hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi? - Ekspert şərh edir

Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi? - Ekspert şərh edir

ABŞ Türkiyəyə “Patriot” komplekslərinin alınması haqqında etdiyi təklifi rəsmən geri götürüb.

Bunu “CNN” telekanalının efirində Dövlət Departamentinin nümayəndəsi deyib.

“Biz davamlı şəkildə Türkiyəyə deyirdik ki, əgər “S-400”-ləri alsanız, “Patriot”u satmaq barədə son təklifimizi geri çəkəcəyik. Bizim “Patriot”la bağlı təklifimizin müddəti artıq bitib”, - deyə o bildirib.

Cebhe.info-ya açıqlama verən politoloq Elşən Manafov baş verənlərin Türkiyə-ABŞ deyil, Türkiyə-NATO münasibətlərinə zərbə endirə biləcəyini qeyd edib:

“Türkiyə-ABŞ arasında yaşanan gərginliyin səbəbkarı Amerikadır və məsuliyyət də daha çox onun öz üzərinə düşür. Çünki zamanında Türkiyə “Patriot” komplekslərinin ABŞ-dan alınması təklifini etmişdir. Amerika isə bu komplekslərin verilməsi söhbətini uzatdı.

Türkiyə isə öz təhlükəsizlik maraqlarından çıxış edərək “S-400”-lərin alınması ilə bağlı qərar qəbul etdi. Məlum oldu ki, ABŞ-ın Türkiyəyə verəcəyi “Patriot” kompleksləri Amerika ilə Türkiyə arasında münasibətlərdə gərginliyin baş verdiyi təqdirdə Türkiyənin milli təhlükəsizliyini təmin etməyəcəkdi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü də demişdi.

“F-35”-lərə gəlincə, ABŞ onları Polşaya verdi. Polşa da NATO-nun üzvüdür və nəticə etibarı ilə Türkiyənin milli təhlükəsizlik maraqlarına dolayısı yolla ikinci zərbə endirildi. Rəcəb Tayyib Ərdoğanın israrlı təkliflərinə baxmayaraq ABŞ PKK-nın Suriyadakı qolu sayılan PYD/YPG-ni maliyyələşdirməkdən çəkinmədi. İdlib məsələsində də ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarını düşünmədi. Nəticə etibarı ilə baş verənlər Türkiyə-ABŞ deyil, Türkiyə-NATO münasibətlərinə zərbə vura bilər. Türkiyə artıq öz maraqlarını türk dünyasında, Asiya, Avrasiya bölgəsində qorumağa başlayıb. Türkiyə həm də İslam dünyasında Osmanlının əvvəlki statusunu bərpa etməyə çalışır. Düşünmürəm ki, Rusiya və Türkiyə arasındakı əməkdaşlıq ciddi strateji əhəmiyyət kəsb edəcək”.
Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1574