hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Türk dili statusunu dəyişir: İran rejimini “dil davası” bitirəcək

Türk dili statusunu dəyişir: İran rejimini “dil davası” bitirəcək

Son vaxtlar İran hökuməti qeyri-farslara münasibətdə yumşaltma siyasəti aparır. 

Belə ki, sentyabrın 23-dən İranın etnik azərbaycanlılar yaşayan bölgələrindəki dövlət məktəblərində türk dili fənn kimi tədris olunacaq. Qeyd edək ki, əsasən, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbildə Azərbaycan dili və ya özlərinin təbirincə, türk dilində və ya Azərbaycan türkcəsində danışılır. Bu ərazidə yaşayan soydaşlarımız uzun illərdir ki, Azərbaycan dilində təhsil almaq üçün mübarizə aparırlar və dilimizin fənn kimi ilk olaraq İranın Şərqi Azərbaycan vilayətindəki dövlət məktəblərində tədris olunacaq. 

Vilayətin təhsil departamentinin rəhbəri Cəfər Paşai xəbər çıxdığı ilk günlərdə bildirib ki, təhsil nazirinin əmrinə, əsasən, dərslər həftədə iki dəfə olmaqla bir tədris ilində 60 saatdan çox olmayaraq keçiriləcək.

Cəfər Paşayi məktəblərdə türk dilinin tədrisi ilə bağlı xüsusi komitənin yaradıldığını da vurğulayıb. Komitə dərslər zamanı, müəllimləri və tədris tərzi ilə bağlı Təhsil İdarəsinin şura mərkəzində müzakirələr aparacaq. Proses təkmilləşdikdən sonra isə layihənin icrasına başlanılacaq. Qeyd edək ki, rəsmi məlumatlarda bu fənnin sinifdənxaric oxu kimi tədris olunacağı bildirilib. İran hökuməti bunu pilot layihə kimi təqdim edir və dərslər yalnız 4-cü və 9-cu sinif şagirdlərinə keçiriləcək. Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək. Pilot layihənin konkret hansı məktəblərdə tətbiq olunacağı isə hələlik açıqlanmayıb. Bu gün İranda qeyri-rəsmi məlumatlara görə 35 milyon azərbaycanlı, 40 milyondan artıq isə türk yaşayır.

Azərbaycan-Türk dilinin İranın ikinci rəsmi dövlət dili olması mümkündürmü?

Məlumdur ki, dünyada buna aid bir sıra nümunələr var. Məsələn, Belçikada fransız və niderland dili rəsmi dövlət dilidir, həmçinin Dağıstan Respublikasında dövlət dili olan dillərdən biri də Azərbaycan dilidir. Kanadada isə rəsmi yazışma və diplomatik dil ingilis və fransız dilidir. 

“Fars bölgələrində əksəriyyət türk dilini öyrənir”

Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən AMEA-nın böyük elmi işçisi, tarixçi alim Dilavər Əzimli İranda türk dilinə olan qısqanclığın səbəblərindən danışıb:

“Əsas səbəblərdən biri türk dilinin fars dili üzərində üstünlüyüdür. Məşhur tarixçi Bartoldun belə bir fikri var: “Bütün dilləri özündə əritməyə qadir olan fars dili, türk dili ilə qoşalaşanda ya onun içində əriyir, ya da ikiləşir”. Yəni üstünlük türk dilinə keçir. Türk dilinin İranda ikinci dil elan olunması faktiki fars hakimiyyətinin sona çatması deməkdir. Çünki fars dili regional dildir. Fars dili bir çox irandillilərin danışığından alınmış dildir. Buna görə də türk dili ilə qoşa gedə bilməyəcək. Regional dil olduğu üçün İran sərhəddindən kənara çıxa bilmir. İranda türk dilində televiziyanı həsrətlə izləyirlər. İsfahanda, Şirazda, Tehranda əksəriyyət türk dilini öyrənir ki, türk kanallarına baxa bilsinlər. Bu baxımdan ikinci dil statusu verməyə razı olmurlar. Bütöv Azərbaycanın içərisində böyük hissəyə malik olan İran rejimi buranı bölməyə çalışır. Hətta bu yaxında yeni bölgü aparmaq istədi, Urmiya ətrafında kürdləri yerləşdirmək istəyirlər”.

“İran şovinizmini bizim dildə bizimkilərin beyninə yeritməyə çalışacaqlar”

Dilavər Əzimli İranın dilimizdən şovinizmin təbliğat vasitəsi kimi istifadə edəcəyini də vurğulayıb: 

“Mənə hələ də məlum deyil ki, həftədə iki dəfə keçirilən dil necə keçiriləcək. Təbii ki, İran şovinizmini bizim dildə bizimkilərin beyninə yeritməyə çalışacaqlar. Ancaq bu mümkün olmayacaq. Bu İranın Azərbaycan türklərinin qarşısında gec-tez geri çəkiləcək. İran türk dilinin ikinci dil olması ilə bağlı addım atmasa, uduzacaq. Azərbaycan türkləri istiqlal uğrunda döyüşürlər, əgər İran bunu nəzərə almasa, uduzacaq. Azərbaycan türkləri heç bir zaman İrana kürdlər kimi, ərəblər kimi baxmırlar. Onlar İran coğrafiyasını Bütöv Azərbaycanın tərkib hissəsi hesab edirlər. Çünki bu coğrafiyanı türklər idarə edib. Fars kimdir ki, İran coğrafiyasını idarə etsin? Böyük Azərbaycanın ərazisi Kəngər körfəzinə qədər gedib çıxıb. İran-fars rejimi hakimiyyəti itirməkdən, Bütöv Azərbaycanın qurulmasından qorxur. Bu, hətta Qərb ölkələrini də qorxudur. İranın arxasında gizli şəkildə Böyük Britaniyadan başlayaraq bir neçə dövlət dayanır. Məqsədləri də Bütöv Azərbaycanın yaranmasına mane olmaqdır. İnsan haqlarını müdafiə edənlər İranda baş verən edamlara qarşı çıxmırlar. Türkləri edam etməyə gücləri çatmır, qəzaya saldırıb öldürürlər. Bu dəqiqə Ermənistanla İran birləşirlər ki, Azərbaycan güclənməsin”.

