. Bir gün qoşun hərəkətə hazır olub, bircə xəritələri çəkmək qalıb. Xocavəndin Dəhraz kəndi var. Həmin kənddən keçmək üçün xəritələr çəkilməliymiş. Lakin qoşun hərəkətə gecikirmiş. Ona görə də İsmayıl Haqqı Paşa deyib ki, birbaşa erməni kəndi ilə gedirik.

Babam həmin vaxtı İsmayıl Haqqı Paşanın cəsarətinə heyran qalıb. Kəndin ortasından keçəndə ermənilər babamgilin hara getdiyini soruşub, babam ermənicə səngərə getdiklərini deyib. Babam ermənicə çox gözəl bilib. Babamgil Dəhraz kəndində mühasirəyə düşürlər. Bizim əsgərlərin hamısı piyada qaçırlar ki, bunları erməni mühasirəsindən qurtarsınlar. Lakin məşhur söz ustası Abdal Qasım at üstündə gəlir. Yəni Abdal Qasım o qədər cəsarətli adam olub ki, açıq hədəf olmaqdan belə çəkinməyib. Bütün bunlar türkün cəsarətidir. Xalqımız qəhrəman xalqdır. Qardaş Türkiyə hər zaman bizə dəstək olub. Bu, indi də davam edir. Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Bu, belə də olmalıdır.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 4841