hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Türkiyə: AKP-ni parçalanmaya aparan seçki

Türkiyə: AKP-ni parçalanmaya aparan seçki

Türkiyədə bələdiyyə seçkiləri başa çatsa da, bəzi mübahisələr dairələr üzrə yekun nəticələr açıqlanmayıb.

Müxalifət bloku İstanbul və Ankara olmaqla 12 böyük şəhərdə qalib gəlib. Paytaxtda və İstanbulda Cümhuriyyət xalq Partiyasının (CHP) namizədləri hakim Ədalət və İnkişaf Partiyasının namizədlərini üstələyib. Lakin AKP etibarsız sayılmış səslərin yenidən sayılması ilə bağlı Yüksək Seçki Qurumuna müraciət edib. Hazırda İstanbulda etibarsız bülletenlərin sayımı davam edir.

“Millət ittifaqı”nın namizədi Əkrəm İmamoğlu bidirib ki, artıq İstanbulda17 rayonda etibarsız bülletenlərin sayımı başa çatıb. Bu isə, ümumilikdə 119 mindən artıq etibarsız bülleten deməkdir. Son sayılma ilə Əkrəm İmamoğlu və Binəli Yıldırım arasındakı səs fərqi 18742-yə enib. Belə ki, etibarsız səslərdən 2184 səs Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi olan Binəli Yıldırıma, 800 səs isə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluya yazılıb.

Ankaranın 11 rayonunda səslər yenidən sayılacaq. Türkiyə Yüksək Seçim Kurulu (YSK) hakimiyyətdə olan AKP-nin ölkənin paytaxtındakı səsvermənin nəticələrinə verdiyi şikayət əsasında belə qərar qəbul edib. YSK bu gün İstanbulun 8 rayonunda da səslərin yenidən sayılması barədə qərar çıxarıb.

Qeyri-rəsmi məlumatlara görə, müxalifətçi CHP 1994-cü ildən sonra ilk dəfə Ankaradakı böyük şəhər bələdiyyəsinə seçkilərdə qələbə qazanıb və Mansur Yavaş Ankaranın meri seçilib. Yavaşın əsas rəqibi, AKP-nin sədr müavini Mehmet Özhaseki səslərin cəmi 47,06 faizini toplayıb.

Maraqlıdır, bu, AK Partiyanın siyasi cığallığıdırmıə

Politoloq Nəzakət Məmmədova Cebhe.info-ya bildirib ki, seçki elə bir prosesdir ki, mütləq bir tərəf narazı qalır:

“Seçkidə qalib gələn tərəf həmişə öz qələbəsini qəbul edir, amma məğlub tərəf həmişə narazı olur. Adətən dünyada iqtidarları ittiham edirlər ki, əlində olan resurslardan, təzyiq vasitələrindən istifadə edib seçkinin nəticəsinə təsir göstərib. Məsələnin maraqlı tərəfi budur ki, Türkiyədə iqtidar narazılığını bildirir. Bu da demokratiyanı göstərir. Əgər iqtidarı ittiham etsəydilər, bu, çox təbii olardı. Amma AKP hakimiyyətdə ola-ola seçkinin nəticələrindən şikayət edir. Bu, diqqətçəkən bir hadisədir. Təbii ki, Türkiyə ənənələri demokratik olan bir ölkədir. Bələdiyyə seçkilərində müxalifət partiyasının qalib gəlməsi AKP üçün ciddi bir siqnal oldu. Belə ki, gələcəkdə AKP hakimiyyəti itirə bilər. Artıq bu bir növ əhalinin AKP-dən yorulduğunu, ona olan inamın nisbətən zəiflədiyini və CHP-yə üz tutduğunu göstərir. Bu da çox təbiidir. Çünki böyük şəhərlərin əhalisinin əksəriyyəti, əsasən təhsilli insanlardır”.

Politoloq Türkiyədə həm dindar kəsimin, həm də modern düşüncəli insanların olduğuna da diqqət çəkib:

“Modern insanların çoxu Ərdoğanın dinə meyilliyini bəyənmirlər. Onlar hesab edir ki, Türkiyənin gələcəyi dinlə bağlı deyil, Qərblə bağlıdır. CHP ona görə qalib gəldi ki, modern insanlar Ərdoğanın siyasəti ilə razılaşmırlar. Onlar hesab edir ki, Türkiyə Avropayla, Amerika ilə və yaxud da Qərblə yaxınlaşmalıdır. Türkiyənin Rusiya ilə yaxınlaşma siyasəti modern insanları qane etmir. Amerikalı keşiş Endryu Bransona görə Amerika ilə Türkiyə arasında ziddiyyətlər yarandı. Bu da Türkiyənin siyasi və iqtisadi bir böhran yaşamasına yol açdı. Bunun günahını AKP hakimiyyətində görən əhalinin böyük hissəsi CHP-yə səs verdi. Onlar hesab edirlər ki, CHP hakimiyyətdə olsaydı, bu problemləri yaşamazdılar. Fakt odur ki, CHP əsas aparıcı və böyük şəhərlərdə qalib gəldi. CHP-nin əsas elektoratı Ege bölgəsində və İzmir şəhərində idi. Amma paytaxt Ankara, İstanbul kimi böyük şəhərlərdə bələdiyyə başqanı CHP-dən olursa, bu, AKP hökuməti üçün böyük problemlərin yaranması deməkdir”.

Nəzakət Məmmədova onu da qeyd edib ki, AKP FETÖ-nun (Fətullahçı Terror Təşkilatı) seçkilərə müdaxilə etdiyini iddia edib:

“Bundan əlavə, gündəmdə vaxtilə, AKP-dən ayrılmış sabiq prezident Abdulla Gül, sabiq Baş nazir Əhməd Davudoğlu və sabiq Xarici işlər naziri Ali Babacanın yeni partiya qurub AKP-ni parçalamağa çalışmaqları kimi məsələlər də var. Bu da AKP üçün problemdir. İYİi Partiya uğurlu layihə olmadı. Amma AKP-nin qurucularından olan insanlar Ərdoğandan ayrılıb partiya yaratdılar. Onlar gələcəkdə CHP ilə koalisiyaya gedə bilərlər. Əgər bu baş versə, AKP getdikcə zəifləyəcək və bu da hakim partiyanın sonu olar. Artıq Ərdoğan vəziyyətin təhlükəli məcraya yönəldiyinin fərqindədir. Artıq böyük şəhərlərdə mövqelər itirildi. Əgər seçkinin nəticələrinin saxtalaşdırılmasına görə hakimiyyəti müxalifət ittiham etsəydi, bəlkə də qanun pozuntuları aşkarlanmazdı. Amma indi hakimiyyət özü iddia qaldırdığı üçün, məsələnin araşdırılmasında maraqlı olacaq. Əgər həqiqətən də, seçkinin nəticələrinin saxtalaşdırılmağına dair faktlar varsa və həqiqətən də bu qanun pozuntusu seçkinin nəticəsinə təsir göstəribsə, bu zaman nəticələr ləğv olunacaq. Əgər aşkarlanan pozuntular seçkinin nəticəsinə təsir göstərməyən xırda detallardırsa, o zaman təbii ki, nəticələr qüvvədə qalacaq. Hər halda bu məsələ CHP ilə AKP arasında məhkəmə çəkişməsinə səbəb olacaq. Amma faktların üzə çıxma ehtimalı çoxdur. Çünki hər iki tərəf güclüdür”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 14733