hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Tolerantlığın Azərbaycan nümunəsi: Qonşular bizə qarşı niyə aqressivdir?

Tolerantlığın Azərbaycan nümunəsi: Qonşular bizə qarşı niyə aqressivdir?

Son zamanlar qonşu ölkələrdə yaşayan azərbaycanlılara qarşı milli zəmində təzyiqlər artıb. 

Bu günlərdə Gürcüstanın paytaxtı Tiflisdə gürcülərlə azərbaycanlılar arasında kütləvi dava-dalaş baş verib. Bəzi məlumatlara görə, azərbaycanlılara təzyiqlər “Keşikçidağ” monastr kompleksi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyinə görədir. Qeyri-rəsmi məlumatlara görə, 35 milyondan çox azərbaycanlının yaşadığı İran İslam Respublikasında da soydaşlarımıza təzyiqlər var. 1979-cu ildə qəbul olunmuş ölkə Konstitusiyasının iki maddəsinə (15 və 19-cu maddələr) qeyri-fars millətlərinin ana dilində təhsil almaq hüququ var. 40 ildir bu hüquq heç bir qeyri-fars millətinə verilmir. 

Ötən əsrin 90-cı illərindən etibarən azərbaycanlılar ana dilində təhsil hüquq uğrunda mübarizəyə başlayıblar. Bu günə qədər İran hakimiyyətinə qarşı yüzlərlə etiraz aksiyası keçirilib. Yüzlərlə milli fəal həbsə atılıb, xarici ölkələrə mühacirətə getməyə vadar olub. Milli hərəkat fəallarının bir qismi müəmmalı şəkildə dünyasını dəyişib. Lakin İran hakimiyyəti bu məsələdə güzəşt etməyib. Bu günlərdə Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində türk dilində tədrisə icazə verilməsi ilə bağlı xəbərlər yayıldı. Lakin sonradan məlum oldu ki, bu pilot layihədir və hələ icraya yönəldilməyib. İranda Azərbaycan dilində dərsliklər olmadığından layihə ən yaxşı halda gələn tədris ilində reallaşa bilər.  Layihənin kiçik bir ərazini əhatə edəcəyi də narahatlıq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi İranda 35 milyondan çox azərbaycanlı yaşayır. Onlar ölkənin bütün bölgələrinə səpələnib. Mərkəzi Təbriz olan Şərqi Azərbaycan ostanın Azərbaycan torpaqlarının bir hissəsini təşkil edir.  

Bəs bu layihə Qərbi Azərbaycan, Ərdəbil, Zəncan ostanlarında niyə tətbiq edilməməlidir? İsfahanda, Həmədanda, 5 milyon azərbaycanlı yaşayan paytaxt Tehranda türk dili nədən tədris olunmamalıdır?

İranın hakim elitası islamçı adlansa da əslində şovinist Pəhləvilərin siyasətini davam etdirir. Molla hakimiyyəti hər vəchlə Azərbaycan türklərinin milli kimliyini “iranlı” adı ilə əritmək, unutdurmaq, Azərbaycan tarixni təhrif etmək, türk dilini sıradan çıxarmaq istəyir.

İran və Rusiya şovinistləri və onların Bakıdakı emissarları və Sovet dövrünün həsrətini çəkənlərlə ilə bu mövzuda  mübahisə zamanı qonşularla  Azərbaycan Respublikası arasında paralellər aparırlar. “Bəs sizdə etnik azlıqlara münasibət necədir, onların an dilində təhsil hüququ varmı” deyə soruşurlar. Azərbaycan Respublikasında bütün millətlər və dinlər bərabərhüquqludur. Azərbaycanda, hətta Sasani dövründən qalma yer adları (Balaxanı, Suraxanı, Novxanı) dəyişdirilməyib. Ərəb işğalı dövrünü yaşadan toponimlər var. İnsanlar övladlarına hansı adı, soyad sonluğunu istəsə götürə bilər. Rəsmi dil Azərbaycan dili olsa da, başqa dillərin inkişafına şərait yaradılır. Bütün etnik qruplar orta məktəblərdə öz dillərində təhsil alırlar. Şagirdlərə bu xaqların  dili, ədəbiyyatı, folkloru öyrədilir. Azərbaycanda bütün millətlər, dini konfessiyaların hüquqları qorunur. Ölkədə 150 min rus yaşayır. Ancaq Bakıda və digər şəhərlərdə orta və ali məktəblərdə ayrıca rus bölmələri fəaliyyət göstərir. Rusların kompakt yaşadığı yerlərdə kəndlərin adları (Rus Borisi, İvanovka, Novosaratovka, Novoivanovka, Qorelsk) olduğu kimi qorunub saxlanır. Azərbaycanda yaşayan 9 mindən çox yəhudi öz dini inanclarını, milli adət-ənənələrini qoruyur. Onlara qarşı heç bir diskriminasiya faktı qeydə alınmayıb. Azərbaycanda etnik azlıq sayılan ruslar, yəhudilər, talışlar, ləzgilər, tatlar, saxurlar, kürdlər, udinlər dövlətin qurulmasına, idarə olunmasında rəsmi azərbaycanlı adlanan türklərlə birgə iştirak edirlər. Bu gün dövlət idarəçiliyində, qanunvericilik, məhkəmə, hüquq mühafizə orqanlarında yüzlərlə qeyri-türk çalışır. Ölkənin adı da ərazi adını özündə ehtiva edir. Məsələn, bizdə qardaş Türkiyədə, Gürcüstanda, Rusiyada və Ermənistandakı kimi dövlətin adı etnik məna kəsb etmir. Dövlətin rəsmi dilinin adı ərazi adını daşıyır. Halbuki İranda “İran dili” anlayışı yoxdur. Rəsmi dil fars dilidir.

