hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Tarladan saraya: Bayramdan bayrama ət yeyən və bir gündə unudulan prezident

Tarladan saraya: Bayramdan bayrama ət yeyən və bir gündə unudulan prezident

Boliviya Prezidenti Evo Morales istefaya məcbur olub. 

Prezident olan ilk indus kimi hakimiyyətdə olduğu 14 il ərzində ölkəsində iqtisadiyyatın inkişafına nail olmuş siyasi xadim kimi xarakterizə olunub. O, ard-arda 4 seçkidə qələbə qazanıb, ancaq sonda bu, rəqiblərinə çox şübhəli görünüb və nəticə məlumdur - Morales artıq prezident deyil. 

Ət yeyə bilməyən prezident

Morales olduqca kasıb ailədə dünyaya gəlib. O, uşaq olduğu zamanlar ailəsində əsas yemək qarğıdalıdan bişirilən şorba olub. Ancaq bayramdan-bayrama ailə ət yeyirdi. Hələ uşaq ikən ailəsinə yardım etməyə məcbur qalan gələcək prezident məhsul yığır, mal-qara otarırdı. Kənd uşaqları kimi onun da əsas əyləncəsi futbol oynamaq idi, bu sonralar da uzun illər Moralesin hobbisi olaraq qaldı.

1980-cı illərin əvvəllərində Moralesin ailəsi Oruro şəhərinə köçdü. O, bu şəhərdə Aqrar Universitetdə məşğələlərdə iştirak etdi, ancaq diplom ala bilmədi. Onu orduya çağırdılar. Beləliklə, gələcək prezident xidmətini hərbi orkestrdə keçməli olur. 

Tarladan saraya

Hərbidən qayıtdıqdan sonra ilk işi ailəsinə pul qazanmaq idi. Uzun müddət plantasiyalarda işləyən gələcək prezident birdən-birə həmkarlar ittifaqının rəhbərliyində göründü. 1993-cü ildə ölkədəki seçkidən sonra vəziyyət dəyişdi. Mərkəzçi Qonsali Sançes prezident seçildi. O, ölkəyə şok terapiyası gətirdi. İqtisadiyyatı liberallaşdırmaqdan tutmuş dövlət aktivlərinin özəlləşdirilməsinə qədər... 1990-cı illərdə siyasətlə maraqlanan Morales dəfələrlə həbs olundu. Onu aksiyaların təşkilində ittiham edirdilər. Etiraz olaraq quru aclıq aksiyası keçirən Morales 1995-ci ildə "Sosializm hərəkatı" Partiyasını yaratdı. O, kapitalizmin əsas düşməni olduğunu elan etdi, kasıblara kömək üçün hərəkata başaldığını bildirdi. Bundan sonra parlamentin yolu açıldı, ancaq onu oradan da qovdular. 

İlk dəfə 2002-ci ildə prezident seçkisində iştirak etdi. İkinci yeri tutdu və bu, bütün Latın Amerikası üçün sürpriz oldu. 2005-ci ildə ölkədə təkrar seçki keçirildi və bu dəfə Morales səslərin 54 faizini aldı. Buna qədər isə Boliviyada 5 ildə 5 prezident dəyişmişdi. Onların arasında Moralesin indiki rəqibi Karlos Mesa da vardı. O, ölkəyə 2003-2005-ci illərdə rəhbərlik etmişdi.

Morales ölkəyə rəhbərliyə böyük, amma populist proqramlarla başladı. O, ölkədəki kasıblara dəstək vəd edir, beləliklə varlıların nifrətini qazanırdı. Təbii sərvətləri dövlətin mülkiyyəti elan etdi, xarici neft şirkətlərinə yeni qeydiyyat üçün 180 gün möhlət verildi. İnvestorlar bundan şoka düşmüşdülər. Ölkə iqtisadi çətinliklərlə yanaşı separatizm təhlükəsi ilə də üzləşmişdi. 2008-ci ildə bu, özünü daha kəskin göstərirdi.

Kasıbların dostu, varlıların düşməni

Ancaq görünən odur ki, Moralesi yıxan onun daxili yox, xarici siyasəti oldu. Morales əsl Amerika düşməni idi. 2015-ci ildə növbəti beynəlxalq qalmaqal yaşandı. Ölkə prezidentinin təyyarəsi Avstriyada məcburi eniş etməli oldu. Təyyarə Moskvadan uçmuşdu və Lissabona gedirdi. Ancaq Fransa, Portuqaliya, İtaliya və İspaniya təyyarənin öz ölkələrinin hava məkanından istifadəsinə icazə vermədilər. Səbəb kimi təyyarənin bortunda Edvard Snoudenin ola biləcəyi əsas göstərilirdi. ABŞ onu həbs etmək istəyirdi, Boliviya isə sığınacaq verməkdə israrlı idi. Nəhayət, təyyarə məcburi eniş etdi, bort axtarıldı, ancaq Snouden orada yox idi. 

1 gündə unuduldu

Morales təkcə siyasəti ilə yox, həm də görünüşü ilə daim diqqət mərkəzində idi. Özünün ilk andiçmə mərasiminə etnik üslubda sviter-pencəkdə getmişdi. Daha sonra qarderobunu dəri paltarlarla doldurdu. Hətta 2006-cı ildə Avropda diplomatik görüşlərə xətt-xətt sviterdə getmişdi. Hərdən isə xarici görünüşünü dəri gödəkcə ilə tamamlayırdı. Prezidentdən daha çox 90-cı illərdən qalma rep ulduzlarına bənzəyirdi.

Moralesin ölkədəki rəhbərliyi ilə razılaşmayanlar da sakit oturmaq niyyətində deyildilər. Ölkədə etirazlar güclənirdi və bu etirazlar fonunda keçirilən seçkidə Moralesə 47,1 faiz səs yazıldı. Onun əsas rəqibi 36,51 faiz səs toplamışdı. Xalq nəticələrlə razlaşmadı və küçələrə çıxdı. Morales növbədənkənar seçki keçirilməsilə razılaşdı, ancaq hərbçilərin son sözü hər şeyi dəyişdi. Morales baş verənləri dövlət çevrilişi adlandırdı və istefasını bəyan etdi: "Mən sülh naminə gedirəm, ancaq bu, dövlət çevrilişidir. İstəyirəm ki, məni dəstəkləyənlərə, ailəmə daha təzyiq olmasın". 

Bu bəyanatdan sonra onun ölkədən qaçmaq istəməsinə dair xəbərlər yayıldı. Sonradan məlum oldu ki, Moralesin təyyarəsi Çimore şəhərində yerə enib. Ölkədə yeni seçkiyə hazırlıq prosesi başlayıb. Dəyəsən, bir günün içində Morales də unuduldu. Doğrudanmı?

Xəzər
Cebhe.info


Oxunma sayı: 3444