hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tanınmış həkim: “Koronavirusdan ölməyən aclıqdan ölür” - MÜSAHİBƏ

Tanınmış həkim: “Koronavirusdan ölməyən aclıqdan ölür” - MÜSAHİBƏ

Artıq aylardır ki, dünya ölkələrinin əsas gündəm mövzusu koronavirusla mübarizədir.

Həyatımızı bütünlüklə əlinə almağı bacaran bu virus yaşam şərtlərimizi dəyişməyi bacarıb. Önəmli məsələlərdən biri də virusla bağlı səslənən müxtəlif məzmunlu fikirlərdir. Xüsusilə bizim ölkədə virusla bağlı təzadlı fikirlər o qədər çoxdur ki, insanlar nəyə və kimə inanacaqlarını bilmirlər.

Bəzi mütəxəssislər oktyabrda ikinci dalğa proqnozu verərkən, bəzi tanınmış və birbaşa xəstəliklə əlaqədar fəaliyyət göstərən şəxslər virusun deyildiyi kimi təhlükəli olmadığını söyləyirlər.

Əhalinin virusun yayıldığı vaxtdan etibarən narazı qaldığı bir çox məsələ var.

Məsələn, aylarla karantində qalmağımız, COVlD-19 testlərinin digər ölkələrlə müqayisədə daha baha olması da bu narazılıqların önəmli hissəsini təşkil edir.

Bu və digər problemli məsələlər barədə Cebhe.info-nun suallarını pediatr Vaqif Qarayev cavablandırıb.

-Vaqif bəy, oktyabr ayında ölkəmizdə virusun ikinci dalğasının olacağı ilə bağlı proqnozlar verilir. Siz necə düşünürsünüz? Oktyabrda ikinci dalğa başlaya bilərmi?

-Koronavirusla bağlı deyilən proqnozlara ikiəlli nə hə, nə də yox demək olur. Deyirdilər ki, uşaqlar yoluxmur, amma yoluxma var. Deyirdilər, yay aylarında virus kəsiləcək, amma kəsilmədi. Hətta bəzi ölkələrdə ikinci dalğa başlayıb. Ona da dalğa demək mümkdündürsə. Biri deyir, vəziyyət pisdir, karantin elan olunsun, digəri deyir, yox, vəziyyət düzəlib, karantinə ehtiyac yoxdur. İndi deyirlər ki, oktyabrda ikinci dalğa olacaq. Bunu heç kim deyə bilməz.

-Virusla bağlı təzadlı fikirlər çoxluq təşkil edir. Gah deyirlər ki, xəstəlik ciddidir, gah deyirlər təhlükə çox deyil. İnsanlar nəyə inansın?

- ÜST virus yayılandan bəri bəşəriyyəti qorxutmaqla məşğuldur. Amma dedikləri kimi qorxulu deyil. Məsələn, Belarusda ümumiyyətlə, qapanma yoxdur. Son günlər orada on minlərlə insan bir yerdədir, mitinqdə iştirak edir. ÜST gərək, orada həyəcan təbili çalsın ki, millət öldü-qırıldı. Varmı belə bir şey? Yoxdur.

-Qapanmaların ölkələrə nə xeyri oldu?

-Ən məsuliyyətli yanaşan Avropa ölkələrini götürək. Almaniyada qapanma oldu, yoluxan azaldımı? Yox. Yəni, “Qapanın, hər şey yaxşı olacaq” demək də özünü doğrultmadı. Nə də karantin özünü doğrultdu. Bunun üçün effektiv qorunma üsulları var. Bütün dünyanın qəbul etdiyi ümumi qorunma yolları da əslində bütün infeksiyalara aiddir, təkcə koronavirusa aid deyil. Lakin başqa qorunma vasitəsi yoxdur. Yoluxucu infeksiyaların ən radikal qorunma vasitəsi peyvəndlənmədir. Bir şeyi də demək lazımdır ki, peyvənd xəstəni sağaltmır, peyvənd xəstələnmədən qoruyur. Bu səbəbdən də koronavirusun payızda özünü necə aparacağını bilmirik.

-Yoluxmaların artmasında aidiyyəti qurumlar əhalini, əhali aidiyyəti qurumları günahlandırır...

