hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Tələbələr dərsdən sonra harada işləsin? - “Deputatın fikirləri fantaziyadır” - AÇIQLAMA

Tələbələr dərsdən sonra harada işləsin? - “Deputatın fikirləri fantaziyadır” - AÇIQLAMA

Tələbələrin boş vaxtında işləməsi və özünün bir sıra xərclərini təmin etməsinə dünyanın hər yerində rast gəlinir.

Amma Azərbaycanda bu cür fikirlərin səsləndirilməsi, həm də millət vəkili tərəfindən dilə gətirilməsi birmənalı qarşılanmır və müzakirə doğurur.

"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik", - bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib: "ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?"

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir. Nəinki ABŞ-da, eləcə də Avropada, dünyanın digər bölgələrində də işləyən tələbələr var. Sovet dönəmində də həm oxuyub, həm də işləyən tələbələr var idi ki, öz xərclərini təmin etdikləri üçün cəmiyyətin bu cür gənclərə xüsusi münasibəti vardı.

İndi gənclər tənbəlləşibmi? Yoxsa Azərbaycanın əmək bazarında onlar üçün yer yoxdur?

Qeyd etmək yerinə düşərdi ki, millət vəkili bu fikri pandemiya şəraitində, nəinki gənclərin, həm də ailə başçılarının işlərini itirdiyi və gəlirlərindən məhrum olduğu bir vaxtda deyir.

Təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda tələbələrin işləməsi üçün şərait yoxdur:

“Tələbə dərsdən çıxandan sonra harada işləyəcək? İş yerləri azdır. Sovet vaxtı axşam işləri var idi. Tələbələr gecə mühafizəçiləri işləyə bilirdilər. Hazırda isə əmək bazarında tələbənin işləyəcəyi iş yeri yoxdur”.

Elşən Qafarov məlum açıqlamanın təəssüf doğurduğunu deyib: “Təəssüf ediləsi haldır ki, Milli Məclisin üzvlərinin əksəriyyəti ölkədə əhalinin, o cümlədən də fikir yürütdükləri qrupların həyat tərzi ilə bağlı məlumatlı deyillər. Ona görə də onlar yalnız öz fantaziyaları ilə fikir yürüdürlər. Bunlar da reallığı əks etdirmir”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 2751