hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Təcrübələrin savaşı: İki prezident üz-üzə

Təcrübələrin savaşı: İki prezident üz-üzə

Prezident Vladimir Zelenski Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinə rəhbərlik etdiyinə görə, ABŞ-a təşəkkürünü bildirib. 

Yeni seçilmiş prezident andiçmə mərasiminə Amerikadan gəlmiş nümayəndə heyəti ilə görüşdə Birləşmiş Ştatları Rusiyanın təcavüzünün aradan qaldırılmasında Ukraynanın ən güclü və ciddi tərəfdaşı adlandırıb.

“Biz Rusiyanın Krımda və Donbasdakı təcavüzünü müstəqil şəkildə aradan qaldıra bilmərik. Buna görə də bizə sizin köməyiniz lazımdır. Sizi ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyalarını daha da möhkəmləndirməyə çağırıram”. 

Ukrayna prezidentinin saytında yerləşdirilən məlumatda qeyd edilir ki, Vladimir Zelenski təhlükəsizlik sahəsində göstərdiyi köməyə görə də ABŞ-a minnətdarlığını bildirib. Prezident Ukraynada şəffaf, açıq və demokratik islahatlar aparmağa hazır olduğunu deyib. O, Birləşmiş Ştatları dəyərlər və şəffaflıq sahəsində Avropaya çevrilməyə çalışan Ukrayna üçün nümunə adlandırıb. Eyni zamanda, Avropa Komisiyyasının sədr müavini Maroş Şefçoviçlə görüşən prezident Zelenski Avropa Birliyinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyinə ümid etdiyini bildirib. Dövlət başçısı bu məsələnin Rusiyanın siyasəti nəticəsində Donbası itirən Ukrayna üçün mühüm amil olduğunu deyib. 

Xatırladaq ki, bu günlərdə Vladimir Zelenskinin qərargahının üzvü Stefançuk yeni prezidentin Rusiya ilə “Normand formatı” çərçivəsində danışıqları bərpa etməyə hazır olduğunu bildirib. 

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Rusiya ilə münaqişənin həlli prosesində prezident Zelenskinin xarici siyasət kursuna ciddi dəyişiklik edəcəyi gözlənilmir: 

“Hesab edirəm ki, Vladimir Zelenskinin bəyanatında gözlənilməz bir hadisə baş verməyib. Prezident seçkilərində Petro Poroşenkonun məğlub olması və Vladimir Zelenskinin qalib gəlməsi gözlənilən idi. Əvvəla, seçki kampaniyası dövründə Poroşenkonun əsas rəqibi Zelenski yox, Timoşenko idi. Ona görə də Poroşenko bütün səylərini Timoşenkonun ikinci tura çıxmamasına yönəltdi. Zelenskinin böyük səs fərqi ilə qalib gəlməsi göstərir ki, 2014-cü ildə baş vermiş dinc inqilabdan sonra qərbpərəst qüvvələr öz siyasi yolunu davam etdirir. Onların əsas məqsədi Ukraynada anti-Rusiya cəbhəsini formalaşdırmaqdan ibarətdir. Zelenskinin seçkilərdən dərhal sonra “Bunu siz də bacararsınız”-deyə, mesaj verməsi Qərbin siyasi texnologiyalarının istənilən ölkədə qələbə çala biləcəyi anlamına gəlirdi. Buna nail olmaq üçün yalnız çalışmaq lazımdır. Yəni Zelenskinin qələbəsi 2014-cü ildə baş vermiş inqilabın davamıdır. Demokratlar indi öz planlarını indi yeni mərhələdə həyata keçirir. Vladimir Zelenskinin bəyanatı Ukraynanın xarici siyasətində anti-Rusiya meyillərinin saxlanacağından, hətta ola bilsin ki, güclənəcəyindən xəbər verir. Digər tərəfdən, Ukrayna Qərbə inteqrasiya etməyə çalışacaq. Çünki bu məqsəd hakim elitaların qarşısında qoyulub və onu həyata keçirmək lazımdır. Məlumdur ki, parlament buraxılıb və köhnə hökumət istefaya gedib. Yeni hökumətdə V.Zelenskinin baş nazir vəzifəsində nəzərdə tutduğu ən real namizəd Arsen Avakovdur. Bu həmin Arsen Avakovdur ki, birinci seçkilərdə çox sərt mövqe tutdu və şərqpərəst qüvvələri tərksilah etdi. Seçkilər bitdikdən sonra ABŞ-ın istibleşmentinin nümayəndələri Arsen Avakova seçkilərin çox yüksək standartlar səviyyəsində təşkil olunduğunu, demokratiyanın qələbə çaldığını bildirdilər”.

Tofiq Abbasovun fikrincə, V.Zelenski siyasi karyerasını formalaşdırmaq üçün Donbas və Krım məsələlərində sərt kurs tutmalı olacaq: 

“Zelenski peşəkar siyasətçi deyil. O, heç həvəskar siyasətçi də deyil. Sadəcə olaraq, elə bir texnologiya istifadə olundu ki, Zelenski nəticədə qələbə çaldı və özünü böyük siyasətdə təsdiqləməlidir. Onun nə komandası, nə idarəçilik təcrübəsi, nə də konsepsiyası var. Bunların hamını əldə etmək üçün səsləndirdiyi bu şüarlar ona kənardan təlqin olunur. Əgər Zelenski hazırlıqlı olsa idi, öz proqramının bəzi detallarını seçki kampaniyası dövründə açıqlayardı. Amma bu baş vermədi. İndi ona müşavirlik edən və hazır siyasi tezisləri verən qüvvələrin köməyi ilə bu cür bəyanatları səsləndirir”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1332