hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Tofiq Zülfüqarov: “Ermənilər Zəngəzur dəhlizini açmasa, Azərbaycan Laçın dəhlizini bağlayacaq”

Tofiq Zülfüqarov: “Ermənilər Zəngəzur dəhlizini açmasa, Azərbaycan Laçın dəhlizini bağlayacaq”

Ermənistan Zəngəzur dəhlizinin açılmasını ləngidir.

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan altı aydan artıq vaxt ötsə də, rəsmi İrəvan öhdəliklərin yerinə yetirilməsində siyasi spekulyasiyaya yol verir.

Azərbaycan ilk gündən Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin açılmasını təmin edib. Lakin Azərbaycanın digər ərazilərini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Mehri dəhlizinin açılması istiqamətində ciddi addımlar atılmayıb. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan demək olar ki, bu öhdəliyi danmağa çalışıb.

“Azəraycan tərəfi tez-tez Zəngəzur dəhlizi ifadəsini işlədir, ancaq imzalanan bəyanatda Sünik, Zəngəzur, Mehri və dəhiz ifadələri yoxdur. Onlar (azərbaycanlılar-red.) deyirlər ki, Zəngəzur dəhlizi olacaq. Yaxşı, deyirlər, desinlər, deməli, bizim də Naxçıvan dəhlizimiz olacaq, bizim də şimal Azərbaycan dəhlizimiz olacaq. Başqa sözlə, biz yol əvəzinə yol təklif edirik”.

Halbuki üçtərəfli bəyanatın 9-cu maddəsində Ermənistan bununla bağlı konkret öhdəlik götürüb. Şəxsən Baş nazir Paşinyanın imzaladığı həmin sənədi təkzib etməyə çalışması, yaxud Azərbaycana sanki güzəşt kimi təqdim etməyə çalışması yalnız Ermənistanın ziyanına işləyə bilər. Çünki Ermənistan Mehri dəhlizini bağlı saxlamaqla özünün blokadasını davam etdirmiş olar.

Qeyd edək ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında imzalanmış bəyanatın 9-cu bəndində yazılıb:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Ona görə də Ermənistanın Zəngəzur dəhlizini açmaqdan yayınması regiondakı nəqliyyat və kommunikasiya qovşağından kənarda qalması ilə nəticələnə bilər. Bu isə İkinci Qarabağa müharibəsindən sonra Ermənistanın tranzit ölkəyə çevrilmək imkanlarının itirilməsi deməkdir. Azərbaycan Zəngilan rayonunu işğaldan azad etdikdə sonra İran ərazisindən keçməklə Naxçıvan MR-a daha qısa məsafə ilə çıxış imkanı əldə edib. Yəni Azərbaycan alternativ marşrut açmaq şansına mlikdir.

Ermənistanın qapıları Azərbaycanın üzünə bağlamaq cəhdi isə özünün daha ağır təcrid durumuna düşməsi ilə nəticələnə bilər. Əslində, Zəngəzur dəhlizinin açılması Rusiyanın da marağındadır. Çünki Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsi olan bu marşrut tranzit yükdaşımalarını artması, həmçinin Ermənistandakı və Yaxın Şərqdəki hərbi bazalarla quru əlaqəsi saxlamaq baxımından, Rusiya üçün çox əlverişlidir. Ona görə də Ermənistanın mövqeyini dəyişməsi Kremlin təzyiqləri ilə qarşılaşa bilər.

Ancaq Mehridən Naxçıvana dəhliz açıqlaması məsələsi hələlik Ermənistan cəmiyyətində mübahisə predmeti olaraq qalır. İlk növbədə, müxalifətdə olan revanşitlər hökuməti Sünik adlandırdıqları Zəngəzuru Azərbaycana satmaqda ittiham edir. Paşinyanın bu məsələdə mövqeyindən geri çəkilməsinə gəlincə, bu ictimai təzyiqdən daha çox qarşıdan gələn seçkilərlə izah oluna bilər.

