hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Türkçə lüğət yazmış ərdəbilli yazıçı həbs edildi

Türkçə lüğət yazmış ərdəbilli yazıçı həbs edildi

Güney azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami Ərdəbildə həbs olunub. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, fəal sentyabrın 17-də Ərdəbl məhkəməsinin Həbsləri İcra edən Şöbəsinə müraciət etdikdən sonra şəhərin mərkəzi zindanına aparılıb. O bundan əvvəl İran İslam Cümhuriyyətinin qurucusunu təhqir etməkdə günahlandırılaraq Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib, hökm sonralar Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. Martın 4-də yaxalanan Rəhim Qulami təxminən iki ay saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdəbilin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılmışdı. Fəal saxlanılarkən onun 10 il aralıqsız zəhmətdən sonra topladığı “Türkcə lüğət” əsərinin faylı təhlükəsizlik qüvvələri tərəfindən götürülüb. Azərbaycanın ədəbi mühitində hesab edirlər ki, fəalın son saxlanması sözügedən lüğətlə bağlıdır. Onlar illərcə zəhmətdən sonra çapa hazır olduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən götürülən qiymətli əsərin gələcək taleyindən nigarandir. 

Qeyd edək ki, Rəhim Qulami Ərdəbil şəhərinin tanınmış fəallarından biridir, o bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb. O, “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Aydın
Cebhe.info


Oxunma sayı: 562