“Türkcə ikinci dövlət dili ola bilər”

Ümid Partiyası və “Borçalı” Cəmiyyəti sədrinin müavini, Güney Azərbaycan üzrə ekspert Rüfət Muradlı da məsələyə münasibət bildirib. Ekspert ilk növbədə Azərbaycan-Türk dilinin İranda ikinci dövlət dili olmasının mümkünlüyündən söz açıb və bunu tarixi əsaslarla izah edib:

“Buna Azərbaycan türklərinin həm sayı, həm İranın gəlmiş-keçmiş tarixində oynadıqları rol təbii ki, imkan verir. 1930-cu illərdən başlayaraq İranda anti-türk siyasəti baş qaldırdı. Həmin siyasətin nəticəsi olaraq türklərin təcrid edilmə siyasəti başladı. Bu günə qədər də İran hakimiyyətində həmin yanaşma özünü göstərir. O düşüncənin kökləri bir az da dərində-İslamın Azərbaycan coğrafiyasına gəlməsində axtarmaq mümkündür. Hakimiyyəti itirmiş sasanilərin qalıqları İslam daxilində öz fars düşüncəsini saxlamağa çalışdı. Buna tarixdə “Şuubiyyə hərəkatı” deyilir. Həmin “Şuubiyyə hərəkatı” ki, İslam daxilində farsların hakimiyyət əsaslarını, ideoloji əsaslarını saxladı. Farslar İslamın yaranışından Səfəvilər hakimiyyətə gələnə qədərki dönəmi “Fətrət-boşluq” adlandırırlar. Amma Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi ilə həmin boşluq bitdi və boşluğun nəticəsi olaraq ən böyük hədəf türklər olub. İran coğrafiyasının tam yarısını türklər təşkil etdiyinə görə ilk hədəfə də türklər çevrilib. Türklərin tarixinə nəzərən baxışlar fərqli olub. İran taxt-tacında həm əhəmənilər, həm sasanilər, həm də pəhləvilər dönəmində eyni münasibət öz əksini tapıb. 1930-cu ildən başlanan siyasət bu gün də davam edir. Çox təəssüf ki, İranda XX əsrdə həyata keçirdiyimiz inqilablar da nəticəsiz qaldı, çünki buna ideoloji cəhətdən bizim hazırlığımız yox idi. Amma farslar buna hazırlıqlı oldular. Bu gün İranda yaşayan 35 milyondan çox olan soydaşlarımız ana dilinin-Azərbaycan dilinin rəsmi dil olmasına layiqdirlər. Buna kifayət qədər nümunələr var ki, ölkələrdə bir neçə dil rəsmi dövlət dilidir. Hətta sayı az olan xalqlar var ki, onların da öz dilləri rəsmi dövlət dili olub. Biz öz coğrafiyamızı Afrika ilə, dünyanın “geridə qalmış” ölkələri ilə deyil, inkişaf etmiş ölkələrlə müqayisə etməliyik. Məsələn, İsveçrədə kantonlar var, 70 faizi almanlar olmasına baxmayaraq, fransızların, itanyanların da dili dövlət statusuna malikdir”.

“Dillə bağlı pilot layihə uğursuz olacaq”

Həmsöhbətimiz İranın hazırkı pilot layihəsinin heç də uğurlu olmadığını qeyd edib: 

“Son günlər İranda ana dilində təhsil məsələsi də gündəmə gəlir, bu bizim haqqımızdır, bu İran konstitusiyasının 15-ci maddəsində də öz əksini tapıb. Bu gün ana dilində təhsil adı altında 4-cü, 9-cu siniflərdə pilot layihələr həyata keçirirlər. Belə təhsil olmur. Bu, “ana dilində təhsil” deyil. 35 milyon xalqın ana dilində təhsil istəyinə hörmətsizlikdir. 

Ona görə də bu gün əsas hədəf Azərbaycan dilinin rəsmi status almasıdır. Bunu həmişə dəstəkləyirik. Bizim xalqımız 1990-cı illərdən aktiv siyasətə başlayıb. 1980-ci illərdə İran-İraq savaşı gedirdi, ondan qabaq da bizim millətin siyasi fəaliyyəti solçuluq üzərində qurulub, 1990-cı ildən başlayaraq Güney Azərbaycanda milli oyanış hərəkatı yer aldı. Bu mədəni azadlıqlar məsələsi də məhz o dönəmdən sonra daha çox gündəmə gəldi. Bunu almağa ümidliyik. 

Nəzərə alsaq ki, İranın bu gün dünya ilə bağlı ciddi problemləri var, kifayət qədər təzyiqlərə məruz qalır, ona görə də daxildə sakitliyi qoruyub, millətlərin haqlarına hörmət etməyə məcburdur. Bu da dünyaya İranla bağlı pozitiv mesajların ötürülməsinə gətirib çıxarar”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1618