hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Təhlükəli Belarus planı: Putin riskə gedəcəkmi?

Təhlükəli Belarus planı: Putin riskə gedəcəkmi?

Rusiya-Belarus münasibətləri SSRİ-nin dağılmasından sonra ən gərgin həddə çatıb.

Hətta son vaxtlar iki ölkə arasında müharibənin baş verəcəyinə dair fikirlər səslənir. Avqustun 9-da Belarusda keçiriləcək prezident seçkilərinə Rusiyanın müdaxilə etmək cəhdləri hərbi Ukrayna münaqişəsinin digər slavyan ölkəsində təkrarlanması ilə nəticələnə bilər.

Seçki kampaniyası “Qazprom” şirkəti tərəfindən maliyyələşdirildiyi iddia edilən Viktor Babarikonun namizədliyinin qeydə alınmaması və həbsindən sonra Rusiyanın prezident Aleksandr Lukaşenkonun əsas rəqibini hakimiyyətə gətirmək şansı aradan qalxıb. Rusiyaya yaxınlığı ilə seçilən digər namizəd Vladimir Tsepkalonun da seçki prosesindən kənarlaşdırılması müxalifətin Qərbyönümlü Svetlana Tixanovskayanın ətrafında təmərküzləşməsinə səbəb olub. Rusiyanı isə nə siyasi itaətsizlik göstərən Lukaşenkonun, nə də S. Tixanovskayanın timsalında “Maydan” inqilabının Belarusda təkrarlanması qane edir. Ona görə də Kreml Belarusu işğal etmək planına üstünlük verə bilər. Ekspertlərin fikrincə, Belarusa hərbi müdaxilə müdaxilə ssenarisi əsasən Rusiya xüsusi xidmət orqanlarının təxribat törətməsi və Putin administrasiyasının yaranmış qarşıdurmadan istifadə edərək müttəfiq ölkəyə qoşun yeritməsi formasında baş verə bilər. Minsk yaxınlığında saxlanılan “Vaqner” xüsusi təyinatlı muzdlu dəstəsinin də həmin məqsədlə Belarusa göndərildiyi bildirilir. Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, hazırda Belarus ərazisində 170 nəfər “Vaqner” muzdlusu gizlənib ki, onların məqsədi seçki günü və ondan sonra təxribat törətməkdir. Aleksandr Lukaşenko səsvermənin nəticələrindən asılı olmayaraq özünü altıncı müddətə prezident elan etməyə hazırlaşır.

Ölkədə artan kütləvi aksiyalar fonunda isə Lukaşenkoya etiraz məqsədilə küçələrə çıxacağı gözlənilir. Bu halda Kreml işğal siyasətini Ukraynada olduğu kimi rus icmasının təhlükəsizliyini təmin etmək adı altında həyata keçirməyə çalışacaq. Belarus prezidenti müxalifətə nə qədər qəzəbli olsa da Putinin planlarının daha təhlükəli olduğunu anlayır. Ona görə də A.Lukaşenkonun göstərişi ilə ölkədə qeyri-rəsmi səfərbərlik elan edilib. Avqustun 9-a qədər ilkin səsvermədə səs vermiş və ehtiyatda olan hərbi qulluqçular orduya çağırılıb. Ən diqqət çəkən məqam isə orduya cəlb edilən əlavə qüvvələrin təlim adı altında Rusiya ilə sərhəddəki Vitebsk bölgəsinə göndərilməsidir. Lukaşenko Rusiyanın ünvanına səsləndirdiyi açıq bəyanatlar mediada iki ölkə arasında qardaşlığa son qoyulması kimi dəyərləndirilib. Dövlət başçısı hətta daha sərt açılqma verərək müharibə başlayacağı təqdirdə, Rusiyanın Vladistoka qədər alışacağını bəyan edib. Artıq tərəflər demək olar ki, döyüş hazırlığı vəziyyətinə gətirilib.

