hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Türkiyə hakimiyyəti parçalanır

Türkiyə hakimiyyəti parçalanır

Yaxın perspektivdə Türkiyədə yeni sağ mərkəzçi siyasi partiyanın elan olunacağı gözlənilir.

Sabiq baş nazir Əhməd Davudoğlunun liderliyi ilə bu siyasi təşkilatın yaranması hakim Ədalət və İnkişaf Partiyasından xeyli sayda istefalara səbəb ola bilər. Əhməd Davudoğlunu dəstəkləyəcək AKP-çilər arasında baş nazirin sabiq müavini Əli Babacan, eks-prezident Abdulla Gül, Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədri Haşim Kılıç, AKP başqanının keçmiş müavini Səlcuk Özdağ, Ankaranın sabiq meri Melik Gökçek kimi nüfuzlu siyasətçilərin adları çəkilir.

Ona görə də Əhməd Davudoğlunun siyasi partiya qurması hakim elitanın parçalanmasına səbəb ola bilər. Bu isə prezident növbəti parlament seçkilərində AKP-nin iqtidardan düşməsi və Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin sonunun sürətlə yaxınlaşması deməkdir. Yəni R.T.Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini növbəti dəfə irəli sürməyə, yaxud məğlubiyyətlə üzləşə bilər. Əhməd Davudoğlunun prezident Ərdoğanın siyasətini tənqid edən 15 səhifəlik bəyanatından sonra AKP daxilində qarşıdurma açıq müstəviyə keçib. Hətta aprelin 26-da AK partiyanın bələdiyyə seçkilərinin nəticələrinə həsr olunmuş qurultayına Əhməd Davudoğlu qatılmayıb. Həmin tədbirdə prezident Ərdoğan yeni partiya təşkil etmək istəyənlərə isə hədələyici mesajlar ünvanlayıb. Ərdoğanın çıxışındakı tezislərdən məlum olur ki, Davudoğlunun partiyasına qoşulmaq üçün AKP-nin yerli təşkilatlarının üzvləri ilə danışıqlar aparılır. Bu isə hakim partiyanın yaxın perspektivdə təşkilati strukturlarına ciddi parcalanmanın baş verə biləcəyini deməyə əsas verir. Prezident Ərdoğanın “hansı vilayətlərdə, hansı yerlərdə nə işlə məşğul olduqlarını bilirik, hamısından xəbərimiz var. Zamanı gələndə hesabı sorulacaq"-deməsi bunu bir daha təsdiq edir.

Artıq analitiklər Türkiyədə gözlənilən bu siyasi hadisənin mümkün nəticələrini proqnozlaşdırmağa çalışır. Söhbət ilk növbədə, AKP-nin gələcək siyasi taleyindən gedir. Bəzi fikirlərə görə, Ə.Davudoğlunun liderliyi ilə yeni partiyanın yaranması Türkiyədə yeni siyasi güc mərkəzinin yaranmasına gətirib çıxaracaq. Bu da hakimiyyət dəyişikliyinə yol açmaqla yanaşı, siyasi islamçılıq dəyərlərinə üstünlük verən hazırkı qüvvələrə ölkəyə rəhbərilyi əllərində saxlamaq imkanı yaradacaq. Belə ki, ölkədə Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni uğur dönəminin başlandığını görən sağ mərkəzçi dini kəsim hakimiyyəti əlində saxlamaq üçün prezident Ərdoğandan imtina etmək hesabına yenidən siyasi revanş götürməyə çalışır. Digər ehtimallara görə, siyasi elitada baş verən parçalanma AKP-nin və onun “şinelindən” çıxan təşkilatların zəifləməsinə gətirib çıxaracaq ki, bu da növbəti seçkilərdə CXP-nin və reytinqi artmaqda olan İyi Partiyanın qələbəsini asanlaşdıra bilər.

Politoloq Qabil Hüseynli hesab edir ki, Əhməd Davudoğlunun partiya yaratması Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə gətirib çıxara bilər:

“Yeni partiyanı qurmaq istəyənlər prezident Ərdoğanın siyasi həyatdan kənarlaşdırdığı şəxslərdir. Əhməd Davudoğlu çox bacarıqlı, nüfuzlu və professor kimi mütəxəssis bir kadrdır. Rəcəb Tayyib Ərdoğan onu baş nazir vəzifəsindən və AKP-nin sədri vəzifəsindən uzaqlaşdırdı, sonra isə öz maraqlarına uyğun olaraq prezidentlik üsul-idarəsi yaratdı. Eyni zamanda, Ərdoğan AKP-nin sədri oldu. Əli Babacan ABŞ-da təhsil almış savadlı iqtisadçıdır. Xeyli müddət iqtisadiyyat naziri, xarici işlər naziri, baş nazirin müavini işləyib. Prezident Ərdoğan onu da hakimiyyətdən uzaqlaşdırdı. Abdulla Gül faktiki olaraq, AKP-nin qurucusudur. Hətta partiyanın dövlət qeydiyyatını da Abdulla Gül edib. Ərdoğanın barəsində cinayət işi olduğu müddətdə Abdulla Gül baş nazir kimi ölkəni idarə edib. Hətta onun üzərindən cinayət işinin götürülməsində rol oynayıb. Yaxud baş nazirin sabiq müavini Bülənt Arınç dəfələrlə Ərdoğana siyasi davranışlarına diqqət yetirməyi tövsiyə etsə də, müsbət nəticəsi olmadı. Ərdoğan isə heç bir səriştəsi olmayan kürəkəni Berat Albayrakı maliyyə naziri təyin etməklə faktiki olaraq, hökumətin idarə edilməsini ona həvalə edib. Albayrakın da dünyanın iqtisadi dairələrində reytinqi yoxdur. İndi Əhməd Davudoğlu yeni sağ mərkəzçi partiya yaratsa, AKP parçalana bilər. Hesab edirəm ki, Davudoğlu AKP daxilindəki rüşvətə, korrupsiyaya bulaşmamış, sağlam, vətənpərvər qüvvələri öz ətrafına çəkəcək. ”Qarşıdan gələn prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın prezident seçilə bilməyəcəyi şübhə doğurmur. O, namizədliyini yenidən irəli sürsə də, məğlub olacaq. Ona görə də hesab edirəm ki, yeni partiya yaranarsa, növbədənkənar parlament seçkiləri keçirilə bilər. Ümumiyyətlə, Türkiyə çox təlatümlü bir dövrdən keçir. İstanbuldakı seçkilər ətrafında süni ajiotaj yaradılıb. Dövlətin xarici siyasəti, müttəfiqlərlə münasibəti tamamilə korlanıb. Belə bir şəraitdə yeni bir partiyanın yaranmasına ehtiyac var. Bu təşkilat mövcud siyasi boşluğu doldura bilər”.

Lakin Qabil Hüseynli onu da bildirdi ki, Əhməd Davudoğlunun yeni partiya yaratması CXP-nin son vaxtlar artmaqda olan siyasi uğurlarına mane ola bilməz:

“Əhməd Davudoğlu millətini sevən şəxsdir və siyasi islama o qədər çox meyili yoxdur. Qeyd edim ki, Atatürkün partiyası olan CXP Ərdoğanın prezidentliyi dövründə ciddi siyasi zərbələr alıb. Artıq Türkiyədə sosial-demokratiyanın qələbəsi dövrü başlayıb və yeni partiyanın yaranması bunun qarşısını ala bilməyəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 9861