hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Tbilisidə dövlət çevrilişi, yoxsa xəbərdarlıq?

Tbilisidə dövlət çevrilişi, yoxsa xəbərdarlıq?

Tbilisi şəhərində etiraz aksiyaları zamanı 170 nəfərdən artıq şəxs saxlanıb.

Bu barədə Gürcüstan mediası məlumat yayıb. Gürcüstanın Baş Prokurorluğu isə həbs olunanların və saxlananların sayının artacağını bildirib. Hətta Baş Prokurorluq onların bir qisminin ölkədə dövlət çevrilişinə cəhddə ittiham edildiyini bildirib. Baş Prokuror Koka Kaktisadze bildirib ki, Tbilisidə iyunun 20-dən 21-nə keçən gecə zor gücünə hakimiyyətin devrilməsi və qiyam planlaşdırılıb.

Onun sözlərinə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iyunun 20-i və 21-də parlamentin binası qarşısında keçirilən aksiyada kütləvi zorakılığın təşkili ilə bağlı intensiv istintaq tədbirləri həyata keçirir: “İstintaq tədbirləri, sübutlar və şahid dindirilmələri zamanı müəyyən olunub ki, iyunun 20-dən 21-nə keçən gecə bir qrup şəxs zor gücünə qiyam yolu ilə hakimiyyəti devirmək niyyətində olublar. Bu niyyətin ilkin mərhələsinin reallaşdırılması üçün Gürcüstan parlamentinə hücum, daha sonra isə bütün ölkə ərazisində cinayət əməlləri planlaşdırılıb. Bu niyyətlər hüquq mühafizə orqanları əməkdaşlarının səyləri nəticəsində neytrallaşdırılıb”.

Prokurorun sözlərinə görə, aksiya ilə bağlı aparılan istintaqın maddəsi dəyişdirilib: “İstintaq Cinayət Məcəlləsinin “Gürcüstanın konstitusion quruluşunun zorakılıqla dəyişdirilməsi məqsədilə əlbirlik və ya qiyam” maddəsi üzrə davam etdirilir. Yaxın zamanlarda təqsirləndirilən şəxslərin sayı artacaq və bu barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək”.

Politoloq Nəzakət Məmmədova hesab edir ki, etiraz aksiyalarının arxasında ABŞ-ın siyasi dairələrinin dayandığını istisna etmək olmaz. Vaşinqton bununla Gürcüstanın özünün maraq dairəsinə daxil olduğuna dair Rusiyaya xəbərdarlıq etdi. Lakin ekspert bunun dövlət çevrilişi və qiyam məqsədi daşıdığını güman etmir:

“Gürcüstanda baş verən hadisələri dövlət çevrilişi hesab etmək olmaz. Bu hadisələr daha çox Rusiyaya qarşı etiraz idi. Mixeil Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Gürcüstanda rusiyapərəst İvanişvili ölkənin idarəçiliyinə nəzarət edir. O, Saakaşvilinin tiranlıq etdiyinə dair təbliğat aparır və özünü xilaskar kimi göstərir. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi xalqı qorxutduğundan insanlar Saakaşvilidən ehtiyat etməyə başladı. Ona görə də Saakaşvilinin hakimiyyətinə son qoymaq İvanişvili üçün asan oldu. İyunun 20-də baş verən etirazlar isə ölkədəki sosial problemlərə, korrupsiyaya, yerliçiliyə, qohumbazlığa, məhkəmə sisteminin müstəqil olmamasına etiraz idi. İyunun 6-dan 14-dək Gürcüstanın Baş naziri Mamuka Baxtadze ABŞ-da rəsmi səfərdə olmuşdu və dövlət katibi Mayk Pompeo ilə mühüm görüşlər keçirmişdi. Bütün bunların da 20 iyun iğtişaşları ilə əlaqəsi var. Bu hadisələrin təşkilatçılığında Amerikanın rolu istisna olunmamalıdır. 2020-ci ildə Gürcüstanda Rusiya erası başa çatacaq. Yəqin ki, hakimiyyət amerikayönümlü qüvvələrin əlinə keçəcək. Saakaşviliyə yaxın şəxslərin spiker və Baş nazir postlarına gətirilməsi gözlənilir. Amma son aksiyaların arxasında ABŞ-a yaxın qüvvələr dayansa da, bunu dövlət çevrilişi kimi dəyərləndirmək olmaz. Çünki bu aksiyalar dinc xarakter daşıyıb və etirazçılara silah verib küçələrə çıxartmayıblar. Yəni bu dövlət çevrilişi deyildi. Həmin aksiyalar sadəcə olaraq, Rusiyaya hakimiyyətdən könüllü çəkilmək üçün bir xəbərdarlıqdır. Əks halda, silahlı çevriliş ola bilər. Rusiya da bu xəbərdarlıqdan nəticə çıxartdı və İvanişvilinin liderlik etdiyi iqtidar seçki prosedurunda müəyyən dəyişiklik etdi. 2020-ci il Gürcüstan üçün çox təlatümlü keçəcək. Parlament seçkilərində ABŞ-ın və Rusiyanın maraqlarının toqquşması ilə əlaqədar belə hadisələr təkrar olunacaq. Həmin güclərdən biri hakimiyyətdə bərqərar olunana qədər bu gərgin proseslər davam edəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4379