hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Türkiyə siyasətində dönüş: Ərdoğan narazıları susdura biləcək?

Türkiyə siyasətində dönüş: Ərdoğan narazıları susdura biləcək?

İstanbul Böyük Şəhər Bələdiyyəsinə keçiriləcək seçkilərdə həm Ədalət və İnkişaf Partiyası (AKP) , həm də Cümhuriyyət Xalq Partiyası (CHP) namizədlərini dəyişməyib. 

Yəni "Cümhur İttifaqı"ndan Binəli Yıldırım, "Millət İttifaqı"ndan isə Əkrəm İmamoğlu İstanbulun meri postuna namizəd olacaq. Qeyd edək ki, səsvermənin ümumi nəticələri üzrə 0,3 faiz fərq nəzərə alınmazsa, hər iki namizəd martın 31-də keçirilmiş səsvermə zamanı demək olar ki, eyni səs toplamışdı. Bu baxımdan, növbəti seçkilərdə eyni namizədlərin şansının yenə bərabər, yoxsa əvvəlkindən daha fərqli olacağı ilə bağlı məsələ gündəmin aktual sualına çevrilib.

Son proseslər martın 31-də keçirilmiş seçkilərin qalibi olan Əkrəm İmamoğlunun iyunun 23-də qələbə şansının daha çox artdığını göstərir.Belə ki, qısa müddətdə İstanbul Böyük Şəhər Bələdiyyəsinə rəhbərlik edən Əkrəm İmamoğlunun siyasi reytinqi xeyli artıb.Paralel olaraq, Yüksək Seçki Kurulu tərəfindən məğlub elan edilmiş Binəli Yıldırımın reytinqi isə xeyli aşağı düşüb.Bu prosesin hakim AK Partiya daxilində qarşıdurmaların artması fonunda baş verməsi Ə.İmamoğlunun şanslarını artıran amillərdən biridir.Hakim elita demək olar ki, parçalanmış durumdadır və AKP-nin ən nüfuzlu siyasi liderləri seçkilərdə müxalifətin qələbə qazandığını elan edərək, bu məğlubiyyətə görə, prezident Rəcəb Tayyib Ərdoğanı ittiham edir. Sabiq baş nazir Əhməd Davudoğlu, Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədri Haşim Kılıç, baş nazirin sabiq müavini Bülənt Arınç martın 31-də keçirilmiş seçkilərdə məğlubiyyətin əsas səbəbi kimi AKP-nin Milliyətçi Hərəkat Partiyası ilə ittifaqa getməsini göstərib. Eks-prezident Abdulla Gül isə seçkilərin nəticələrinin ləğvini tənqid edib.Eyni zamanda Türk İş Adamları və Sənayeçiləri Birliyinin (TUSİAB), yəni iri biznes dairələrinin Əkrəm İmamoğlunu dəstəkləyən bəyanatla çıxış etməsi müxalifətin namizədinin şansını artırır.

Ancaq hakim partiya da seçkiləri qazanmaq üçün israrla bütün resurslarını səfərbər etməyə çalışır.Ona görə də qarşıdan gələn seçkilərin daha gərgin siyasi mübarizə şəraitində keçəcəyi gözlənilir. Hətta CXP və İyi Partiya Yüksək Seçki Kurulu üzvlərinin səlahiyyət müddəti başa çatdığı üçün 2018-ci il iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğvini tələb edib. 

Yaranmış vəziyyəti şərh edən "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu seçkilərdə rəqabətin keçəcəyini, lakin nəticələrdə kəskin fərq olmayacağını deyir: 

"AKP-nin İstanbulla bağlı israrlı mövqe sərgiləməsinin ardınca, müxalifətin də prezident və parlament seçkilərinin nəticələrinin ləğvinə dair YSK-ya müraciət edəcəyi gözlənilən idi. Artıq söhbət hansı namizədin daha çox qələbə qazanmaq imkanına malik olmasından getmir.İstanbulun qazanılması artıq hər iki tərəf üçün prinsipial hədəfə çevrilib.Bu seçkinin nəticələri növbəti mərhələlərdə Türkiyə siyasətində maraqlı proseslərin getməsinə səbəb olacaq.Seçkilərin nəticələrinin ləğvi siyasi səhnədə müəyyən qarşıdurmalara gətirib çıxara bilər ki, bu da arzuolunan hal deyil.İstanbul Böyük Şəhər Bələdiyyə Seçkilərinə belə həssaslıqla yanaşılmasının da xüsusi səbəbləri var. Türkiyənin siyasi sistemində, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər növbəti mərhələdə, parlament və prezident seçkiləri üçün mühüm siyasi baza rolunu oynayır.Bu mənada, bələdiyyə seçkilərinin nəticələri siyasi qüvvələrin öz güclərini müəyyənləşdirməsi, siyasi imkanlarını proqnozlaşdırması baxımından mühüm məsələdir.Martın 31-də keçirilmiş seçkilərin nəticələri də qeyd edilən nöqteyi-nəzərdən mühüm mesajlar vermiş oldu.Ona görə də heç bir tərəf güzəştə getmək istəmir.Rəqib tərəflər namizədlərini dəyişməməklə prinsipiallıq nümayiş etdirməyə çalışır.Hesab edirəm ki, nəticələr əvvəlkindən ciddi şəkildə fərqlənməyəcək.Çünki hər iki siyasi qüvvə növbəti seçkilərdə qalib gəlmək üçün bütün elektoratını səfərbər edib. Bələdiyyə seçkilərində əsl qalibin kim olduğunu İstanbul seçiciləri müyyən edir. Ona görə də həm iqtidar, həm də müxalifət bu məsələdə israr edir.İstanbul seçkisinin nəticəsi növbəti parlament və prezident seçkilərində hansı siyasi qüvvənin ciddi hazırlaşa biləcəyinə yaşıl işıq yandıracaq.Mənim şəxsi qənaətimə görə, İstanbulda məğlub olan tərəf çalışacaq ki, bu göstərici maksimum az faizlə olsun ki, elektoratın diqqətini cəlb etməsin".

Vüqar Zifəroğlu bildirdi ki, prezident və parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müxalifətin tələbinin təmin ediləcəyi real görünmür.

Qeyd edək ki, siyasi qarşıdurma dərinləşəcəyi təqdirdə, "Millət İttifaqı"nın parlamenti tərk edəcəyi ehtimalı da nəzərdən keçirilir. Bu halda Türkiyə hakimiyyəti növbədənkənar parlament seçkiləri təyin etmək məcbriyyətində qala bilər. Vüqar Zifəroğlunun sözlərinə görə, mövcud şəraitdə CXP növbədənkənar seçkilərin keçirilməsində maraqlı deyil: 

"Düşünmürəm ki, Cümhuriyyət Xalq Partiyası Türkiyədə erkən parlament seçkilərinə getməyə hazırdır. Hətta yaxın gələcəkdə Türkiyədə siyasi partiyaların siyasi bazasında ciddi dəyişikliklər baş verə bilər.Növbəti parlament seçkilərinə CXP-ni Kamal Kılıçdaroğlunun aparacağını demək çətindir.Yəni CXP-nin Əkrəm İmamoğlunun liderliyi altında seçkilərə gedəcəyi istisna edilmir.İmamoğlunun prezident Ərdoğana ünvanlanmış "isti" mesajlar göndərməsi də bunun əlamətidir. Yaxud sağ mərkəzçi düşərgədə Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni siyasi partiyanın meydana çıxacağı gözlənilir". 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1662