hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Tələbə qızın ölümündən sonra tanınan YENİ VİRUS: Adını ilk dəfə eşitsək də, özü təhlükəlidir - ARAŞDIRMA

Tələbə qızın ölümündən sonra tanınan YENİ VİRUS: Adını ilk dəfə eşitsək də, özü təhlükəlidir - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Bakıda tələbə qız vəfat edib. 

Anası İlhamə İgidovanın yerli mediaya açıqlamasına görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da dünyasını dəyişib. Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına yerləşdiriblər. Lakin onun vəziyyəti daha da pisləşdiyi üçün sonradan Babək prospektində yerləşən “Bakı Medical Plaza”ya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospiros virusuna tutulub. 

“Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağ ciyər və ürək çatışmazlığıdır”, - deyə vəfat edən qızın anası bildirib.

İlhamə İgidova deyib ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və Nərdanə Tağızadədən başqa bu virusdan daha 5 nəfərin vəfat etdiyini deyiblər: 

“Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”. 

Səhiyyə Nazirliyi gənc qızın ölümü barədə məlumat yayıb. Məlumatda bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqətə alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Məlumatda leptospirozun çox nadir rast gələnin xəstəlik olması da bildirilib. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. 

Leptospiroz nədir?

Bu xəstəliklə bağlı Cebhe.info-nun suallarını cavablayan Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, heyvandan insana keçən ümumilikdə 70-dən çox xəstəlik var: 

“Leptospiroz bir sıra heyvan növlərinin təbii ocaqlı yoluxucu xəstəliyidir. Nadir hallarda olsa belə insanlar buna yoluxa bilirlər. Ölkədə bu xəstəliyə qarşı peyvəndləmə aparılır və bunun heyvanlar arasında kütləvi şəkildə yayılması, eləcə də bunun hansısa insana keçməsi faktı qeydə alınmayıb. Bu xəstəlik heyvanlarda qızdırma, sarılıq, hemoqlobinuriya, mədə-bağırsaq sisteminin atoniyası, dəri və selikli qişaların nekrozu və balasalma ilə səciyyələnir. Ev heyvanlarının bütün növləri bu xəstəliyə yoluxur. Hər bir heyvan növü özünəməxsus leptospir serovarı ilə yoluxur, yəni həmin heyvan leptospirin bu cinsinin əsas sahibi hesab olunur. Lakin çarpaz yoluxma da mümkündür ki, bu halda xəstəlik çox geniş miqyasda yayıla bilmir, sporadik (tək-tək) xarakterli olur, yəni epizootik proses inkişaf etmir (bioloji tupik yaranır). Törədicinin mənbəyi yoluxmuş heyvanlardır. Onun həssas orqanizmlərə ötürülməsi ətraf mühit amilləri, məsələn su ilə baş verir. Leptospirlərin ocağı (anbarı) rütubətli yerlərdə-çay kənarlarında, göl, bataqlıq, kanal və digər su hövzələri ətrafında əmələ gəlir”. 

Yolçu Xanvəli həmçinin bildirib ki, bu xəstəliyin diaqnozu kompleks müayinələrin əsasında qoyulur: 

“Kliniki müayinələrlə xəstəliyin xarakteri öyrənilir, temperaturanın dəyişilməsi, intoksikasiya əlamətlərinin olması, spesifık nişanələr (nekrozlar, sarılıq, qanlı sidik, balasalma) nəzərdə saxlanılır. Laboratoriya diaqnostikası zamanı mikroaqqlütinasiyadan böyrəklərdən, qarın boşluğundan, ürəkdən və qaraciyərdən götürülən materialın mikroskopiyasından, xəstə sağ ikən sidiyinin bakterioloji müayinəsindən istifadə edilir. Mikroaqqlütinasiya reaksiyası üçün 3-7 gün intervalla serum müayinə edilir, əgər antitellərin titrinin analizlərdə artması isbat olunursa, bu iti gedişli prosesin olması deməkdir. Aueski, salmonellyoz, listerioz və pasterellyozla qarışıq infeksiya halında gedə bildiyi üçün, diaqnoz qoyularkən bu faktı nəzərə almaq lazımdır. Belə hallarda laboratoriya müayinələri həlledici rol oynayır”. 

Necə müalicə olunur?

Mətbuat katibi bu xəstəliyin müalicəsindən də danışıb: 

“Xəstə heyvanlara hiperimmun serum (qaramala çəkidən asılı olaraq 50-120 ml, buzovlara 20-40 ml, qoyun və donuzlara 5-30 ml dərialtma vurulur) və geniş təsir dairəsinə malik antibiotiklər (streptomitsin, ditetrasiklin və s.) yeridilir. Əlavə olaraq simptomatik müalicə aparılır: ürək preparatları, qlükoza, bağırsaq qurumaları zamanı işlətmə dərmanları tətbiq edilə bilər. Leptospiroz zamanı orqanizmdə hipoqlikemiya inkişaf etdiyinə görə vena daxilinə 40%-li qlukoza məhlulu atlara və qaramala 500 ml, itlərə 5-10 ml, buzov və dayçalara 50-200 ml yeridilir. Mədə-bağırsaq sisteminin atoniyasma qarşı, ürək fəaliyyətini nizamlamaq üçün preparatlar ümumi qəbul edilmiş dozalarda tətbiq edilir”. 

Y.Xanvəli əlavə edib ki, bu xəstəliklə bağlı profilaktika və sağlamlaşdırıcı tədbirlər aparılmalıdır: 

“Bunun üçün təsərrüfata yeni daxil olan heyvanlarla və yemlərlə törədicinin gətirilməsinin qarşısının alınması, leptospirozun epizootik mənbəyinin öyrənilməsi və onların ləğvi, tələb olunduqda vaxtaşırı vaksinasiya edilməsi, heyvanlardan bir hissəsinin və ətrafda yaşayan gəmiricilərdən bir neçəsinin tutulub, müayinələrdən keçirilməsi vacibdir. Damazlıq təsərrüfatlarında ana heyvanların 10%-i ildə bir dəfə, törədici buğalar isə ildə 2 dəfə müayinə edilməlidirlər. Qeyri-sağlam təsərrüfatlarda təsərrüfat işləri məhdudlaşdırılır. Bütün heyvanlar peyvənd edilir, xəstələr isə təcrid olunaraq, müalicə edilirlər. Leptospirozla mübarizənin səmərəli olması ayrı-ayrı tədbirlərdən yox, bütünlükdə ekoloji sistemə təsir olunmasmdan asılıdır. Hal-hazırda fəal peyvənd vasitəsi kimi polivalent fenol vaksin və depolaşdırılmış polivalent DENİ vaksini işlədilir”.

Qeyd edək ki, dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinə 600 balla daxil olub, birinci kursda təhsil alırdı. Xəstələndən sonra bir müddət müalicə alıb və sonra imtahanlarını verib. Yanvarın 25-də isə vəziyyəti daha da pisləşib və xəstəxanaya aparılıb. Yaxın günlərdə nişanı olacaqmış. 

Hicranə İsmayılova 
Cebhe.info


Oxunma sayı: 1710