Prezident bildirib ki, Rusiya Belarusu itirməkdən qorxur. Çünki başqa belə müttəfiqləri qalmayıb. Bununla yanaşı, o əlavə edib ki, hər iki ölkə həmişə yaxın olacaq. Lakin o, rəsmi Moskvaya sərt xəbərdarlıq da edib:

“Bütün zəhərli Covid oxları bu gün Lukaşenkoya-onu yıxmağa, alçaltmağa, tapdalamağa, məhv etməyə yönəlib. O halda bilin: hətta mən olmadan da Belarus xalqı özünü müdafiə edə biləcək. Çünki onlar dünyada Belarusdan başqa heç bir torpaqlarının olmayacaqlarını bilirlər. Ölkəni sizə verməyəcəyik. Müstəqillik bahadır, amma qoruyub gələcək nəsillərə ötürməyə dəyər”.

Yaranmış qarşıdurmanın münaqişəyə keçib-keçməyəcəyinə dair suallar indi Belarusdakı seçkilərin nəticələri ilə bağlı müzakirələri üstələməyə başlayıb. Çünki Rusiyanın Belarusa təcavüzü postsovet məkanında növbəti irimiqyaslı müharibənin alovlanmasına səbəb olacaq. Kreml bu münaqişədə qalib gələcəyinə əmindir. Ancaq prezident Lukaşenkonun bəyanatları rəsmi Minskin də asanlıqla təslim olmayacağına işarədir. Belarusun işğalı Ukraynada olduğu kimi Avropanın təhlükəsizliyi problemini yenidən gündəmə gətirə bilər. Bu isə ABŞ başda olmaqla NATO-nun Şərqi Avropada yenidən hərbi cəhətdən fəallaşmasına gətirib çıxara bilər. Putin Belarusa müdaxilə əmri verəcəyi təqdirdə, Lukaşenko kömək üçün Qərbə müraciət edə bilər. Ukrayna münaqişəsindən sonra Rusiya ilə NATO-nun Şimal-Şərqi Avropa cinahı arasında bufer zonaya çevrilmiş Belarus hər iki tərəf üçün geostrateji əhəmiyyət daşıyır. Ona görə də Rusiyanın müdaxiləsi Qərbin sərt cavab tədbirləri ilə qarşılaşacaq. Rusiya daha ağır sanksiyalarla üzləşə bilər. Son dövrlər Fransa, Almaniya, İtaliya, Yunanıstan, Macarıstan kimi ölkələri ilə münasibətləri yumşaltmağa nail olmuş Putin hakimiyyətinin Belarusu işğal etmək cəhdi yenidən Avropada anti-Rusiya meyllərinin güclənməsinə səbəb ola bilər. Bu da ABŞ-a Şərqi Avropada hərbi mövqelərini möhkəmlətmək üçün geosiyasi şərait yaradacaq.

Təbii ki, bütün bunları Kremldə nəzərə alırlar. Ən əsası isə Belarus son illər Rusiya üçün nəfəslik rolunu oynayır. Ukrayna ilə münaqişədən və ABŞ-ın “Şimal axını-2” təbii qaz kəməri layihəsinə sanksiya tətbiq etməsindən sonra Belarus Rusiyanın Avropa bazarlarına neft və “mavi yanacaq” nəql edən əsas enerji dəhlizinə çevrilib. Belarusa təcavüz və həmin bölgədə münaqişənin yaranması Rusiyanın Qərb bazarlarına enerji dəhlizinin qapanması deməkdir. Bu isə Rusiya iqtisadiyyatı üçün iqtisadi fəlakətə gətirib çıxara bilər. Ona görə də Rusiyanın bütün təhdidlərə rəğmən, Belarusu işğal edəcəyi inandırıcı görünmür. Hazırkı situasiyada Moskva üçün Belarusda sabitliyin davam erməsi daha əlverişlidir. Daha çox siyasi məzmun daşıyan hücumların məqsədi mövqeləri zəifləmiş A.Lukaşenkonu güzəştlərə razı salmağa və Belarusda “məxməri inqilab"ın qarşısını almağa nail olmağa hesablanıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 17502