hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Təlatümünə son qoyacaq xəbər gəldi: BAZAR "DURULUR"

Təlatümünə son qoyacaq xəbər gəldi: BAZAR "DURULUR"

Səudiyyə Ərəbistanının neft emalı zavoduna 14 sentyabrda olan hücumdan sonra bazarın gələcək durumu ilə bağlı ciddi narahatlıq yaranıb. 

"Saudi Aramco"nun nəhəng “Abkayk” kompleksində baş verən  partlayış neftin qiymətinin sıçrayışla artımına səbəb olub. Brent neftinin qiyməti dərhal hər barel üçün 71 dolları ötüb. Hətta neft qiymətlərinin regionda qarşıdurma yarada bilməsi ehtimalları da güclənib.

Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanına neft emalını əvəlki vəziyyətə qaytarmaq üçün aylar tələb olunur. Bu xəbər bazarda növbəti çaxnaşmaya səbəb olub.

Ancaq Energetika Nazirliyi bu qəbildən xəbərlərin bazara mümkün təsirini dərhal qiymətləndirərək  bəyanatla çıxış edib. 

“Səudiyyə Ərəbistanı neft hasilatını operativ şəkildə əvvəlki vəziyyətinə qaytara bilib”,- deyə Energetika naziri Əbüdl Əziz ben Salman deyib. Nazir bildirib ki,  hazırda neft dronların zavodlara hücumunadək olan səviyyədə istehsal olunur. Hasilat 17 sentyabr günorta bərpa edilib”. Nazirin sözlərinə görə, “Saudi Aramco” şirkəti hücumlara baxmayaraq, müştəriləri qarşısında vəzifələrini yerinə yetirəcək.

Nazirin çıxışından sonra bazarda müəyyən ucuzlaşma qeydə alınıb. Ancaq istehsal tam həcmdə bərpa olunması şübhə altındadır və bu, gələcək bahalaşmaya rəvac verə bilər. 
 
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, son 20 il ərzində baş vermiş ən böyük texnoloji qəzadır:

“Səudiyyə Ərəbistanının Şərq vilayətində yerləşən “Abkayk” neft qəbul məntəqəsinə, eyni zamanda “Xurays” neft yatağına ciddi ziyan dəyib. Səudiyyə Ərəbistanının əsas neft yataqları onun Şərq vilayətlərində yerləşir. Hasilatın 5,7 milyon barel civarında aşağı düşməsi o demək idi ki, Səudiyyə Ərəbistanı həm daxili, həm də xarici öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkəcək. “Xurays” yatağındakı neft qəbul məntəqəsi neft emalı zavodu deyil, böyük emal gücünə malik olan istehsal müəssisəsidir. Neft yataqlarından istehsal olunan xam neft “Abkayk” məntəqəsinə daxil olur, orda təmizlənir, emala və ixraca hazır formaya salınır. Bir hissəsi neft emal zavodlarına göndərilir, digər bur hissəsi isə terminallar vasitəsilə dünya bazarına çıxarılır. Ziyan dəymiş məntəqə həm dünya bazarı üçün, həm də Səudiyyə Ərəbistanının enerji sektoru üçün önəmlidir”.

Ekspert deyir ki,  istehsal tam həcmdə bərpa olunmasa belə, kifayət qədər ehtiyat mövcuddur: 

“Bazarlarda tələb olunan neft həcmlərini qarşılamaq üçün Birləşmiş Ərəb Əmirliyinin, İraqın, Küveytin, eyni zamanda OPEC-dən kənar ölkələrin, Rusiyanın imkanlarından istifadə etmək olar.  İxracda iki əsas markanın çatışmazlığı müşahidə olunub. Biri ərəb yüngül nefti, digəri isə yüksək təmizlənmiş ərəb yüngül nefti. Amma düşünürən ki, bu çatışmazlığı “extra light”, ABŞ-da şist neft yataqlarından hasil olan yüngül neft, Rusiyada istehsal olunan “Sokol” və digər markaların hesabına qarşılamaq olar. Səudiyyə Ərəbistanının Energetika nazirinin verdiyi  məlumata görə, onların ehtiyat nefti də var. Səudiyyə Ərəbistanının daxilində neft məhsullarına kəskin tələbat yaranarsa, 90 milyon barel neft məhsulu ehtiyat saxlanılır. “Saudi Aramko”nun Asiya, Avropa, Aralıq dənizi enerji bazarlarındakı müştəriləri qarşısında öhdəlikləri varsa, Roterdam, Yaponiya, Misirdəki neft ehtiyatlarından istifadə edə bilər”.

Ekspertin sözlərinə görə, hadisədən dərhal sonra bəzi mənbələr partlayışın nəticələrinin aradan qaldırılması üçün aylar lazım olduğunu bildirsələr də, digər mənbələr tamamilə bununla ziddiyyət təşkil edən məlumatlar yayıb. Dünən isə istehsalın bərpa olunduğu rəsmən bəyan olunub:  

“Dron hücumundan zədə almış “Afkayk” məntəqəsində çox mürəkkəb texnologoya mövcuddur. Əgər oradakı texnoloji qurğulara ziyan dəyibsə, bunun bərpası üçün zaman lazım olacaq. Dünya bazarlarında qiymətlərin sıçrayışla yüksəlməsi isə bazarın tələblərinə uyğun deyil. London və Nyu-York birjalarda nefin qiyməti qalxsa da, OPEC səbətinə daxil olan “export” neftin qiymətində dəyişiklik yoxdur. Yəni qiymət dəyişikliyini bazar qəbul etməlidir. Bu baxımdan, hesab etmirəm ki, budəfəki qiymət artımı uzunmüddətli olacaq. Bu cür hal aprel ayında Rusiya neftinin tərkibində xlor üzvü birləşmələrin tapılması zamanı da müşahidə olundu. Bir neçə gün birjalarda həyəcan yaşansa da, sonradan vəziyyət qaydasına düşdü”. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1706