hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tofiq Zülfüqarov: "Sənədin qəbulundan 5 gün sonra işğalçı qüvvələrin çıxarılması başlayır"- ŞƏRH

Tofiq Zülfüqarov: "Sənədin qəbulundan 5 gün sonra işğalçı qüvvələrin çıxarılması başlayır"- ŞƏRH

Ermənistanın Azərbaycana qarşı son təxribatına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlar davam edir. İllərdir münaqişənin sülh yolu ilə həllinə getmək istəməyən Ermənistan hələ də ərazi iddialarını irəli sürür. Azərbaycan isə Ermənistanın təxribatlarına və hücumlarına əks-həmlə ilə cavab verir.

Sabiq Xarici İşlər naziri, diplomat Tofiq Zülfüqarov Cebhe.info-ya Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını və hazırda davam edən genişmiqyaslı hərbi əməliyyatların gedişatını şərh edib.

O qeyd edib ki, əslində genişmiqyaslı hərbi əməliyyatların başlanması Azərbaycan ictimiyyəti üçün gözlənilən idi:

“Səbəbləri deməyə artıq ehtiyac yoxdur. Amma indiki mərhələdə münaqişənin iki hərbi və siyasi yolu var. Hərbi aspektdə Azərbaycan hazırda ona üstünlük verir ki, işğalçı ölkənin həm canlı qüvvəsini, həm də texnikasını mövqelərdə darmadağın etsin. Azərbaycanın artilleriyada, raket sistemlərində, hərbi hava qüvvələrində üstünlüyü var və bu mövqelərdə onları məhv etmək Azərbaycan üçün daha sərfəlidir. Çünki Azərbaycan tərəfi bu üstünlüklərlə az itkilərə məruz qalır. O ki qaldı siyasi məsələyə, bəllidir ki, beynəlxalq ictimaiyyətin nümayəndələri, müxtəlif təşkilatlar, dövlət başçıları atəşkəsin bərpa olunması və tərəflərin danışıqlar masasında oturması çağırışlarını səsləndirirlər.

Bu, hansı məqamda baş verə bilər və Azərbaycan bunu nə vaxt qəbul edə bilər? Təbii ki, Azərbaycan öz üstünlüyünü istifadə edərkən hələ bir müddət hərbi əməliyyatları davam etdirəcək. Bir neçə gün əvvəl ölkə başçısı çıxışında bildirmişdi ki, biz danşıqları yalnız müzakirə olunan təqvim sənədi şəklində görürük. Təqvim ondan ibarət olmalıdır ki, Azərbaycanın işğal olunmuş əraziləri nə şəklində və hansı ardıcıllıqla azad olunacaq. Təəssüflər olsun ki, bu fikir səslənəndən sonra buna aid heç bir təhlil görmədim".

Sabiq nazir bildirib ki, 1992-ci ildə Minsk prosesi məhz bu cür sənədlə başlayıb:

"Şuşa və Laçının işğalından sonra vasitəçilər təqvim şəklində tərtib olunmuş bir sənədi təqdim ediblər. Bu, elə bir sənəddir ki, məsələn hansısa X günü bu sənədi imzalamaq və qəbul etmək günü seçilir. Sonra X+5, yəni sənədin qəbul olunmasından 5 gün sonra konkret göstərilən bölgədə işğalçı qüvvələrin çıxarılması başlayır və X15 bitir.

Əslində bu, çox sadə və hərbi-texniki bir sənəddir. Cənab Prezident qeyd etdi ki, məhz sənədin üzərində Azərbaycan danışıqlara qayıda bilər. İndi Azərbaycana danışıqları və atəşkəsi bərpa etmək, bu cür sənəd tərtib etmək təklif edirlərsə, erməni tərəf atəşkəsin bəpasını istəyirsə, o halda torpaqların azad olunmasına dair öhdəlik götürsün. Sadəcə olaraq, texniki məsələləri razılaşdırmaq üçün qısamüddətli danışıqlar olsun və işğal olunmuş ərazilərdən işğalçı qüvvələr çıxarılsın. Əgər bu çağırışlar konkret hansısa məsələlərin çərçivəsində olsa, təbii ki, Azərbaycan tərəfi buna baxmalıdır. Təxminən siyasi müstəvidə belə bir vəziyyətdir”.

Diplomat ermənilərin gələcək addımlarından danışıb. Deyib ki, artıq birinci addımla Ermənistan açıq bəyan edib ki, Dağlıq Qarabağ qondarma rejimi rəsmi tanıyacaq:

“Əslində bu addım onlara ziyanlıdır. Çünki birbaşa Ermənistan bu işğalda iştirakını qanuni şəkildə təsdiq edir. Hesab edirəm ki, onlar bu mərhələdə bu addımı atacaqlar. Artıq Ermənistanda Paşinyana və müharibəyə qarşı tənqidi dalğa güclənib. Bunun qarşısını almaq üçün populist və bəlkə də özlərinə ziyan gətirən addımlar ata bilərlər.

Bilirsiniz ki, Paşinyan hazırda paytaxtlara zəng edib kömək istəyir. Təbii ki, cavablar məntiqli olmalı idi. Paşinyana deyilməli idi ki, axı bu, Ermənistanın torpaqları deyil və hazırki əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində aparılır. Hesab edirəm ki, Tovuzda baş vermiş təxribat təkrar olunacaq. Hətta təxribatın baş verməsi Naxçıvan istiqamətində də ehtimal olunur. Düşünürəm ki, Ermənistan hərbi əməliyyatların əhatə dairəsini genişləndirəcək”.

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 4214

Bizim Telegram səhifəmizi izləyin