hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Türkiyə üzünü Moskvadan Bakıya çevirir?

Türkiyə üzünü Moskvadan Bakıya çevirir?

Rusiyanın Türkiyəyə təbii qaz ixracatı 2019-cu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalıb. 

Avropanın cənub və şərqindəki digər 8 ölkə də daxil edildikdə geriləmə 27 faiz olub. Bu enişin əsas səbəbləri mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərinin azalması və Azərbaycandakı yeni mənbələrin dövriyyəyə girməsi göstərilir. Bu sayədə Türkiyə və digər ölkələr qaynaq müxtəlifliyini artıraraq Rusiyadan asılılığını azaltmış oldu.

Rusiyanın enerji nəhəngi "Qazprom"un açıqladığı məlumatlara görə, ilin ilk 6 ayında bölgədəki 9 ölkəyə təbii qaz ixracı 19,5 milyard kubmetrdən 14,2 milyard kubmetrə düşüb. Türkiyənin bu dövrdə “Gazprom”dan aldığı təbii qaz da 12,7 milyard kubmetrdən 8,1 milyard kubmetrədək enib. Beləliklə, ötən ilin eyni dövründə ümumi ehtiyacın 49 faizi Rusiyadan tədarük edilərkən, bu ilin ilk altı ayında bu nisbət 35 faizə düşüb.

Bu dövrdə Türkiyənin İrandan qaz alışı üfüqi seyr edərkən, Azərbaycandan alınan təbii qaz 43 faiz nisbətində yüksəlib. LNG idxalı isə 12 faiz artaraq 6,7 milyard kubmetrə uyğun olaraq 4.92 milyon tona çatıb.

Özəl idxalçılar yüksək qiymətdən şikayətçidir

Məlumata görə, hər il "Qazprom"dan 10 milyard kubmetr təbii qaz alacağını vəd edən özəl türk idxalçıları, qiymətlərin yüksək olması səbəbindən ilin ilk altı ayında yalnız 600 milyon kubmetr təbii qaz alıblar. Normalda bu idxalçılar öhdəliklərini 80-85 faiz yerinə yetirməli idilər, əks halda kompensasiya ödəməlidirlər. Qeyd edək ki, Türkiyə təbii qazın qiymətləri son bir ayda iki dəfə qaldırıb. Enerji Bazarını Tənzimləmə Təşkilatı (EMRA) təbii qaz qiymətlərində 14,90 faiz artırdı. Bu ayın əvvəlində təbii qazın qiymətlərində 14.97 faiz artım oldu. Beləliklə, iki artımla təbii qazın qiyməti 30 faizdən çox artdı.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyənin qaz portfelində “Qazprom”un iştirak payı digər oyunçulardan yüksəkdir:

“Hazırda Türkiyə bir neçə xətlə boru kəmər qazı idxal edir. Rəsmi Ankara İranın Qəzvin, Təbriz, Bəzirgan və Gürbulaq xətləri ilə qaz idxal edir. Bunlar Türkiyənin 54-cü hökumət başçısı Nəcməddin Ərbakanın dövründə çəkilmiş qaz kəmərləridir. Həmin qaz kəmərlərinin maksimum illik ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir. Amma indiyə qədər Türkiyə İrandan heç vaxt illik 10 milyard kubmetr qaz idxal etməyib. Bunun da əsas səbəbləri qiymət və qış mövsümündə İranın kontrakt öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. 

Çünki uzun illər İrana tətbiq olunmuş sanksiyalar bu ölkənin neft sektoru ilə bərabər, qaz sektoruna da kifayət qədər təsir edirdi. Fars körfəzinin yaxınlığında hasil olunan qaz həcmlərinin İranın şimal iqtisadi rayonlarına ötürülməsi elə də yüksək səviyyədə deyil. Yəni, İranın Xəzər hövzəsi ətrafındakı vilayətlərində qaz nəql sistemləri cənub vilayətləri ilə müqayisədə zəifdir. Buna görə də İran xüsusən qış mövsümündə şimal iqtisadi rayonlarının qaza olan tələbatını ödəmək üçün Türkmənistandan iki qaz xətti vasitəsilə qaz idxal edirdi. Eyni zamanda Azərbaycandan da müəyyən qaz həcmləri idxal edirdi. İran blokada şəraitində olan Naxçıvanın qaza olan tələbatını ödəyir, əvəzində Azərbaycandan aldığı qazı özünün Biləsuvar, Astara, Ərdəbil vilayətlərini qaza olan təminatının müəyyən qismini ödəyirdi”.

