hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Türkiyə üçün “S-400” tələsi

Türkiyə üçün “S-400” tələsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “S-400” zenit raket komplekslərinin NATO-nun gücünü daha da artıracağını bildirib.

Dövlət başçısı qeyd edib ki, NATO Türkiyənin “S-400” sistemləri almasına sevinməlidir. O, sözügedən prosesin 2020-ci ildə başa çatacağını deyib. Prezident Ərdoğanın sözlərinə görə, Rusiyadan alınan zenit raket kompleksləri tamamilə Türkiyə silahlı qüvvələrinin arsenalına veriləcək. “Biz “S-400”-ləri alarkən müharibəyə hazırlaşmırıq. Sadəcə sülhü və milli təhlükəsizliyimizi gücləndiririk. “S-400” almaqda məqsəd sülhü qorumaqdır”-deyən dövlət başçısı 2020-ci ilin aprel ayına qədər Rusiyadan raketlərin alınması prosesinin başa çatdırılacağını bəyan edib.

Prezident Ərdoğan Türkiyənin 100 mütəxəssisi “S-400” zenit-raket sistemlərində işləmək üçün təlim məqsədilə Rusiyaya göndərdiyini bildirib.

"”S-400” üzrə razılaşma tariximizdə ən əhəmiyyətlidir. Çünki bu, yalnız ticarət məsələsi deyil. Bu əməkdaşlıq birgə istehsala keçid prosesidir. Bu prosesdən sonra yenə də Rusiya ilə, S-500 raketləri haqqında danışıq aparıla bilər", - deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan həmçinin, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etmək xəbərdarlığına da münasibət bildirib. Dövlət başçısı ABŞ-a müraciət edərək Türkiyənin “S-400”-lə yanaşı “Patriot” hava hücumundan müdafiə sistemlərini də almağa hazır olduğunu söyləyib. “F-35-ləri verməmək dostluğa və ortaqlığa yaraşmaz”-deyən R.T.Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışacağını istisna etməyib. Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) 2017-ci ildə imzalanıb. “F-35”-lərlə bağlı qadağalar həmin qanuna daxil deyil. Türkiyə Prezidenti qeyd edib ki, cənab Tramp ortaq variant tapa biləcək şəxsdir. Onun fikrincə, əgər Türkiyəyə “F-35”-lərin satışı ilə bağlı sanksiya tətbiq olunsa, o zaman rəsmi Ankara həmin qırıcıların istehsalına dair layihəni tərk edəcək. Bu isə “F-35”-lərin istehsalında və istehlakında iştirak edən hər bir dövlətə 7-8 milyon dollar ziyan vuracaq. Xüsusilə də Hollandiya və Danimarka bu vəziyyətdən çox narahatdır. Ona görə də Prezident Ərdoğan ABŞ-ı “F-35” qırıcılarının Türkiyəyə satışından imtina etmək barədə qərardan daşınmağa çağırıb.

“Ukrainskaya pravda” yazır ki, Tramp Konqresin Türkiyəyə qarşı sanksiya niyyətini sabotaj edə bilər. Bununla bağlı “Reuters”ə açıqlama verən Prezident Ərdoğan bildirib ki, D.Tramp ABŞ və Türkiyə arasında yaranmış mübahisənin həllində “qızıl aralıq” tapa bilər. “Böyük iyirmilər”in Osakoda keçirilən sammiti çərçivəsində D.Trampla görüşü zamanı Türkiyəyə dəstək verdiyini və Ankaranın mövqeyini anladığını deyib. Amerika Prezidenti ”Patriot” sistemlərini Türkiyəyə satmaqdan imtina etdiyinə və “”S-400”” ətrafında yaranmış qalmaqala görə öz sələfi Barak Obama administrasiyasını tənqid edib. Buna baxmayaraq, “Bloomberg” agentliyi Ağ Ev Rusiyadan “S-400” raketlərini aldığına görə Türkiyəyə qarşı sanksiyalar paketini bu həftə təqdim edəcəyini xəbər verir.

CAATSA qanunu əsasında hazırlanmış sanksiyalar paketi üç müxtəlif istiqaməti əhatə edir. Lakin son söz müvafiq qaydalar əsasında imza atacaq Trampa məxsusdur. Sanksiyaların həftənin sonunda tətbiq ediləcəyi gözlənilir. Çünki həftənin ilk günü Türkiyədə 2016-cı ilin iyul ayında baş vermiş dövlət çevirilişinə cəhdin ildönümüdür. ABŞ sanksiyaların tətbiqini məhz bu tarixə salmaqdan yayınmaq istəyir. Qeyd edilir ki, sanksiyalar Dövlət Departamentində, Pentaqonda və ABŞ-ın Milli Təhlükəsizlik Şurasında aparılan uzunmmüdətli müzakirələrdən sonra hazırlanıb.

ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyinə dair xəbərlər artıq ölkənin maliyyə bazarlarına təsir göstərməyə başlayıb. İyulun 14-də 5,75 türk lirəsinə bərabər olan 1 ABŞ dollarının məzənnəsi iyulun 15-də səhər saatlarından etibarən birjalarda yüksəlməyə başlayıb. Belə ki, ABŞ valyutası lirəyə nisbətdə möhkəmlənərək 5,7780 lirəyə təklif olunub. “Fitch” reytinq agentliyi isə Türkiyəni kredit dərəcəsini “BB” səviyyəsindən “BB-”ə salıb. Türkiyə Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi ilə yanaşı, “”S-400””-lərin ölkəyə gətirilməsi də lirənin kursuna maliyyə bazarında qeyri-müəyyənlik yaradıb.

Yaranmış vəziyyəti şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, “S-400” sistemlərinin alınması Türkiyə dövləti üçün ciddi probemlər yaradacaq. Bu isə Türkliyə rəhbərliyinin siyasi səhvi nəticəsində baş verib: “Sanksiyalara qədər Türkiyənin iqtisadiyyatında böhran mövcud idi. Son on dörd ildə ilk dəfə olaraq, Türkiyənin idxalı ixracından 68 milyard dollar üstünlük təşkil etmişdi. İnflyasiya isə ikirəqəmlidir və 20 faizə çatıb. Lirə dollar qarşısında dəyərini getdikcə itirir. Buna baxmayaraq, Prezident Ərdoğan Türkiyənin S-500 raketdən müdafiə sistemlərini istehsal etmək niyyətində olduğunu deyir. Bu çox gülməlidr. Çünki Rusiya ən modern silahının sirrini başqa dövlətə verəcəyindən danışır. Baş verənlər Rusiya Prezidenti Putinin çox böyük zəfəridir. Putin NATO daxilində çox böyük parçalanma yaratdı. Bu gün Türkiyə NATO ilə eyni sırada addımlamır. Türkiyə formal olaraq alyansın sıralarında qalsa da NATO-nun müdafiə doktrinasını bölüşmür. Bütün bunlar onu göstərir ki, qarşıda Türkiyəni çox çətin günlər gözləyir. Ağ Ev və NATO rəhbərliyi Türkiyə hakimiyyətinin bu yoldan dönmədiyini gördüyü üçün konkret təzyiq mexanizmlərinə əl atmaq qərarına gəlib. “S-400”-lərin alınması Türkiyə xalqına ciddi maliyyə itkisi hesabına başa gəlib. Çünki 3,5 milyard dollar Türkiyənin büdcəsinə mənfi təsir göstərəcək”.

Qabil Hüseynlinin sözlərinə görə, Türkiyənin “S-400”-lə yanaşı, ABŞ-dan “Patriot” sistemləri alması iki ölkə arasındakı narazılığa son soymayacaq: “Məsələ “Patriot” müdafiə sistemləri ilə bağlı deyil. Problem Rusiyanın NATO-nun bazarına daxil olması, hərbi sirrləri oğurlaması, havadan müdafiə sistemindəki boşluqları müəyyən etməsi və Şimali Atlantika Alyansının sıralarında parçalanma yaratmaq cəhdindən ibarətdir. Artıq bir sıra politoloqlar belə hesab edir ki, Putin bir siyasətçi kimi dünyanın ən güclü hərbi blokunu parçaladı və zəiflətdi. ”Bundan sonra ABŞ-ı “Patriot” satması düşündürmür. İndi ABŞ Türkiyənin NATO tərkibində bu cür addımlar atmasına mane olmaq üzərində düşünür. Sanksiyalar artıq tətbiq edilməkdədir. Bu isə Türkiyənin iqtisadi vəziyyətinin ağırlaşmasına gətirib çıxaracaq. Türkiyənin ətraf qonşuları ilə münasibətləri yaxşı deyil. Sanksiyaların tətbiqindən sonra Qərb dünyası ilə də münasibətlər pisləşəcək və qardaş xalqın çətin günləri başlayacaq. Elm və texnologiya tutumlu investor şirkətlər Türkiyəni tərk edəcək. Çox təəssüf ki, Türkiyənin liderləri Putinin qurduğu siyasi tələyə düşdü”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3202