hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Tereza Mey istefaya gedir: Britaniyanın yeni baş naziri kim olacaq?

Tereza Mey istefaya gedir: Britaniyanın yeni baş naziri kim olacaq?

Böyük Britaniyanın baş naziri Tereza Meyin hökumət rəhbəri və Mühafizəkarlar Partiyasının liderliyindən istefa verəcəyini bildirib.

Britaniya sağçı elitasında artıq baş nazir postu uğrunda rəqabət başlayıb. Yerli mediada T.Meyi əvəz edə biləcək bir sıra namizədin adları çəkilir. Tereza Mey mühafizəkarları birləşdirən “1922 Komitəsi” adlı iclasda qeyri-adi bəyanatını səsləndirəcək. “Reuters”in məlumatına görə, o, parlament üzvləri qarşısında postundan getdiyini elan edə bilər.

“The Sun” qəzeti isə Britaniyanın baş naziri olduğu müddətdə Tereza Meyə dəstək verdiyini yazır. İndi isə o, ölkənin böyük hissəsinin dəstəyini itirib. Tereza Mey cəsarət göstərdi, tarixə düşdü. Amma indi “Breksit” naminə çıxıb getməlidir. “İndi o, növbəti prinsipial addım atmalıdır. O, sadəcə olaraq, yapışan qorxaq bir siyasətçi olmadığını göstərməlidir”-deyə qəzet qeyd edir. Britaniyanın baş naziri böyük hörmətə layiq olmasına baxmayaraq, onun çıxıb getməsinin vaxtı çatıb. Adıçəkilən qəzet T.Meyi İkinci Dünya Müharibəsindən sonra ən böyük çətinliyi tələbi 2016-cı ildə öz üzərinə götürmüş məmur adlandırır.

Tereza Meyi əvəzləyəcək bir neçə siyasətçinin adı çəkilir. Bu sırada ilk yeri Böyük Britaniyanın maliyyə naziri Filip Hemmond tutur. Hazırda faktiki olaraq, baş nazirin müavini olan Filip Hemmond hökumətə rəhbərlik edəcək ən potensial fiqurlardan sayılır. Bununla yanaşı, F.Hemmond Meyə sadiq siyasətçidir və çıxışlarında onu müdafiə edir.

Filip Hemmond Moskvanın beynəlxalq aləmdəki davranışını kəskin tənqid etməsi ilə məşhurdur və daima Rusiyanın artan hərbi təhlükəsindən danışır. Məhz F.Hemmondun səyləri nəticəsində London 2019-cu ildə müdafiə xərclərini 1 milyard funt sterlinq artıracaq. 2016-cı ildə isə o, Gürcüstana səfəri zamanı bəyan etmişdi ki, Rusiya beynəlxalq davranış normalarını nəzərə almır və beynəlxalq sistemin qaydalarını pozur.

Baş nazir postuna digər real namizəd “Britaniyanın Trampı” adlandırılan sabiq xarici işlər naziri Boris Consondur. Mey hakimiyyətdən gedəcəyi təqdirdə, Boris Conson siyasi varislik uğrunda oyuna girə bilər. Britaniyada B.Consonu bir qayda olaraq ABŞ prezidenti Donald Trampla müqayisə edirlər.

Xatırladaq ki, “Breksit”in əsas müəllifi sayılan B.Conson sonradan səhv etdiyini söyləyib və bu ideyanın əleyhinə çıxaraq xarici işlər naziri vəzifəsindən istefa verib. Yəni xanım Meydən fərqli olaraq, o Avropa İttifaqından ayrılmağın əleyhdarıdır. Conson baş nazir seçilərsə, xarici siyasətdə Rusiyaya qarşı sərt xətti davam etdirəcək. Boris Conson Rusiya prezidenti Vladimir Putini Skripal cinayətinə görə Britaniya ərazisində terror törətməkdə ittiham edir.

Baş nazir vəzifəsinə mümkün namizədlərdən biri kimi Devid Lidinqtonun adı çəkilir.

Lindinqtonun partiya aparatında böyük əlaqələri var. O, əvvəlcə Devid Kemeron hökumətində çalışıb, 2016-2017-ci illərdə İcmalar Palatasına rəhbərlik edib. Lakin cənab Lindinqton baş nazir postuna seçilməsi ilə bağlı suala mənfi cavab verib. “Baş nazir postunda çalışmağa arzumun olduğunu düşünmürəm. Hesab edirəm ki, Tereza Mey möhtəşəm iş görür”, - deyə Lindinqton bildirib.

Tereza Meyin siyasi varislərindən biri kimi Maykl Qouvun adı hallanır. O, hazırkı hökumətdə kənd təsərrüfatı naziri vəzifəsini tutur. O, Britaniyanın Aİ-dan çıxmasının əsas təşviqatçılarından olub.

Kənd təsərrüfatı naziri kimi az təsirli vəzifədə çalışmasına baxmayaraq, M.Qouv güclü siyasi oyunçu və gizli çəkişmələrin ustası kimi tanınır.

Boris Conson Londonun meri olanda mübarizə yoldaşı Maykl Qouv onu dəstəkləməli idi. Lakin referendumdan sonra M.Qouv öz baxışlarını gözlənilmədən dəyişdi və nazir vəzifəsini tutdu.

Baş nazir postuna ən iddialı şəxslərdən biri xarici işlər naziri Ceremi Hantdır. Bundan əvvəl o, maliyyə naziri vəzifəsində işləyib. “Breksit”in qatı tərəfdarı olan C.Hant Avropa Birliyini SSRİ-yə bənzədir. Ancaq Mey onun bu ifadəsi ilə razılaşmayıb. “Avropa İttifaqında əvvəllər SSRİ-yə daxil olmuş ölkələr var ki, indi onlar demokratik dövlətlərdir. Sizi əmin edə bilərəm ki, bu iki təşkilat eyni şey deyil”-deyə T.Mey bildirib.

Hant Rusiyadan danışarkən tez-tez SSRİ-dən söz salır. 2018-ci ilin oktyabr ayında C.Hant “Policy Exchange” Araşdırmalar İnstitutunda bildirib ki, Moskva öz hərəkətini dəyişməsə, bunun böyük hesabını ödəyəcək. “Son vaxtlara qədər Rusiyanın beynəlxalq hüquq sisteminin bir hissəsi olmaq istədiyini düşünürdüm. Biz Sovet dövründəki vəziyyətlə müqayisədə Rusiya ilə tamamilə yeni münasibətlərin olmasına razıyıq” - C.Hant belə deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4448