Ekspert Türkiyənin qaz bazarında ikinci oyunçunun Azərbaycan olduğunu vurğulayıb: 

“2007-ci ildə Bakı-Tiflis-Ərzurum qaz kəməri istismara verildi. Ötən il Azərbaycan 7 milyard kubmetrdən çox Türkiyə bazarlarına qaz ixrac etmişdi. Amma Türkiyənin qaz bazarında tədarükçü qismində əsas oyunçu “Qazprom”dur. Rusiya qazı Türkiyə bazarına iki xətt vasitəsilə daxil olur. Biri Qara dənizin dibi ilə çəkilən və 2003-cü ildən sonra sənaye istismarına verilən “Mavi Axın”, ikincisi isə, Trans-Balkan kəməridir. Bu kəmər Bolqarıstan ərazisindən keçərək “Malkoçoğlu” qazötürmə stansiyasından Türkiyəyə daxil olur. Bu xətlərlə Türkiyənin özəl qaz şirkətləri 10 milyard kubmetrdən yuxarı qaz idxal edirlər. Trans-Balkan qaz kəməri vasitəsilə Türkiyəyə idxal edilən qaz həcmlərinin qiyməti ilə, “Mavi Axın” vasitəsilə Boru Kəmərləri ilə Neft Daşınması Səhmdar Cəmiyyətinə (BOTAŞ) təqdim olunan qaz həcmlərinin qiymətləri arasında fərq var. Bir neçə ildir ki, Türkiyənin enerji daşıyıcıları ilə “Qazprom” arasında imzalanan qaz müqavilələrində qiymətlər ətrafında daim münaqişələr getdiyi də müşahidə olunmaqdadır”.

Zəfər Vəliyevin sözlərinə görə, Türkiyənin qaz bazarında istənilən anda manevr etmək imkanları çox genişdir: 

““Qazprom”un Türkiyəyə ixrac həcmlərində azalmalar olacaq. Bunun səbəbi Türkiyənin daha sərfəli qiymətlərlə qaz alğı-satqı müqavilələrinə üstünlük verməsidir. Hazırda Türkiyə iki sıxılmış təbii qaz (LNG) terminalı vasitəsilə qaz idxal edir. Son bir neçə ayda ABŞ-ın sıxılmış təbii qaz idxalını Türkiyə şirkətləri artırıbdır. Artıq TANAP normal fəaliyyətə başlayıb, gələn il Azərbaycan qazının Avropa bazarlarına çatdırılması məsələsi gündəmdədir. Bu məsələlər öz həllini tapdıqca, Cənub Qaz Dəhlizinin ixrac imkanları ilbəil genişləndikcə, təbii ki, Türkiyənin qaz bazarında Rusiyanın iştirak payı azalacaq. Ola bilər bu, qısa bir dövrü əhatə etsin, çünki “Türk Axını”nı da çəkilir. Bu layihənin bir xətti Türkiyənin daxili tələbatının ödənilməsi ilə bağlı nəzərdə tutulub”.

“Türkiyə istənilən mənbədən qaz həcmlərini almaq iqtidarındadır”

Analitik müşahidələrinə, əsasən, dünyanın bütün enerji bazarlarında təbii qazın qiyməti aşağı düşür: 

“Çünki tələbdən çox, təklif var. Həm boru kəmər qazında, həm də LNG-nin tədarükündə və ixracında profsit müşahidə olunur. LNG-ni potensial ixrac edən dövlətlər ixrac həcmlərini kifayət qədər artırıb. Qətərin sıxılmış qazla bağlı iddialı bir layihəsi var. Belə ki, onlar qısa müddətdə istehsalı 100 milyon tona qədər çatdırmağı planlaşdırırlar. Hazırda Qətərin sıxılmış qaz istehsalı 70 milyon tona yaxındır. Bir milyon LNG 1 milyon 325 milyon kubmetr təbii qaz deməkdir.

Digər tərəfdən, ABŞ da LNG-nin ixrac həcmlərini artırmaqdadır. Bununla bağlı Amerikanın bir sıra LNG terminallarında genişləndirmə işləri aparılır. ABŞ-ın şist neft-qaz yataqlarını şərq limanları ilə birləşdirən kəmərlərin inşasına başlanılıb. Çox qısa müddətdə böyük layihələrin sənaye istismarına veriləcəyi gözlənilir. Bu baxımdan, Türkiyə istənilən mənbədən qaz həcmlərini almaq iqtidarındadır. Təbii ki, Türkiyənin qaz bazarı rəqabətli bir bazar olacaq. Kim yumşaq kommersiya şərtləri və aşağı qiymət siyasəti aparsa, Türkiyə bazarında yer alacaq. Bu baxımdan Türkiyənin “Qazprom” qazından asılılığı aradan qaldırmaq cəhdləri və digər tədarükçü şirkətlərin qaz həcmlərinə üstünlük verməsi təbiidir. Bunu Türkiyənin enerji təhlükəsizliyi tələb edir”.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, bütün dünyada təbii qazın qiyməti aşağı düşür:

“Ötən il bütün dünyada neftin orta qiyməti 71 dollar idi, bu il 64 dollara qədər aşağı düşüb. Buna müvafiq də qazın qiyməti daha çox aşağı düşüb. "Qazprom"un hər rüb üzrə qiymətlərinin necə azalması barədə məlumat açıqlayır. Türkiyəyə təbii qazı baha sata bilməz”.

Türkiyədə təbii qazın qiymətlərini son bir ayda iki dəfə artırılmasına gəlincə, ekspert bunu daha çox gəlir götürmək məqsədilə edildiyin vurğulayıb: “Ötən il Türkiyənin qaz istehlakı xeyli azaldı və nəticədə Rusiyadan qaz idxalını 5 milyard kubmetr azaltdılar. Həmçinin Azərbaycan faktoru da vardı. Azərbaycandan alınan qaz Rusiya qazı ilə müqayisədə nisbətən ucuzdur. Buna görə də Türkiyə Azərbaycan qazını almağa daha meyillidir. Həmçinin daşınma xərcləri də nisbətən ucuz başa gəlir”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 925