hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Türkiyə Aralıq dənizində təbii qaz rezervi aşkarlayıb - RƏY

Türkiyə Aralıq dənizində təbii qaz rezervi aşkarlayıb - RƏY

“Türkiyə sonunda istəyinə nail oldu. Bu gün edilən açıqlamada Türkiyənin Kipr adası ətrafında təbii enerji axtarışı aparan “Fatih” gəmisinin təbii qaz rezervi aşkarladığı qeyd olunub. Aşkarlanan təbii qaz rezervi təxminən 170 milyard kubmetrdir. Türkiyə bütün təzyiqlərə baxmayaraq, sonunda istəyinə nail olub. Bu sıradan bir hadisə deyil”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. 

Politoloq Türkiyənin gələcəkdə də ada ətrafında fəaliyyətlərini daha da genişləndirəcəyini, hətta adanın quru səthində də araşdırmalara başlaya biləcəyini bildirib:

“Birincisi, axtarışların nəticə verməsi Aralıq dənizində Türkiyənin fəaliyyətini daha da artıracaq. Türkiyə uzun illərdir ki, bu regionda təbii enerji axtarışları aparır, lakin elə də effektiv bir nəticə əldə edə bilməmişdi. İndi isə  vəziyyət artıq dəyişib. Türkiyə artıq Aralıq dənizindəki axtarışlarının nəticəsiz olmadığını anlayıb və fəaliyyətlər bu istiqamətdə daha da inkişaf edəcək.

İkincisi, xəbər artıq yunan, qərb və rus mətbuatında geniş səs-səda yaradıb. Xüsusilə Türkiyənin Aralıq dənizində tapdığı təbii qaz rezervi son zamanlar hər sahədə geniş əməkdaşlıq etdiyi Rusiyanın diqqətini cəlb edəcək. 
Üçüncüsü, regionun təhlükəsizliyi baxımından Türkiyə Aralıq dənizi donanmasının tərkibini artıra bilər. Aydın məsələdir ki, Yaxın Şərq regionu üçün neft və qaz bəladan başqa bir şey gətirməyib. Lakin Türkiyədə sadə bir Yaxın Şərq ölkəsi deyil. Regionda öz təhlükəsizliyi və milli maraqları çərçivəsindən Aralıq dənizindəki donanmasını daha da gücləndirmək məqsədilə əsaslı addımlar ata bilər.

Dördüncüsü, Türkiyə yunan tərəfinin dediyinin əksinə yunanlarla ada ətrafı geniş bir axtarış üçün əməkdaşlıq aparmağa hazırdır. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Yunan tərəfi əməkdaşlıq etməkdən boyun qaçırdığı müddətdə Türkiyə daha da əsaslı adımlar atacaq" ifadəsi əslində Türkiyə tərəfinin yunan tərəfi ilə əməkdaşlığa hazır olduğun bir daha göstərir.

Beşinci amil isə Şimali Kipr Türk Respublikasıdır ki, məsələylə bağlı açıqlama verən prezident köməkçisi və Xarici İşlər naziri Kudret Özersay "Türkiyənin bütün Kipr ətrafında enerji axtarışları aparılmaması üçün heç bir səbəb yoxdur" ifadəsi Şimali Kiprin də bu məsələdə maraqlı olduğun bir daha göstərir. Düşünürəm ki, gələcəkdə Türkiyə ada ətrafında fəaliyyətlərini daha da genişləndirəcək və hətta adanın quru səthində də araşdırmalara başlaya bilər”.

Cebhe.info


Oxunma sayı: 936