hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Şuşaya atılan “İskəndər”in dünyada qopardığı tozanaq: Ermənilər, yoxsa ruslar? - MÜZAKİRƏ BUDUR

Şuşaya atılan “İskəndər”in dünyada qopardığı tozanaq: Ermənilər, yoxsa ruslar? - MÜZAKİRƏ BUDUR

Ermənistan və Rusiya 44 günlük Vətən müharibəsi zamanı Şuşa şəhərinə “İskəndər M” raketinin atılması faktını gizlətməyə çalışır.

Ancaq raketin qalıqları tapılıb və üzərindəki nömrə nişanı da Azərbaycana qarşı “İskəndər M”-dən istifadə edildiyini göstərir. Rusiyanın Ermənistandakı səfiri
Sergey Kopırkin də bununla bağlı suallara yayındırıcı cavab verməklə hərbi cinayəti gizlətməyə çalışıb.

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan isə jurnalistin “Müharibə zamanı “İskəndər” tətbiq olunubmu?” sualına “Bu, dövlət sirridir. Mən dövlət sirrini açmağa hazırlaşmıram”,-cavabını verməklə kifayətlənib.

Lakin əldə olunan maddi sübutlarla yanaşı, “Caliber” layihəsinin “YouTube” səhifəsində növbəti videosüjet də Ermənistan ərazisindən Azərbaycana iki ədəd “İskəndər” raketinin atıldığını təsdiq edir. Ermənistandakı “İskəndər” raket kompleksləri isə Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının arsenalında olub. Onun tətbiq edilməsi üçün Rusiyanın icazəsi və hərbi mütəxəssislərin yardımı lazım idi. Əgər həmin raket Azərbaycan atılıbsa, o halda Rusiya bu prosesdə bu və ya digər şəkildə iştirak edib. Raketin Şuşaya Moskvadan gəlmiş xüsusi tapşırıq əsasında, yoxsa Rusiya ordusunda Ermənistana dəstək verən qüvvələrin köməyi ilə atıldığı tam müəyyənləşməyib.

Ancaq bu hərbi cinayətin törədildiyini Ermənistan rəsmiləri özləri də təsdiq edib.

Hərbçi-ekspert, ehtiyatda olan polkovnik Nazim Bayram Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın “İskəndər” raketindən istifadə etməsi Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vuracaq:

“Ermənistanın “İskəndər” raketini Azərbaycana qarşı tətbiq etməsi faktdır. Raketin nömrəsinə baxdıqda onun “İskəndər M” olduğunu görmək olar. Rusiya Ermənistana “İskəndər E” yəni eksport variantını verdiyini iddia edir. Əslində, bu qurğularda fərq ondan ibarətdir ki, “İskəndər E” bir raket, “İskəndər M” isə iki ədədini atır. Yəni eksport variantında qurğunun üstündə bir raket olur. Rusiyanın özünün hərbi arsenalında olan “İskəndər M” qurğularında isə iki raket olur. ANAMA-nın verdiyi məlumatdan da aydın olur ki, Azərbaycan ərazisinə iki ədəd “İskəndər” atılıb. Onların biri digərində 780 metr məsafədə aralı, Şuşa yaxınlığında yerə düşüb. Amma böyük dağıntıya səbəb olmayıb. Ümumilikdə, raketlərin özünün quruluşunda və qurğularda fərq yoxdur. Yalnız raketlərin gücündə və uçuş məsafəsində fərq var.

Şuşaya atılan “İskəndər M” raketi də kaset-qəlpəli olub. Yəni beton dələn olmadığına görə böyük izi qalmır. 1, 4 kilometr yüksəklikdə istiqamətləndirici partlayış törədir və texnikanı, canlı qüvvəni vurmaq üçün diyircəklər buraxır. Buna baxmayaraq, Şuşaya atılan raketdən dağıdıcı diyircək elementləri hələ ki, tapılmayıb. Amma raketin Rusiyaya məxsus olduğunu təsdiq edən sübutlar var”.