-Əslində, təkcə bizdə yox, digər ölkələrdə də belə idi. Hökumət qərarları sərtləşdirən kimi, insanlar ayağa qalxırdı. Əhali hökumətə inanmır, hökumət də yoluxma sayının artmasının məsuliyyətini əhalinin üzərinə qoyur. Bu, düzgün yanaşma deyil. Adicə nəqliyyata baxanda adam dəhşətə gəlirdi. İnsanlar bir-birinin üstündə gedirdi. Bunun harası qorunma, bunun harası karantin oldu?

-Bəs sizi qapanmanın tərəfdarısınızmı?

-Bir həkim kimi razıyam, qapanma olmalıdır. Amma bunun iqtisadi və psixoloji tərəfləri var. Koronavirusdan ölməyən aclıqdan ölür. Bizdə də əhaliyə hökumət tərəfdən lazımı qədər kömək olmadı və insanlar da bundan narazı idi.

-Digər məsələyə də aydınlıq gətirək. Peyvənd yoxdur, koronavirus xəstələri necə sağalır?

-Dəstəkləyici terapiya vasitəsilə sağalırlar. Həkim xəstədə xoşagəlməz problemə qarşı müalicə aparır. Bu, ürək, böyrək, beyinlə bağlı müalicə ola bilər. Burada da xəstənin immuniteti böyük rol oynayır. İmmuniteti güclü olanlar sağlam çıxır.

-Koronavirusun digər yoluxucu infeksiyalardan fərqi nədədir? Tarixən daha güclü xəstəliklər olub. Amma oxuduqlarımızdan da görünür ki, heç zaman bu qədər üstünə düşülməyib.

-Koronavirusun digər infeksiyalardan fərqi odur ki, yoluxduruculuğu çoxdur. Lakin öldürücülük qabiliyyəti o qədər də çox deyil. Yoluxma da çox olduğundan bütün dövlətlər sərhədini bağlayıb. Bu da iqtisadi zəiflik deməkdir. Bir şey deyim. Hələ epidemiya təzə başlayanda deyirdilər ki, dünya iqtisadi böhranla üz-üzə qalacaq. Bunu haradan bilirdilər? Dedikləri kimi də oldu.

-Gələn aydan etibarən respirator xəstəliklər özünü göstərməyə başlayacaq. Onları COVID-19-dan ayırd etmək çətin olacaqmı?

-Bəli. Bu, xüsusilə də uşaqlar arasında yayılacaq. Siz təsəvvür edin, əhalinin nə qədər çətinliyi olacaq ki, bu COVID-19-dur, yoxsa yox. Həkimlərin daha çox çətinliyi olacaq. Çünki gərək hər qızdırması olan üçün koronavirus testi edilsin. Yəni həm həkim qorunmalıdır, həm əhali. Bu alınacaqmı? Bilmirəm.

-Təhsil müəssisələrinin açılması uşaqlar arasındakı yoluxmanı kəskin artıra bilərmi?

-Bağçanı açırlar, məktəbləri açırlar. Bilirəm, uşaqları təhsilsiz qoymaq olmaz. Uşaqlar təhsilsiz qalsa, bu, böyük problem olacaq. Amma bizdə heç vaxt sinifdə normativ olmayıb. Yəni sinifdə uşaq sayı 2 dəfə çox olub. Bizdə Avropadakı kimi 10-10 əyləşsələr, yoluxma sayı da az olar. Amma bizdə məktəblərdə o qədər sinif də yoxdur. Təhsil keyfiyyətindən danışmaq isə mümkün deyil. Təki, heç olmasa, uşaqları yoluxmadan qoruya bilək.

-Test qiymətlərinin çox olması da problemli məsələlərdən biridir.

-Testi əhalinin ödənişi hesabına aparmaq düzgün deyil. Bunu dövlət özü etməlidir. Çünki şəxsin imkanı çatmırsa, necə test elətdirəcək? Gürcüstanda əhali testə bir qəpik belə xərcləmədi. Əksər ölkələrdə belədir, amma bizdə belə deyil.

-Biz niyə həmin ölkələr sırasında yer ala bilmirik?

-Çünki onlarda tibbi sığorta var. Görün, sığortanın olmaması bizə necə baha başa gəlir. Əhali vəsaiti çatdırmır.

Naibə Məmmədova
Cebhe.info


Oxunma sayı: 13553