Qədim türk torpaqlarında yaranmış Ermənistan respublikasında bu gün 1 nəfər də azərbaycanlı yaşamır. 1988-ci ildə sonuncu 180 min azərbaycanlı dədə-baba torpaqlarından zorla çıxarıldı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın birbaşa dəstəyi ilə başlanmış separatçı hərəkat milli münaqişəyə çevrildi. Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdi. Son 30 ildə Ermənistan ərazisində türk yer, çay, dağ adları çoxdan erməniləşdirilib. Ermənilər Ermənistanda və Qarabağda türk-müsəlman tarixi mədəniyyət abidələrini ya dağıdıb məhv edib, ya da öz adlarına çıxıblar. 

Azərbaycan türk sülalələrinin 1000 il idarə etdiyi İranda da vəziyyət buna oxşardır. 1925-ci ildə bu ölkədə türklərin hakimiyyətinə son qoyulub. Hakimiyyətə supergüclərin dəstəyi ilə fars Pəhləvilər gəlib. O zamandan İranda türklər “ikinci sort” millət münasibəti ilə üz-üzədir. Türk adlarına yasaq qoyulub, türk soyad sonluqları ya farslaşdırılıb, ya da  ərəbləşdirilib. Hazırda Səidlu, Əraqçı kimi türk soyad sonluqlarına nadir hallarda rast gəlinir. Azərbaycanda isə fars mənşəli “zadə” soyad sonluğuna rəsmən icazə verilib. Bundan başqa insanlar “ov”, “yev” rus soyad sonluqlarından sərbəst istifadə edə bilərlər. Yeri gəlmişkən, Rusiyada bütün qeyri-rusların, o cümlədən türk-müsəlmanların ata adı “oviç”, “ovna” yazılır.

Azərbaycanda isə insanlar uşaqlarına Avropa, rus, fars, ərəb mənşəli adlar qoymaqda sərbəstdirlər. İran İslam Respublikasından bugünkü İranın coğrafiyasını müəyyən etmiş, əsrlərlə düşməndən qorumuş türklərə ögey münasibət hələ də davam edir. Zaman-zaman türk adları farslaşdırılıb. Sulduz-Nəqəde, Xiyav-Meşkin, Tikantəpə-Təkab, Daş Maki-Maku, Zəngan-Zəncan, Dilmaqan-Səlmas olub. Bu cür nümunələr yüzlərlədir. Ən pisi də budur ki, bu münasibət hələ də davam edir. 

Gürcüstanda da azərbaycanlılara münasibət yaxşı olmayıb. Şovinist Zviad Qamsaxurdiya dönəmində türk yer adlarına qarşı əsl “soyqırımı” həyata keçirildi. Onlarla türk kəndinin adı dəyişdirildi. Borçalı-Kvemo-Kartli, Başkeçid-Dmanisi- Sarvan-Marneuli Ortacala, Çörük Qəmərli-Bolnisi edildi. Əkinə yararlı münbit torpaqlar türklərin əlindən alındı. Gürcülər azərbaycanlıları “tatribi” deyə təhqir edirdilər.  Gürcüstan Respublikasında yaşayan 350 mindən çox azərbaycanlının durumu bu gün də ürəkaçan deyil. Gürcüləşdirilmiş türk mənşəli yer adlarının bərpası Qamsaxurdiyadan sonra hakimiyyətə gələn “demokrat” prezidentlərin də “yadına düşmədi”. Milli təşkilatlar  Qamsaxurdiya dövründə adları  gürcüləşdirilmiş 26 kəndin tarixi adının bərpasını tələb etsələr də, rəsmi Tiflisdən razılıq yoxdur. 

Azərbaycanda isə şah Abbasın dövrünə islamı qəbul etmiş gürcülərə (inqiloylar) münasibət çox yaxşıdır. Hal-hazırda Azərbaycanda gürcü dilində 5 orta məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə ümumilikdə 51 sinifdə 2641 nəfər şagird təhsil alır. Zaqatala və Qax rayonlarında yaşayan inqiloylar öz dillərində təhsil alır, dillərini, milli adət-ənənələrini yaşadırlar. Bütün bunlar göstərir ki, “tolerantlığın, multikulturalizmin Azərbaycan nümunəsi” anlayışı boşuna yaranmayıb, azərbaycanlılar bölgənin birgəyaşayış prinsiplərinə əməl edən ən tolerant xalqıdır. 

Elman Cəfərli
Cebhe.info


Oxunma sayı: 1695