hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Türkiyəyə qarşı yeni cəbhə: “Sülh çeşməsi”nə təhlükə

Türkiyəyə qarşı yeni cəbhə: “Sülh çeşməsi”nə təhlükə

Türkiyə silahlı qüvvələri Fərat çayının şərqində hərbi əməliyyatı nəzərdə tutulan plan üzrə həyata keçirir. 

Rəsmi Ankaranın planına əsasən, Türkiyə-Suriya sərhədinin 480 kilometrlik hissəsində 13 min 500 kvadrat kilometr ərazinin kürd və İŞİD terrorçularından təmizlənməsi nəzərdə tutulub. Türkiyə qoşunlarının 30 kilometr cənuba doğru irəliyəcəyini bildirib. Terrorçulardan azad edilmiş bölgələrdə isə suriyalı qaçqınların yerləşdirilməsi üçün iki təhlükəsizlik zonası yaradılmalıdır. 

Lakin Türkiyənin bu səyləri ilk gündən ciddi beynəlxalq müqavimətlə üzləşib. Avropa Birliyi, ABŞ, Ərəb Liqası, İran, İsrail “Sülh çeşməsi” əməliyyatını tənqid edərək Türkiyədən silahlı qüvvələrini Suriyadan çıxartmağı tələb edib. Buna baxmayaraq, rəsmi Ankara əməliyyatı axıra qədər davam etdirməkdə israrlı görünür. Artıq yüzlərlə PKK və YPG terrorçusu, həmçinin onların sığınacaqları məhv edilib. 

Yaranmış vəziyyətin BMT Təhlükəsizlik Şurasında müzakirəsi zamanı Rusiyanın və ABŞ-ın Türkiyənin xeyrinə səs verməsinə baxmayaraq, beynəlxalq təzyiqlər hələ davam edir. ABŞ rəhbərliyində isə sözügedən hərbi əməliyyatlara münasibətlə bağlı fikir ayrılığı var. Prezident Tramp terrorçuların mövqelərinin vurulmasına loyal yanaşsa da, Pentaqon buna qarşı çıxır. Dövlət katibi Mayk Pompeo isə Türkiyənin təhlükəsizlik probleminin olduğunu anladıqlarını deyib. Lakin cənab Pompeo türk silahlı qüvvələrinin Suriyaya daxil olmasına qarşı çıxdığını bildirib. Rəsmi Ankaranın başlatdığı hərbi əməliyyatı ən çox dəstəkləyən ölkələr isə Qətər, Macarıstan, Pakistan, Azərbaycan, İspaniya, Rusiya və Seneqal olub. Ancaq Türkiyəyə qarşı təzyiqlər hələ səngiməyib.

Bəs bu təzyiqlərin qarşısında rəsmi Ankara Fərat çayının şərqində öz planlarını başa çatdıra biləcəkmi? 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Türkiyənin həyata keçirdiyi əməliyyat beynəlxalq konvensiyalara uyğundur. Çünki dövlətlərin özünü müdafiə etmək refleksi var:

“Suriyada gedən müharibədən ən çox zərərçəkən iki ölkə var. Bunlardan biri Suriya, ikincisi Türkiyədir. Yəni Avropa Birliyindən fərqli olaraq, bu gün Türkiyə öz ərazisində dörd milyona yaxın suriyalı qaçqına ev sahibliyi edir, onların təhlükəsizliyini qoruyur. Ərəb dövlətləri, NATO üzvü olan Avropa Birliyi ölkələri və ABŞ isə bu məsələdə öz müttəfiqləri olan Türkiyəni dəstəkləmədirlər. Halbuki, bu prosesdə Bəşər Əsədin devrilməsi planını Qərb ölkələri müdafiə edirdi. Bunun ağır nəticələrini isə Türkiyə paylaşmalı oldu. Ona görə də Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat beynəlxalq konvensiyalara tamamilə uyğundur. Türkiyə başlatdığı əməliyyatı axıra qədər davam etdirəcək və təhlükəsizlik zonaları yaradılacaq. Türkiyənin min ildir yaxın Şərqdə mövcud olması orada qalmasını təmin edir. ABŞ isə həmin regionda 50 ildir fəaliyyət göstərir. Rusiya da anlayır ki, bu coğrafiyada ABŞ-la münasibətlərdə müəyyən əngəllərlə qarşılaşa bilər. Amma Türkiyə ilə münasibətlərdə belə maneələri rahat şəkildə aşa bilər. Ona görə də Rusiya Prezident Ərdoğanın Suriya siyasətini dəstəkləyəcək. Bölgədə təhlükəsizlik zonası yaradılacaq. Mən bu prosesin nəticəsində sülhməramlı kontingentin formalaşdırılacağına inanıram. Türkiyə-Suriya sərhəddində bufer zona yaradılarsa, orada ola bilsin ki, sülhməramlı qüvvələrin hərbi bazası qurulsun. Bundan sonra türk qoşunu ərazidən çıxarılacaq. Türkiyə hərbçiləri ərazidə sülhməramlı kimi fəaliyyət göstərə bilər. Avropa Birliyi kürdlərin hüquqları ilə bağlı müəyyən öhdəliklər götürdüyünə görə onları müdafiə edir. Lakin Almaniya, Fransa, İsveçrə və Avstriyadan başqa, digər Avropa Birliyi ölkələri suriyalı qaçqınlara sığınacaq vermək iqtidarında deyil. Ona görə də qaçqın amili Rəcəb Tayyib Ərdoğanın əlində güclü siyasi kartdır. Bu isə Türkiyənin Suriyada daha da irəliləməsinə gətirib çıxaracaq. ABŞ-ın narahatlığı daha çox Türkiyə üçün müəyyən edilmiş “qırmızı cizgi” ilə bağlıdır. Yəni Türkiyədən 30 kilometrlik cənuba doğru ərazini keçməmək tələb olunur. Əks təqdirdə, bu işğal faktı kimi tanına bilər. Artıq Türkiyənin tank və quru qoşunları həmin əraziyə daxil olub. Bu isə BMT-də yeni müzakirələrin başlanmasına gətirib çıxaracaq. Nəticədə, Türkiyənin terrorçulardan təmizlədiyi ərazilərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi qərara alına bilər. Hazırda Türkiyənin “Sülh çeşməsi” əməliyyatını qınayan beynəlxalq birliklər tezliklə onunla hesablaşmalı olacaq”.

Qeyd edək ki, məğlub duruma düşən YPG terrorçuları dəstək almaq üçün Bəşər Əsəd rejimi ilə anlama əldə etməyə çalışıb. Rəsmi Dəməşq YPG qüvvələrinin nümayəndələri ilə dialoqdan imtina edib. Suriya xarici işlər nazirinin müavini Faysal Məkdad bildirib ki, ölkə rəhbərliyi “xarici qüvvələrin əsirinə çevrilənlərlə heç bir danışığa razı olmayacaq”. “Suriya ərazisində Vaşinqton agentlərinə yer olmayacaq”, - deyə diplomat qeyd edib. Məkdadın sözlərinə görə, YPG qruplaşmaları öz ölkələrini satıb və ondan ayrılmaq istəyir. Bununla da onlar Suriyada hərbi əməliyyat başlatmaq üçün Türkiyənin əlinə bəhanə veriblər. 

Fərrux Məmmədov hesab edir ki, Türkiyəyə etiraz edən beynəlxalq dairələr indiyə qədər kürd terrorçularına yardım edən ölkələrdir. Ancaq onlar artıq bu dəstəkdən imtina edir. ABŞ-ın kürdlərə yardımdan imtina etməsindən və hərbçilərini Suriyadan çıxartmasından sonra digər dövlətlər də öz mövqeyindən geri çəkilməyə məcbur olacaq. 

Etiraz bəyanatlarının da Türkiyəyə təsir edəcəyi isə inandırıcı görünmür:

“Noyabrın 13-ü bu baxımdan, çox önəmlidir. Yəni Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında noyabrın 13-də Vaşinqtonda keçiriləcək görüşün nəticələri Türkiyənin Suriya siyasətində hara qədər gedəcəyini müəyyən edəcək. Prezident Ərdoğan noyabrın 13-də Ağ Evdə danışıqlar zamanı əlini gücləndirmək üçün son ana qədər çalışacaq. Yəni müzakirələr masasında güclü siyasi manevrlər edə bilərsə, Ağ Evdən uğurlu nəticələrlə ayrıla bilər”.

Müşfiq Abdulla  
Cebhe.info


Oxunma sayı: 5149