O bildirib ki, Boris Yeltsinin prezidentliyi dövründə uçuş məsafəsi 300 kilometrdən artıq olan raketlərin satışına məhdudiyyət qoyan Moskva razılaşması imzalanıb:

“Həmin sazişə yüzdən artıq ölkə qoşulub. Şuşaya atılan raketin qalıqları üzərində biz 9 M 723 yazılıb. Yəni E hərfi yoxdur. Bu, Rusiya Silahlı Qüvvələrinin arsenalında olan silahdır. Ermənilərin əlinə necə gəlib çıxdığını isə bilmirəm. Ancaq bu hadisə çox ciddi beynəlxalq qalmaqaldır. Çünki Rusiyanın üzərində E hərfi yazılmayan raketləri kiməsə verməyə ixtiyarı yoxdur. Ona görə də bütün dünyanı hazırda “İskəndər” raketləri maraqlandırır. Rusiya bu raketləri qərb sərhədi boyunca yerləşdirərək Avropanın şəhərlərinə tuşlayıb. Ona görə də məsələ yalnız Azərbaycan-Rusiya, yaxud Azərbaycan-Ermənistan-Rusiya münasibətlərini əhatə etmir. Əgər raketin üzərində E hərfi yazılmayıbsa, deməli, o, Rusiyaya məxsusdur. Bununla da Rusiya özü Moskva sazişini pozub”.

Qeyd edək ki, bir müddət öncə "NyusMedia" mediaholdinqinin rəhbəri Aram Qabrelyanov Ermənistanın sabiq baş qərargah rəisi Onik Qasparyanla söhbətinin təfərrüatını açıqlamışdı. Onun sözlərinə görə, Qasparyan Azərbaycana “İskəndər” raketi atmaq üçün Baş nazir Nikol Paşinyandan icazə istədiyini deyib. Birinci dəfə baş qərargah rəisi Bakı-Tiflis-Ceyhan neft kəmərini vurmağı təklif edib. Lakin Paşinyan razılaşmayıb. İkinci dəfə isə Şuşanın Azərbaycan ordusu tərəfindən alınmasından bir neçə gün əvvəl Qasparyan “İskəndər” raketi atmaq fikrinə düşüb. Lakin Paşinyan bu dəfə icazə verməyib. Nəhayət, üçüncü dəfə Paşinyan Şuşa şəhərinə raket atmağa razılıq verib. Lakin Ermənistanın hökumət başçısı “İskəndər” raketinin keyfiyyətsiz olduğunu, cəmi 10 faiz partladığını demişdi. Bu isə Kremllə rəsmi İrəvan arasında ciddi narazılığa səbəb olub.

Nazim Bayram hesab edir ki, bu məlumatı Qasparyan rəsmən açıqlamayıb və Qabrielyanovun vasitəsilə yayılmış xəbərdir:

“Lakin Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi və müharibə vaxtı Baş hərbi müfəttişliyinin rəisi olmuş Movses Akopyan rəsmən bəyan etmişdi ki, Ermənistan “İskəndər” raketlərindən istifadə edib. Biz bu məlumata əsaslana bilərik. Bundan başqa, Paşinyanın sözləri, raketlərin tapılmış qalıqları və müharibənin son günlərində Azərbaycana “İskəndər” raketlərinin atılmasına dair videosüjet ciddi dəlillərdir. Orada Qarabağ ərazisinə bir qurğudan qoşa raket atıldığını görmək olar ki, bu da onun “İskəndər M” olduğuna dəlalət edir. Həmin raketin erməni əsgərlərin əlinə necə düşdüyü çox müəmmalıdır. Bəzi məlumatlara görə, Krasnodarda yaşayan erməni oliqarx Karapetyanın vasitəsilə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsindən qanunsuz yolla alınıb və Ermənistana göndərilib. Bu barədə dəqiq məlumat yoxdur. Qabrielyanov onu da deyir ki, müharibənin ilk günlərində “İskəndər”lərdən istifadə etmək üçün ruslara müraciət edib. Onlar da cavabında deyiblər ki, “raket özünüzündür, özünüz bilərsiniz”. Yəni istifadə edin. Bu raketlərin bizə qarşı istifadə olunması beynəlxalq skandaldır. Raketin üzərindəki seriya nömrəsindən onun nə vaxt istehsal olunduğunu, hansı bazadan göndərildiyini müəyyənləşdirmək olur. Rəsmi Moskva bununla raketin əvvəldən Ermənistana verildiyi, yoxsa Gümrüdəki hərbi bazadan, yaxud Rusiyanın öz ərazisindəki hərbi bazadan çıxıb gəldiyini tapa bilər. Bu məsələ artıq beynəlxalq səviyyədə müzakirə olunur və Rusiyanın imicinə zərbə vuracaq. Yəni Rusiya Moskva razılaşmasına əməl etmirsə, deməli digər hərbi müqavilələri də poza bilər”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3059