hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Talış xalqından separatizmə tərs sillə: Ortada Fəxrəddin Abbaszadə “nümunəsi”  var  

Talış xalqından separatizmə tərs sillə: Ortada Fəxrəddin Abbaszadə “nümunəsi”  var  

Son günlərin ən diqqətçəkən hadisələrindən biri separatizm ünsürlərindən daha birinin zərərsizləşdirilməsi olub. 

Talış xalqının adından istifadə etməklə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinə qarşı cinayətkar fəaliyyət göstərən Fəxrəddin  Abbasov həbs edilərək Azərbaycana gətirilib. 

Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin qərarı ilə fevralın 28-də Azərbaycana deportasiya olunub. O, Bakı Beynəlxalq Hava Limanında Azərbaycan hüquq- mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Fəxrəddin Abbasov dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə, milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılmasında şübhəli bilinərək, cinayət məsuliyyətinə cəlb olunub. 

Özünü 1993-cü ildə Əlikram Hümbətov tərəfindən elan edilmiş “Talış Muğan  Respublikası” adlı uydurma qurumun parlament sədri kimi təqdim edən F. Abbasov separatçılıq fəaliyyətinə görə Ermənistandan dəstək alıb. Belə ki, F. Abbasov  bir neçə dəfə Ermənistana səfər edib, işğalçı ölkənin xüsusi xidmət orqanının əməkdaşı ilə görüşlər keçirib. Fəxrəddin Abbasov Ermənistan kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə çağırışlar edib. Bununla da o, Azərbaycanın cənub bölgəsində Ermənistanın siyasi dəstəyi ilə separatçılığı yenidən alovlandırmaq xülyasına düşüb. Əslində, F.Abbasov xarici ölkələrin ərazisində gizlənməklə Azərbaycanda milli ədavət törədəcəyinə və bu yolla məqsədinə çatacağına ümid edirdi. Görünür, F.Abbasov hələ də özünü 1993-cü ildə təsəvvür edir. Yaxud onun düşüncəsi son 26 ildə inkişaf etməyib. Fəxrəddin Abbasov Azərbaycan və dünyadakı siyasi reallıqları görə bilmir, 1993-cü ildə olduğu kimi xarici qüvvələrin köməyilə milli düşmənçilik toxumu səpəcəyinə inanır.  Talış xalqının adından təxribatçı bəyanatlar verməklə  özündən  lider  obrazı formalaşdırmağa çalışır. 

Lakin F.Abbasovun Rusiyadan Azərbaycana deportasiyası onu düşmən ermənilərdən başqa heç kimin dəstəkləmədiyini göstərdi. Ermənistanın da ondan Azərbaycanda guya milli azlıqların hüquqlarının pozulduğuna dair görüntü yaratmaq cəhdi boşa çıxdı. Əslində, erməniləri nə talış xalqının hüquqları maraqlandırır, nə də mənafeyi.  Çünki ermənilər istər 1992-1993-cü illərdə gedən döyüşlərdə, istərsə də atəşkəs dövründə talış millətinin yüzlərlə oğlunu Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdüyünə görə qətlə yetirib. Fəxrəddin Abbasov və ya onun havadarı Ələkram Hümmətov bu gün İrəvanda, Xankəndidə  erməni kəşfiyyatının nümayəndələrinə casusluq etməklə faktiki olaraq  Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş talış igidlərinin ruhunu təhqir edib. Fəxrəddin Abbasov, Ələkram Hümbətov kimiləri  erməni quldurlarına satqınlıq etməklə həmin şəhidlərin yalnız özlərinə deyil, həm də gözüyaşlı qalmış talış analarına, atalarına, qardaş və bacılarına hörmətsizlik göstərir. Ona görə də F.Abbasovun talış xalqının adından danışmağa heç bir mənəvi haqqı çatmır. 

1993-cü ildə olduğu kimi Azərbaycan dövlətinə bağlılıq hissini hər şeydən üstün tutan talışlar nə Fəxrəddin Abbasovu, nə Ələkram Hümbətovu dəstəklədiyi üçün bu dəfə də o, meydanda tək qaldı. Çünki indi həm Azərbaycan, həm də dünya reallıqları çox dəyişib. Artıq  Azərbaycan 26 il əvvəlki ilə müqayisədə siyasi, iqtisadi, hərbi göstəricilərinə görə dəfələrlə güclənərək regionun, Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilib. Hətta torpaqların 20 faizi Ermənistanın işğalı altında qalmasına baxmayaraq, bütün xarici dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Azərbaycanda nəinki milli zəmində münaqişə və parçalanma meylləri yoxdur, hətta tolerantlıq səviyyəsinə görə dünyada öndəgedən ölkələrdən birinə çevrilib. Beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında da milli və dini hüquqların pozulmasına dair heç bir fakt əksini tapmayıb. Ona görə də Fəxrəddin Abbasovun istər talış xalqı arasında, istərsə də daxildə hansısa dairələrin dəstəyini qazanması mümkün deyildi. 

Daxildə dəstək tapa bilməyəcəyini yaxşı anlayan F.Abbasov Rusiyada məskunlaşmaqla Azərbaycanda milli ədavəti qarışdırmaq istəyirdi. Ancaq məlumdur ki, nə Rusiya, nə də Azərbaycanla strateji tərəfdaşlığa malik olan digər dövlətlər F.Abbasovun separatçılıq əməllərinə görə bu münasibətlərin korlanmasına razı olar. Qloballaşan dünya dövlətlərin parçalanmasını deyil, millətlərin, ölkələrin qarşılıqlı inteqrasiyasını nəzərdə tutur. Ona görə də müasir dünya düzənində separatizm və terrorizm eyni səviyyəli təhlükə hesab olunur. Separatçıya dəstək vermək terrorçunu silahlandırmağa, onu maliyyələşdirməyə bərabərdir. Bu səbəbdən də dünya ölkələri Azərbaycanda, İspaniyada, İraqda, Suriyada, Türkiyədə, Ukraynada, Gürcüstanda separatçılığı daim pisləyib, həmin ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdar çıxıb. Separatizmin yayılması milli və siyasi zəmində münaqişələrin yaranmasına gətirib çıxara bilər. Bu isə terrorizmin inkişafı üçün münbit şərait yaradır. Fəxrəddin Abbasov kimilərinin talış xalqının adından sui-istifadə edərək milli qarşıdurma yaratmaq niyyəti qeyd edilən səbəbdən nəinki dəstək qazana bilməzdi, hətta belə planların beşiyində boğulması bütün dünyanın marağındadır. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1414