hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Türkiyə: İki rəqibə qarşı bir seçki

Türkiyə: İki rəqibə qarşı bir seçki

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Müşahidələr göstərirr ki, əsas mübarizə əsas iki qüvvə-hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının yaratdığı “Cümhur İttifaqı” ilə Cümhuriyət Xalq Partiyası (CHP), Səadət və İyi Partiyanın qurduğu “Millət İttifaqı” arasında gedəcək. “Millət İttifaqı”nda qeyri-rəsmi olaraq HDP də təmsil olunur. Hazırkı seçki mənzərəsində hər iki qüvvənin ayrı-ayrı yerlərdə güclü olduğu görünür.

Əsas mübarizə isə böyük şəhərlərdə, xüsusilə də İstanbulda gedir. Seçki ərəfəsində qüvvələr nisbəti necədirə Hansı blokun üstün gələcəyi gözlənilirə

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Qərb müxalifətə dəstək verəcək: “Bələdiyyə seçkilərini Ərdoğanı istəməyən Qərb dairələri də maraqla izləyəcək və qarşı cəbhəyə dəstək verəcək. Bu seçkilər iqtidar-müxalifət partiyalarının Türkiyənin ictimai-siyasi mühitinə təsir imkanları ilə bağlı məsələlərə aydınlıq gətirməlidir. Bu gün Türkiyənin həm daxili ictimai-siyasi durumu, həm də hökumətin həyata keçirdiyi siyasət istər türk xalqı, istərsə də xarici qüvvələr tərəfindən birmənalı qarşılanmır. Hesab edirəm ki, bu seçkilərin Türkiyədə dövlət idarəçiliyinə ciddi təsir imkanları olmasa da, hər halda bələdiyyələrdə əldə olunan uğurlar siyasi partiyaların yerlərdə güclənməsinə səbəb ola bilər. Xatırlatmaq yerinə düşər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasətdəki müzəffər yürüşünü İstanbul bələdiyyəsində əldə etdiyi uğurdan başlamışdı. Türkiyədə siyasi partiyaların bələdiyyə seçkilərinə münasibəti də məhz bu konteksdə qiymətləndirilir.

Partiyaların bu seçkilərdə əldə etdiyi uğurlar onlara hakimiyyətə gəlmək şanslarını artırır, ictimai-siyasi nüfuzunun artmasına səbəb olur. Çünki bələdiyyələrin büdcə imkanları və yerlərdə həyata keçirilən sosial layihələrdə partiya üzvlərinin iştirakı onların parlament seçkilərində qələbə qazanmasının təməlini qoyur. Bunu iqtidar da, Cümhuriyət Xalq Partiyasının (CHP) liderliyi ilə seçkiyə gedən qüvvələrdə yaxşı anlayır. Seçkilərdə Türkiyə siyasi elitasında əsasən sağ millətçilər və sol mərkəzçilər münasibətlərinə aydınlıq gətirməli idi. Eyni zamanda sol mərkəzçi qüvvələrin ehtimal olunan şansları Türkiyənin həyata keçirdiyi siyasəti bəyənməyən Qərb dairələrinin diqqət mərkəzində olacaq. Aydın məsələdir ki, Türkiyənin NATO, ABŞ və Avropa İttifaqı ilə münasibətlərindəki müəyyən məqamlara görə, Ərdoğanın iqtidarının hakimiyyətdən kənarlaşdırılmasında maraqlı olan məlum dairələr bələdiyyə seçkilərində müxalif qüvvələrə, nəinki maliyyə dəstəyi verəcək, hətta bu dəstəyi daha da artıracaq. Bu mənada düşünürəm ki, bələdiyyə seçkilərində iqtidar və müxalifətin əldə edə biləcəyi nəticələr onların gələcək münasibətlərinə aydınlıq gətirməklə yanaşı, həm də parlament və prezident seçkilərində əldə olunacaq uğurların təməlini qoyacaq”.

İstanbul bələdiyyəsi uğrunda gedən mübarizəyə də toxunan politoloq qeyd edib ki, bu şəhərdə uğur qazanan qüvvə gələcək prezident seçkilərində qələbənin təməlini qoymuş olacaq:

“İstanbul bələdiyyəsi sədrliyinə iqtidarın namizədi Binəli Yıldırımdır. Bu onu göstərir ki, bu seçkilər iqtidar üçün çox əhəmiyyətlidir. Binəli Yıldırım dövlət idarəçiliyində kifayət qədər təcrübəsi olan şəxsdir. O, Türkiyədə nəqliyyat naziri, baş nazir və hətta parlament sədri vəzifələrində çalışıb. Türkiyə iqtidarında söz sahibidir, müxalifətdə də müəyyən nüfuzu və münasibətləri olan şəxsdir. Yıldırımın İstanbul bələdiyyəsinə namizəd olması iqtidarın bu bölgədə seçkilərə güclü girmək istəyinin bariz göstəricisidir. Xatırladaq ki, bir qayda olaraq sol mərkəzçilər bələdiyyə seçkilərində ən böyük uğurlarını kənd yerlərində qazanıblar. Sonuncu prezident seçkilərində isə Mustafa Kamal Atatürkün qurduğu CHP böyük şəhərlərdə də ciddi uğur qazanaraq bir növ hazırkı iqtidarın uzun illər davam edən hegemonluğuna son qoymuş oldu. Bu baxımdan Binəli Yıldırımın İstanbul bələdiyyəsi sədrliyinə namizəd olması iqtidarın qələbəni sığortalamaq istəyindən irəli gəlir. Çünki Türkiyənin gələcək geosiyasi durumu da böyük ölçüdə məhz, bu seçkilərdən asılı olacaq. Ərdoğan iqtidarı da bunun fərqində olduğunu göstərir”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 7779