Halbuki Paşinyan hələ mart ayında bölgələrdən birinə səfəri zamanı sözügedən dəhlizin açılmasını faydalı və vacib adlandırmışdı: “Kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycan üçün faydalıdır, çünki onun Naxçıvanla əlaqəsi olmalıdır, Ermənistan üçün də faydalıdır, çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyacımız var. Bu, iqtisadiyyatımızın əhəmiyyətli dərəcədə dəyişə biləcəyi deməkdir”.

İndi isə Paşinyanın guya üçtərəfli bəyanatda dəhlizin nəzərdə tutlmaması barədə iddia ilə çıxış etməsi görünür, yaxınlaşmaqda olan seçkilər öncəsi daxili ictimai rəyə hesablanıb.

Lakin səbəbdən asılı olmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Ermənistandan Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyini yetirməyi tələb edib. Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu dəfələrlə vurğulayan dövlət başçısı regionda inkişafın təmin olunması üçün Mehridən keçməklə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yolun açılmasının vacib olduğunu deyib.

Azərbaycan Prezidenti aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışını həm də Ermənistana xəbərdarlıq mesajı kimi qiymətləndirmək olar. Dövlətimizin başçısı qeyd edib ki, azərbaycanlılar öz qədim torpaqları olan İrəvana, Göyçəyə, Zəngəzura dönmək istəyir. Lakin bu Azərbaycanın Ermənistana ərazi iddiaları kimi anlaşılmamalıdır: “Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

Prezident İlham Əliyev aprelin 14-də Azərbayacana səfər Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə də Zəngəzur dəhlizinin bölgənin iqtisadi inkişafına xidmət edəcəyini xüsusi vurğulayıb.

“İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr - Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik” - Cənab İlham Əliyev belə deyib.

Məsələni Cebhe.info-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, söhbət qarşılıqlı şəkildə kommunikasiyaların açılmasından gedir:

“Əgər Ermənistan Zəngəzur dəhlizindən imtina edərsə, Azərbaycan adekvat sərt addımlar atmalıdır. Azərbaycana lazımdır ki, Naxçıvan və Türkiyə ilə üçüncü yol açılsın. Digər ölkələr öz maraqlarını ifadə edə bilər. Amma Paşinyanın açıqlamasında qorxu müşahidə olunur. Yəni Azərbaycan tərəfi Zəngəzur dəhlizində özünə müəyyən şəraitin yaradılmasını təklif edir. Bu mənada Azərbaycan haqlıdır. Çünki 10 noyabr Bəyanatında göstərilir ki, Naxçıvana gedən dəhlizə Rusiya Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Mübahisəli məqam bu hissə ilə bağlıdır. Kommunikasiyalar açılırsa, ora xüsusi nəzarət olmalıdır. Eyni vəziyyət müvəqqəti olaraq, Laçın dəhlizində də baş verir. Amma ermənilər Zəngəzurda müvəqqəti nəzarəti qəbul etmək istəmirsə, Azərbaycan da Laçın dəhlizini ləğv edəcək. Əgər Ermənistan Zəngəzur dəhlizinə icazə verməsə, Azərbaycanın da Laçın dəhlizini bağlaması üçün əsas yaranacaq. Ermənilərin məqsədi budur ki, Laçından xüsusi şəraitə cavab verən dəhliz əldə etsinlər. Lakin Zəngəzur dəhlizi eyni şəkildə olmasın. Onlar yolları açmağa hazırdır. Sonra isə deyəcəklər ki, Mehri olmasın, məsələn, Qazaxdan keçən dəmir yolu xəttindən istifadə edə bilərsiniz. Lakin 10 noyabr Bəyanatında iki dəhliz öz əksini tapıb. Laçın dəhlizi məsələsi artıq həll olunub. İndi isə Ermənistanın Mehri dəhlizindən yayınmaq cəhdləri müqabilində Azərbaycan cavab addımları atmalı olacaq”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10363