hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Tanınmış psixoloqla MÜSAHİBƏ: “Azərbaycan psixoloji savaşa hazır olmalıdır”- “Ciddi problemlər yarada bilərlər”

Tanınmış psixoloqla MÜSAHİBƏ: “Azərbaycan psixoloji savaşa hazır olmalıdır”- “Ciddi problemlər yarada bilərlər”

Xəbər verdiyimiz kimi, bu gün gecə 3 radələrində Bərdədə qısqanclıq zəminində cinayət hadisəsi baş verib.

Belə ki, Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallı yaşadığı evdə tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçıb. Ümumiyyətlə, bu cinayət son zamanlar qısqanclıq səbəbilə törədilən ilk cinayət hadisəsi deyil.

Maraqlıdır ki, cəmiyyətdə son zamanlar bu qəbildən olan hadisələrin sayının artmasına səbəb nədir?

HUMEL Psixologiya Mərkəzinin direktoru, psixoloq Tariyel Faziloğlu Cebhe.info-ya müsahibəsində məsələnin səbəblərindən, bu sahədə maarifləndirmə tədbirlərinin vacibliyindən danışıb.

- Tariyel bəy, son günlərdə qısqanclıq zəminində artan cinayət hadisələrində karantin mühitinin rolu varmı?

- Mən deyərdim ki, təkcə son günlər deyil, ilin əvvəlindən bu səbəblə cinayət hadisələrinin sayı çoxalıb. Burada müxtəlif amillər var. Pandemiya insanların emosional tarazılığını, psixoloji immunitetini ciddi şəkildə zədələdi. Tez-tez mediada xəbərlər, sosial şəbəkələrdə bununla bağlı yazılar getdi. Nəticə etibarilə insanlarda psixoloji vəziyyət daha da ağırlaşdı. Çünki Azərbaycanda onsuz da kütləvi psixoloji vəziyyət var idi. Pandemiya onları daha da artırdı. Bu zəmində qısqanclıq məsələləri sadəcə olaraq, 2 əsas faktor üzərində cinayətə çevirildi.

- Söhbət hansı faktorlardan gedir?

- Birincisi, daxili aqressiyanı çıxartmağın bir forması olaraq, qısqanclıq məsələsini ortaya atmaqla cinayətə baş vurdular. İkincisi isə qısqanclıq zəminindəki cinayətlər daxili aqressiyanın böyük paronoyalara çevirilməsi sayəsində baş verir. Yəni son zamanlar paronoyal pozuntuların özünü qorxu şəkilində biruzə verməsi sayəsində beyindəki o sabit tarazlıq, sinir sistemi zədələndi. Bu da sözügedən problemləri yaratdı.

- Pandemiya təkcə qısqanclıq zəminində cinayətlərin sayını artırıb, ya digər cinayətlərin də bununla dolayı yolla əlaqəsi var?

- Stressə bağlı olan bütün sahələrdə cinayətlərin sayında çoxalma var. Azərbaycanda bu müddətdə ailədaxili şiddətin də faizi ən azı 2 dəfə artıb. Ailədaxili münaqişələrin hüquq-mühafizə orqanlarına daşınmasının sayı da dəfələrlə artıb. Eyni zamanda, boşanmaların da sayında dəfələrlə artım var. Səbəb ev mühitində yaşayan insanların gözünün önündədir. Bu da partlayışlar yaradır.

- Qısqanclıq zəminində cinayət hadisələri pandemiyadan öncə də çox baş verib. Yəni demək olmaz ki, bütün cinayətlər sırf son vəziyyətlə əlaqəlidir. Başqa hansı amillər sözügedən cinayətlərin törədilməsində pay sahibidir?

