hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Türkiyə siyasətində “yunan düyünü”

Türkiyə siyasətində “yunan düyünü”

Yunanıstanın Selanik şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin iki avtomobili yandırılıb. 

Hər iki avtomobili yandıranın kimliyi hələ ki məlum deyil. Diplomatik dövlət nömrə nişanlı maşınlardan biri Türkiyənin Selanikdəki ticarət ataşesi Serkan Buralın xidməti avtomobildir. Hadisə onun evinin qarşısında, aş verib. Bu hadisədən qısa müddət sonra S.Buralının evindən, təxminən bir km aralıda beynəlxalq təşkilatlardan birində işləyən Türkiyədən olan qadına aid avtomobilin üzərinə benzin tökərək yandırıblar. Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, avtomobillər yararsız vəziyyətə düşüb. 

Yunanıstanın polisi və təhlükəsizlik orqanları hadisələrlə bağlı araşdırma aparır. Baş vermiş hadisənin təfərrüatına gəlincə, cinayət faktının siyasi motivlə törədildiyi şübhə doğurmur. Çünki yandırılan hər iki maşın fiziki şəxsə deyil, diplomatik nümayəndəliyə məxsusdur. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu isə hesab edir ki, Türkiyə vətəndaşlarının avtomobillərinə edilən hücum Yunanıstandakı radikal siyasi baxışlara malik qüvvələrin də işi ola bilər: 

“Yunanıstanda həmişə Türkiyə əleyhinə fəaliyyət göstərən radikal qüvvələr mövcuddur. Bu qruplar zaman-zaman özünü göstərir və Türkiyə ilə Yunanıstan arasında gərginlik yaşanır. Bu gərginlik sərhəd mübahisəsində, yaxud hansısa aksiyalar şəklində özünü göstərir. Hər iki ölkənin rəhbərliyi sülhün əldə edilməsi üçün mütəmadi danışıqlar aparsa da, yenə Yunanıstandakı müəyyən qüvvələr təxribatçı addımlar atmaqla gərginliyin yaranmasına səbəb olur. Ancaq İslandiya ilə Türkiyə arasında keçiriləcək futbol matçı ərəfəsində törədilən təxribat, bunun ardınca Yunanıstanda baş verən hadisə son vaxtlar Avropada Türkiyəyə qarşı bir senarinin işə salındığı qənaətini yaradır. Məqsəd Türkiyə dövlətini təxribata çəkməklə imicini zədələməkdir. Ancaq Türkiyə dövlətinin bu oyunlara gedəcəyinə inanmıram”. 

Ekspert Yunanıstanda keçirilən son parlament seçkilərinin də bu hadisənin baş verməsində rolunun olmasını istisna etmir: 

“Yunanıstanda hər zaman seçkilərdə radikal qüvvələr fəallaşır. Çünki Yunanıstanda loyal mövqeli siyasi qruplarla yanaşı, radikallar da var. Onlar Türkiyə əleyhinə addımlar atmaqla siyasi xal qazanmağa çalışır. Yəni bu daha çox daxili auditoriyaya hesablanıb. Eyni vəziyyəti biz son günlər Türkiyədə də müşahidə edirik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə namizəd Əkrəm İmamoğlunu Yunanıstan əsilli olmaqda ittiham edir. Yəni bütün bunlar seçkilərdə səs toplamaq üçün daxili auditoriyaya yönəlmiş təbliğat məqsədi daşıyır”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1068