hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Tofiq Yaqublu Milli Şuranın sədri olacaq? - “Bu istisna deyil”

Tofiq Yaqublu Milli Şuranın sədri olacaq? - “Bu istisna deyil”

Müsavat Partiyası qurultaya hazırlaşır.

Oktyabrın 13-də partiyanın növbəti ali yığıncağı keçiriləcək. 

Qurultayda başqan seçkiləri olacaq. Hələki başqanlığa 3 namizəd var. Bunlar hazırkı başqan Arif Hacılı, sabiq başqan müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır. Partiyanın mənəvi lideri İsa Qəmbər artıq seçimini edib. İ.Qəmbəri bütün müsavatçıları Arif Hacılıya səs verməyə çağırıb. Bununla belə, başqanlıq seçkilərinin gərgin keçəcəyi iddia olunur. Hesab edilir ki, Yadigar Sadıqlı da, Tofiq Yaqublu da başqan seçimlərində Arif Hacılıya problem yarada bilərlər. Xüsusən Milli Şura adlanan qurumdan və Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” qrupundan dəstək alan Tofiq Yaqublunun Arif Hacılıya problem yaradacağı söylənilir. 

“Yurd” fəalları mediada və sosial şəbəkələrdə açıq-aşkar Tofiq Yaqublunun təbliğatını aparırlar.  Əksər “yurd”çular bildirir ki, Tofiq Yaqublu başqan olmağa daha layiqdir. Hesab edilir ki, hazırda protest elektoratı və müsavatçıların əksəriyyəti onun başqan olmasının istəyir. Maraqlıdır ki, bunu deyən “yurd”çu yazarlar 2000-ci ildə protest elektoratının önə çıxardığı  elçibəyçiləri: Mirmahmud Mirəlioğlunu, Fazil Qəzənfəroğlunu, Əli Məsimlini, Zəlimxan Məmmədlini yox, o zaman əksəriyyət tərəfindən əsl müxalifət kimi yox, separatçı kimi qəbul olunan Əli Kərimlini və komandasını  dəstəkləyirdi. Əli Kərimlidən təlimat alan “Yurd”çu yazarlara daha bir sual:

“Protest elektoratının sevimlisi” Tofiq Yaqublu nədən Milli Şuranın sədri seçilmir?

Onsuz da tarixçi alim Cəmil Həsənli elmi yaradıcılığı ilə əlaqədar tez-tez  xaricdə olur, siyasətlə məşğul olmağa vaxt tapmır. Əslində, tarixçi professorun missiyası 2013-cü ildə bitib. Cəmil müəllim fors-major dövrünün prezidentliyə namizədi olmuşdu. Rüstəm İbrahimbəyov gəlmədiyindən Milli Şura onu zorən “ehtiyat oyunçular skamyası”ndan meydana daxil etmişdi.

Azərbaycana hər kəsə bəllidir ki, Milli Şuranın faktiki rəhbəri Əli Kərimlidir. Əli Kərimli “Yurd”da sədr qalsın (yeri gəlmişkən Müsavata demokratiya dərsi keçən “Yurd” lideri də faktiki olaraq 25 ildir qrupun sədridir və istefa vermək niyyəti yoxdur-müəll.) Tofiq Yaqublu Milli Şuraya rəhbər seçilsin. 

Proseslərin gedişi göstərir ki, Arif Hacılı yenidən Müsavatın başqanı seçiləcək. Uzun müddət Müsavatın təşkilati işlərinə rəhbərlik etmiş, rayon şöbələrini, fəalları çox yaxşı tanıyan Arif Hacılı digər namizədlərdən daha təcrübəlidir. Qurultaydan öncə İsa Qəmbərin açıq dəstək verməsi də Arif bəyin şanslarını artırır. Qurultayda başqanlıq yarışını uduzmuş Tofiq Yaqublunun Milli Şuraya sədr seçilməsi həm ona, həm də protest elektoratına jest olardı.

“Yurd” lideri buna gedərmi? 

Bəs Tofiq Yaqublunun özü bu varianta nə deyir?

“Cümhuriyət” qəzetinə açıqlamasında Tofiq Yaqublu Milli Şuranın sədri olacağı ilə bağlı iddialara aydınlıq gətirib. T.Yaqublu bu iddiaları istisna etməyib: 

“Adımın Milli Şura ilə hallanması çox yaxşıdır, normaldır, qürur duyuram. Təki adım YAP-la, korrupsiya, saxta sənədlə hallanmasın. Milli Şura hökumətə qarşı çox fəal mübarizə aparır, mübarizənin önündədir, barışmaz, sistemli, ardıcıl mübarizə aparır. Mən də orada bu mübarizəni davam etdirirəm. Heç bir müsavatçıdan zəif nəticə göstərməyərək, o biri səngərdən də “düşmənə” tərəf atəş açıram. Milli Şura ictimai təşkilatdır və onun əsasnaməsi də bu cürdür. Milli Şuranın əsasnaməsinin yazılmasında əsas fəaliyyət göstərənlərdən biri də Müsavat Partiyası olub. Başqa situasiya yarana bilər, seçkilərdən sonra vəziyyət necə olacaq, bilinmir. Amma gələcəkdə nəzəri cəhətdən Milli Şuranın sədri də ola bilərəm, bu da istisna olunmur. Deputat da, prezident də, Milli Şuranın sədri də ola bilərəm. Milli Şurada nə vaxt konfrans keçiriləcək, seçkilər olacaq iddialı şəxslər olacaq, orada da səsvermə keçiriləcək”. 

Tofiq Yaqublu Müsavat Partiyasının qurultayında namizədlikdən geri çəkilməyəcəyini bildirib. O, başqanlığa digər namizəd Yadigar Sadıqlı ilə eyni komandada yer almasına da aydınlıq gətirib: 

“Burada elementar bir məntiq var. Fəaliyyətdə olan başqan var və başqanlığa iddia edən biz varıq. Biz həm rəqib, eyni zamanda da müttəfiqik. Ona görə də bizim bir-birimizə qarşı təbliğat aparmaq “lüksümüz” də yoxdur, buna ehtiyac da görmürük. Ona görə də Yadigar bəylə birgə fəaliyyət göstərməyim tamamilə təbiidir. Burada təbii, normal olmayan bir məqam axtarmağa dəyməz. Ümumi sözlə desəm, ona görə Müsavat Partiyasının başqanı olmaq istəyirəm ki, Müsavatın daha fəal, mübariz, mübarizənin başında olmasını istəyirəm. Bunu da hər yerdə demişəm”. 

Tofiq Yaqublu sonda rəqiblərinə heç bir vəzifə təklif etmədiyini deyib.

Aydın
Vilayət


Oxunma sayı: 1816