- Təbii, burada başqa amillər də var. Yəni sırf qısqanclığı yaradan amillərdən söhbət gedir. O aqressiyanı müxtəlif amillər ortaya çıxarır. Bu da sosial şəbəkələrin, ünsiyyət vasitələrinin insan həyatına həddən artıq daxil olmasıdır. Amma sosial şəbəkələr pandemiyadan öncə də var idi. Hər zaman da olacaq. Dediyim kimi, sırf son zamanlar cinayət hadisələrinin artmasına səbəb insanların daxili aqressiya faktorunun həddən artıq yüksəlməsi, gərginliyin artması, ciddi şəkildə psixozdan əziyyət çəkməsidir. Bu reaksiyalar da hadisəyə çevirilərək cinayətlərin sayının artmasına səbəb olur.

- Bu tip cinayət işlərinin azalması üçün hansı maarifləndirici işlər aparmaq lazımdır?

- Ciddi şəkildə, kompleks maarifləndirmə işi aparılmalıdır. Niyə kompleks? Çünki həm təlimlər, həm seminarlar, eyni zamanda KİV-də verilişlər vasitəsilə insanlar maarifləndirilməlidir. 2006-ci ildə Dünya Səhiyyə Təşkilatı açıqlama yaydı ki, bütün xəstəliklərin əsas yaranma səbəbi psixoloji amillərdir. Xərçəng kimi mənşəyi olmayan xəstəliklərin belə, birbaşa psixoloji amillərlə bağlılığı olduğu deyildi. Hazırda dünyanın 20-dən çox ölkəsi psixoloji xidməti məcbur edib. Necə ki, bizdə uşaqlar 6 aydan bir yoxlamaya getməlidir, sağlamlıq kağızı almalıdır. Orada da 11 yaşına çatmış qızlar, 12 yaşına çatan oğlanlar ayda 2 dəfə məcbur psixoloji dəstək almaq məcburiyyətindədir və alırlar. Müəyyən bir qisim var ki, hökumət psixoloqu onlar üçün özü təyin edir və ödənişi də həmçinin. Fransa 10 ildən sonra bununla bağlı hesabatını açıqladı. 2016-cı ildə verilən hesabatda qeyd olunmuşdu ki, ailədaxili zorakılıq 47 faiz, boşanmalar 44 faiz, cinayətlər 30 faizə yaxın azalıb. Həmçinin, Fransa iqtisadiyyatı bu qərarın sayəsində 11 faiz böyümüşdü. Bu baxımdan, psixoloji cəhətdən maarifləndirmə işinin aparılması həyati əhəmiyyətə malikdir.

- Bəs ölkəmizdə bununla bağlı hansı işlər görülüb?

- Bizdə hələ də o tədbiri görməkdən israrla imtina edilir. Amma bundan qaçışımız yoxdur. Çünki Azərbaycan dünyanın bir parçasıdır. Artıq sərhədlər şəffaflaşıb. Siz fiziki sərhədi qoruya bilərsiniz, amma virtual sərhədi qorumaq mümkün deyil. Virtual sərhədi aşaraq psixoloji savaş sayəsində Azərbaycanın daxilində ciddi problemlər yarada bilərlər. Hökumət Azərbaycanın həm dövlət, həm vətəndaş olaraq psixoloji immunitetini, psixoloji müdafiə sistemini yaxşılaşdırmaqda maraqlı olmalıdır. Çünki bu formallaşmazsa, psixoloji müharibədə məğlub tərəf olacağıq. Hazırda heç bir dünya ölkəsi açıq, məhəlli müharibəyə keçmir. Biz bu dəqiqə 3-cü Dünya Müharibəsinin pik nöqtəsini yaşayırıq. Dünya savaşı psixoloji müharibə üzərindən aparır. Bunun sayəsində də istədiklərini ala bilirlər. Azərbaycan psixoloji savaşa hazır olmalıdır. Bunun üçün də ölkə ciddi maariflənmə işinə gedərək özünümüdafiə sistemini qurmalıdır.

Naibə
Cebhe.info


Oxunma sayı: 14510